Bia.Az

Vaşinqton görüşündən nə gözləyək - intensivləşən danışıqlar, ümid dolu açıqlamalar və ...

Siyasət
 8-06-2023, 13:16     662

Növbəti görüş ərəfəsində təxribatlar intensivləşir; hay dəstəsi himayədarlarının arxasında gizlənib, vəziyyəti gərginləşdirməyə çalışır...

2023-cü ildə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalana biləcəyinə dair bəyanatlar hələlik real bir müstəviyə keçməyib. İl yarı olur, ancaq Ermənistanın ənənəvi pozuculuq, qeyri-konstruktiv mövqeyi səbəbindən aparılan danışıqlar, keçirilən görüşlər heç bir nəticə verməyib.

Düzdür, hər görüşdən sonra “bir addım irəliyə gedildi” kimi açıqlamalara rast gəlirik, habelə dünyanın müxtəlif ölkələrindən, mərkəzlərindən intensivləşən görüşləri təqdir edən bəyanatlar verilir. Nəzərə çatdıraq ki, Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqların növbəti raundunun tarixi açıqlanıb. Ermənistan XİN açıqlama yayıb ki, növbəti görüş iyunun 12-də Vaşinqtonda baş tutacaq. Bundan bir həftə öncə - 6 iyunda Dövlət Departamentinin rəsmisi bəyan edib ki, ABŞ Azərbaycanla Ermənistan arasında danışıqlardan məmnundur. “Tərəflər Cənubi Qafqaz regionu üçün dinc gələcək naminə işləməyə davam edərkən biz bu ay Vaşinqtonda danışıqların növbəti mərhələsinə ev sahibliyi etməyi səbirsizliklə gözləyirik”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin köməkçisi Vedant Patel brifinqdə deyib: “Əvvəllər də qeyd etdiyim kimi, birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli sülhə nail olmaq üçün açardır. ABŞ liderlərin son görüşü də daxil olmaqla, Azərbaycanla Ermənistan arasında danışıqların müxtəlif platformalarda getməsindən məmnundur”.
Beləcə, çağırışlar, rəsmi İrəvanın sülh müqaviləsi anonsu. Amma unutmamışıq ki, Ermənistandan belə bəyanatlar çox eşidilib. Elə ötən ilin sentyabr döyüşündən əvvəl və sonra da Nikol Paşinyan tez-tez deyirdi ki, ilin sonunadək sülh sazişi imzalana bilər. Amma nəinki saziş imzalandı, hətta Ermənistan Brüssel formatını tormozladı, müxtəlif bəhanələrlə prosesin irəli getməsini əngəllədi. Son vaxtlar yenə də Ermənistan “konstruktiv” libasda görünməyə cəhd edir, amma mütəmadi baş verən təxribatları da görməzdən gəlmək olmaz. Sadəcə, mövcud durumda Ermənistanın getməyə, üz tutmağa yeri yoxdur, arsenalındakı bütün bəhanələri xərcləyib. Üstəlik, Azərbaycan qəti şəkildə cavab gözləyir, Prezident İlham Əliyevin Laçın xəbərdarlıqları isə düşmənin və havadarlarının yuxusunu qaçırıb.  
Bu arada Avropa İttifaqı da fəallaşıb. İyunun 6-da Ermənistanın baş naziri İrəvanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Görüşdə baş nazir Nikol Paşinyan və Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini, Brüssel və Kişinyov görüşlərinin nəticələrini müzakirə ediblər. Bir neçə gün öncə isə İşçi Qrup səviyyəsində Rusiyada danışıqlar olmuşdu, daha əvvəl ölkə liderləri Brüssel, Moskva və Kişinyovda bir araya gəliblər.
Rusiya Müdafiə Nazirliyinin həftəlik bülletenlərində Laçın şəhərinin Rusiya hərbi kontingentinin təsir zonasında olan ərazi kimi göstərilməsi də sülh prosesinə növbəti əngəldir.  2022-ci il avqustun 26-dan etibarən Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmış Laçın şəhərini özünün məsuliyyət və nəzarət zonasına daxil etməklə Rusiya heç şübhəsiz təxribatçı addım atmış olur. Özü də Laçın sakinlərinin öz evlərinə qayıdışına start verilməsindən sonra baş verir bu təxribatçı hərəkətlər. Belə görünür Rusiya Qərbin moderatorluğu ilə hər hansı pozitiv addımların atılmasına hər vəchlə mane olmaqda israrlıdır.  Qarabağdakı hay dəstəsi də himayədarlarının arxasında gizlənib, vəziyyəti gərginləşdirməyə çalışır. Onlar anlayırlar ki, sülh anlaşması Qarabağdakı separatçıların kökünün kəsilməsini tezləşdirəcək.
Son bir ay ərzində cərəyan edən proseslərin fonunda gözləmək olarmı ki, 12 iyunda Vaşinqtonda hansısa bir nəticə əldə olunsun, yaxud bu istiqamətdə real addım atılsın?
Prezidentin yasil enerji istehsaliyla bagli verdiyi proqnoz ozunu  dogruldacaq" - Sahib Alıyev
Sahib Alıyev: “Qarabağdakı separatçı ünsürlərə yanaşmada Ermənistan ikili oyundan əl çəkərsə...”
Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Vaşinqton görüşü iyulun 21-də Brüsseldə keçirilməsi planlaşdırılan yüksək səviyyəli danışıqlara sözün hər anlamında hazırlıq məqsədi daşıyır: “Sözün hər anlamında ona görə deyirəm ki, biz Azərbaycan-Ermənistan şərti sərhədində də, Qarabağda da yenidən hay təxribatlarının intensivləşdiyini görürük. Fikrimcə, danışıqların təşkilində ilk növbədə məqsəd budur ki, təxribatların qarşılığında yenidən qətiyyətli cavab əməliyyatı keçirilə bilər. Vaşinqton Brüssel görüşünə qədər bunun baş verməməsinə çalışır. Və yəqin həm də ona çalışır ki, doğrudan da normallaşma prosesinə start verilsin, Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin ən azından sülh anlaşmasına yaxınlaşıldığı haqda birgə açıqlamaları olsun”. Alınacaqmı? S.Alıyev: “Qarabağdakı separatçı ünsürlərə yanaşmada Ermənistan ikili oyundan əl çəkərsə, yəqin ki, hə. İkili oyun deyəndə nəyi nəzərdə tuturam? Ən azından ekspertlərə sirr deyil ki, Paşinyan üzdə təəssüblərini çəkdiyini göstərsə də, əslində Qarabağdakı haydillilərin yükündən canını qurtarmaq, onların gələcəyi məsələsinin Azərbaycanla Ermənistan deyil, Azərbaycanla Rusiya arasında qarşıdurma və danışıqlar predmetinə çevrilməsini istəyirdi. İndi regionda elə bir vəziyyət yaranıb ki, Qarabağdakı haydillilərin maliyyə və digər təminatları Ermənistanın üzərində olsa da, rəsmi İrəvanın oradakı separatçı ünsürlər üzərində təsiri az qala sıfıra enib”. Deputat digər mühüm bir məqamı da vurğuladı: “Ermənistan ən azından Qərb platformasında gedən danışıqlarda açıq şəkildə bildirməlidir ki, Xankəndidəki separatçı rejim oradakı haydilliləri təmsil etmir, agentura funksiyası yerinə yetirir, Ermənistanın göstərdiyi maliyyə yardımı və digər təminatlar isə Paşinyanla komandasının hakimiyyətdə, elə həm də həyatda qalmaları üçün ödənilən rüşvətdir. Yəni sülhə doğru əsl irəliləyişin baş verməsi üçün Ermənistan rəhbərliyi Qarabağdakı hay dillilərin guya "soyqırımı" təhlükəsi ilə üz-üzə olduqları haqda əsassız səs-küy qaldırmaqdansa, reallığı, onların Azərbaycana reinteqrasiyasına kimlərin maneçilik törətdiyini və bunun nə məqsədlə edildiyini açıq şəkildə bildirməli, soydaşlarına kredit, yaxud da yardım adı altında göndərilən rüşvəti dayandırmalıdır".
Politoloq Qafar Çaxmaqlı bildirdi ki, iyunun əvvəlində Moskvada keçirilən Rusiya, Ermənistan və Azərbaycan rəhbərlərinin üçtərəfli 20 dəqiqəlik görüşündə əsasən kommunikasiya xətləri ilə bağlı məsələnin müzakirə edildiyi aşkardır, çünki bu məsələ sülh prosesinin tərkib hissəsidir: “Azərbaycanın Qərb rayonlarından Naxçıvana açılacaq dəhliz problemi həll edilmədən iki ölkə arasında razılığa gəlinməsi mümkün deyil, olsa da, bu, qalıcı sülh ola bilməz. İndi baş nazir müavinləri səviyyəsində bu məsələ müzakirə edilməkdədir. Erməni tərəfi deyir ki, dəhlizin, ya da yolun açılmasında problem görmür, amma o yola nəzarəti Ermənistan etməlidir. 10 noyabr 2020-ci il bəyannaməsinə görə isə yola nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidməti aparmalıdır. Ermənistan bu mövqeyini beynəlmiləlləşdirə və bu məsələdə özünə tərəfdarlar da toplaya bilib. Qərb də istəmir ki, strateji əhəmiyyətli bu kommunikasiya xəttinə Rusiya nəzarət etsin, İran da "oyundan" kənarda qalmamaq üçün özünün arqumentlərini ortaya atır. Bu mənada maraqlar toqquşduğundan sülh prosesi ləngiyir".
Bu, Rusiyanı imperialist maraqlardan çəkindirməyin bir yoludur” - Qafar  Çaxmaqlı
Qafar Çaxmaqlı: “Barış sənədi əslində Ermənistan dövlətinin gələcək mövcudluğu üçün onun özünün işinə yarayacaq”
Q.Çaxmaqlının sözlərinə görə, Vaşinqtonda olacaq XİN rəhbərlərinin görüşü də belə bir atmosferdə davam edəcək və danışıqlar dövlət başçıları səviyyəsində olmadığından hansısa sənədin qəbul edilməsi gözlənilmir: “Amma sülhə gedən təşəbbüsü ələ almaq baxımından Qərbin, ABŞ-ın rolunun artacağı ehtimalı var və gələcəkdə də Qərb formatının üstünlük təşkil edəcəyi ağır basır. Həm də bu, Rusiyanın Ukrayna savaşı üzündən zəifləməsi və hətta məğlub çıxacağı durumunda bölgədən gedəcəyi anlamına gəlir. Ermənistanda Rusiyanın gedişindən sonra onu əvəz edəcək gücün kim olacağı müzakirə edilməkdədir. Ərdoğanın prezident seçkilərində qələbəsindən sonra bu işi başqa birisinə buraxmayacağı fikrini söyləyənlər həm də Qərblə bu mənada əməkdaşlıq perspektivlərini gözdən keçirirlər”. Politoloq əmindir ki, Qərb Cənubi Qafqazda Türkiyənin rolunu və təsir imkanlarını nəzərə almağa məcbur olacaq: “Sülh prosesinin nəticə verməsi ehtimallarına bu aspektdən baxsaq, Ermənistan-Azərbaycan danışıqları həm də Türkiyə-Ermənistan təmaslarının intensivləşəcəyini göstərir. Kollektiv Qərbi maraqlandıran buradakı prosesləri Rusiyasız nizama salmaqdır. Brüssel, Kişinyov, 12 iyunda olacaq Vaşinqton formatı, həmçinin avropalı rəsmilərin bölgəyə intensiv səfərləri də bu işin davamıdır. Bu düşüncədə olanlar var ki, cari ilin sonuna qədər sülh müqaviləsinə imza atmaq mümkün olacaq. Amma Ermənistan müstəqil siyasət yürüdə bilmək qabiliyyətində olan ölkə deyil və kənar təsirlərə anında məruz qalan bir hakimiyyəti var. Prinsipcə, masada olacaq barış sənədi əslində Ermənistan dövlətinin gələcək mövcudluğu üçün onun özünün işinə yarayacaq”.
Maraqlı gözləntilər və əsaslandırılmış arqumentlərdir. Amma bunu da unutmuruq ki, Ermənistan nəinki sözünə, imzasına belə dəfələrlə xəyanət etmiş ölkədir və ondan hər an pozuculuq mövqeyi gözləmək olarскачать dle 12.1