Bia.Az

Nərimanov Tibb Mərkəzində ailə biznesi – TƏBİB rəhbərliyi qanunsuzluqlara niyə göz yumur?

Cəmiyyət
 23-06-2023, 00:08     782

İki il əvvəl Bakıda 11 tibb mərkəzi yaradılanda çoxları bunu islahat kimi təqdim edir, səhiyyə xidmətinin keyfiyyətinin yüksələcəyini düşünürdü. Lakin bu tibb mərkəzlərindən daxil olan məlumatlar təəssüf ki, bunun əksini göstərir.

Bu yazıda onlardan birindən – Nərimanov Tibb Mərkəzindən bəhs edəcəyik.

Qeyd edək ki, Mərkəz 2021-ci ilin iyununda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 5 nömrəli Şəhər Klinik Xəstəxanası, 7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 8 nömrəli Şəhər Poliklinikası, 18 nömrəli Şəhər Poliklinikası və 6 nömrəli Uşaq Poliklinikası birləşdirilərək yaradılıb. Yaradıldığı vaxtdan bura direktor vəzifəsinə Fazil Alməmmədov təyin edilib. Onu da qeyd edək ki, cənab Alməmmədov bu təyinata qədər 5 saylı şəhər xəstəxanasının direktoru idi.

Son məlumatlara görə, yeni yaradılan Şuşa Modul Tipli Xəstəxana da məhz Nərimanov Tibb Mərkəzinə tapşırılıb. Daha dəqiqi, Fazil Alməmmədovun kuratorluğuna verilib.

Jamaz.info xəbər verir ki, Bakupost.az -ın əldə etdiyi məlumata görə, direktor Nərimanov Tibb Mərkəzini tam bir Alməmmədovlar qalasına çevirib. Belə ki, onun yaxın və uzaq ailə üzvləri burada müxtəlif işlərlə təmin edilib.Beləliklə, Fazil Alməmmədovun Nərimanov Tibb Mərkəzində çalışan ailə üzvləri və qohumlarının sihahısını təqdim edirik:

1.Alməmmədova Elvira Firuz qızı – Kadrlar şöbəsində işçi – Direktorun qardaşı qızıdır
2.Alməmmədova Elviranın əri Ramal Nərimanov Tibb Mərkəzinin anbarında çalışır. Maraqlısı budur ki, Ramal pandemiya dövründə yol verdiyi yeyinti məsələsinə görə işdən azad edilib, məhkəmə işi olub.
3.Alməmmədova Rufanə Laçın qızı – laboratoriyada çalışır, əvvəllər manikür ustası kimi çalışıb. Direktorun bacısı qızıdır.
4.Alməmmədova Təranə Çoban qızı – yanıq şöbəsində tibb bacısıdır.
5.Alməmmədov Laçın – Şuşa Modul xəstəxanasında sürücü – Direktorun bacısının həyat yoldaşıdır.
6.Alməmmədova Uluzanə Davud qızı -Yanıq şöbəsində qeydiyyatçı – Direktorun əmisi nəvəsidir.
7.Alməmmədov Nurlan Fərrux oğlu – Şuşa modul xəstəxanada stamatoloq – Direktorun qardaşı oğludur.Qeyd edək ki, siyahı bununla bitmir. Hətta tibb bacısı üzrə təhsili və diplomu olmayan qohumlar da belə ciddi qurumda işə “düzəlib”.

Ən qəribəsi isə odur ki, Tibb İşçiləri Günündə Səhiyyə nazirinin təltif etdiyi bir qrup tibb işçisi arasında cəmi 1 ildir təcili tibbi yardımda çalışan Laçın Alməmmədov də var. Onun cəmi 1 il fəaliyyət göstərdikdən sonra nazir səviyyəsində mükafatlandırılması Nərimanov Tibb Mərkəzinin personalının ciddi narazılığına səbəb olub. Çünki müharibə dövründə və ondan sonra Şuşaya ezam olunan, on illərlə həkim, tibb bacısı, sürücü kimi çalışanlar var ki, onların adları mükafatladırılanların siyahısına salınmayıb.

Beləliklə, Nərimanov Tibb Mərkəzinə rəhbər təyin olunduqdan sonra Fazil Alməmmədovun səlahiyyətləri daha da artıb və o, bundan sui-istifadə edərək, özünə oliqarxsayağı, dəbdəbəli həyat şəraiti yaradıb.

Belə ki, son 1 ildə Fazil Alməmmədov avtomobilini dəyişib, son model, 180 minlik yeni xarici maşın alıb. Maşının seriyası nömrəsini isə adına uyğun (FZ) götürüb. Avtomobilin yalnız “zerkalnı” nömrəsinin (10FZ100) qiyməti 10 min manatdan bahadır.

Bundan başqa, Fazil Alməmmədovun bu yaxında anasının adına 380 minlik mənzil aldığı da deyilir. Belə ki, 15 mart 2023-cü ildə anasının adına aldığı, Tibb Universiteti yaxınlığında, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən mənzildə hazırda özü yaşayır.

Nərimanov Tibb Mərkəzinin direktorunun Xətai rayonunda anasının adına avtoyuma və avtoservis məntəsəi açdığı da bildirilir. Direktorun digər obyekti isə öz adına açdığı meyvə anbarıdır.

Qeyd olunan faktlarla bağlı Nərimanov Tibb Mərkəzinin direktoru ilə əlaqə saxlayıb, mövqeyini öyrənmək istədik. Tibb Mərkəzindən suallarımızı cavablandırmaq üçün bizimlə əlaqə saxlayacaqlarını desələr də, sonradan heç kim əlaqə saxlamadı. Məsələ ilə bağlı Nərimanov Tibb Mərkəzinin mövqeyini işıqlandırmağa hazırıq.
скачать dle 12.1