Arxiv

Oxunub:137 / 29 apr 15:48sosial

Komitə sədri BMT-nin nümayəndəsi ilə görüş keçirtdi-FOTO



 Komitə sədri BMT-nin nümayəndəsi ilə görüş keçirtdi-FOTO

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Azərbaycan üzrə yeni təyin olunan rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.
Görüşdə "Dövlət statistika sistemində islahatlara dəstək” layihəsi və BMT ilə Dövlət Statistika Komitəsi arasında mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qurumun mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Qulam İsakzaini BMT-nin Azərbaycan üzrə rezident əlaqələndirici kimi fəaliyyətə başlaması münasibəti ilə təbrik edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ölkəmizdəki gələcək fəaliyyətində uğurlar arzulayıb. Ölkəmizin BMT ilə əlaqələrinin yüksək səviyyədə olduğunu bildirən Komitə sədri 8-11 mart tarixlərində Nyu-York şəhərində qurumun Statistika Komissiyasının 47-ci sessiyasında iştirak etdiyini, səmərəli görüşlər keçirdiyini xatırladıb. Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar barədə məlumat verib. Milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək layihələrdən bəhs edib.
Qeyd olunub ki, Dövlət Statistika Komitəsi BMT-nin bir çox struktur bölmələri, o cümlədən UNDP (BMT-nin İnkişaf Proqramı), UNFPA (BMT-nin Əhali Fondu),Beynəlxalq Əmək Təşkilatı, YUNESKO, Dünya Bankı və digər təşkilatlarla əməkdaşlıq edir. Hazırda BMT ilə Azərbaycan Hökuməti arasında əməkdaşlıq 2016-2020-ci illəri əhatə edən tərəfdaşlıq çərçivəsi (UNAPF) sənədi əsasında həyata keçirildiyi vurğulanıb. UNAPF BMT-nin Davamlı İnkişaf Məqsədləri və "Azərbaycan-2020: Gələcəyə Baxış" inkişaf konsepsiyası sənədində göstərilən milli prioritet və hədəflər əsasında tərtib edilib. Statistika Komitəsi və UNFPA arasında əhali statistikasının təkmilləşdirilməsi, gender sahəsində tədqiqatların aparılması, demoqrafiya sahəsində kadr potensialının inkişafı istiqamətləri üzrə fəaliyyətlərin həyata keçirilməsi də nəzərdə tutulub. Milli statistika sisteminin səmərəliliyini və potensialını yaxşılaşdıracaq metaməlumat sisteminin yaradılmasına kömək göstərmək məqsədilə Dünya Bankının maliyyə dəstəyi ilə Dövlət Statistika Komitəsində 2015-ci ildə "Metaməlumatlar Sisteminin Yaradılması Layihəsi” həyata keçirilib. Hazırda Dünya Bankı ilə Dövlət Statistika Komitəsi arasında növbəti layihələrin həyata keçirilməsi, UNİCEF, BƏT, FAO və digər təşkilatlarla əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılır. BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Qulam İsakzai səmimi görüşə görə məmnunluğunu bildirib. Azərbaycanın BMT-nin fəal üzvlərindən olduğunu deyən cənab İsakzai Dövlət Statistika Komitəsi ilə əməkdaşlığın perspektivləri ətrafında məsələlərə toxunub və bu əməkdaşlığın uğurlu olacağına əminliyini bildirib. Bu gün dünyada istər qlobal, istərsə də milli səviyyədə BMT-nin 2030-cu ilə qədər müəyyən edilmiş davamlı inkişaf məqsədlərinə nail olunması olduqca aktualdır. Bu baxımdan dayanıqlı inkişafın qiymətləndirilməsi üçün müvafiq statistik göstəricilərin milli səviyyədə tətbiq edilməsi hər bir ölkə üçün vacibdir. Qulam İsakzai BMT-nin Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi işinə dəstək verə biləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.