Bia.Az

“İndiki vəziyyətdə yeganə yol Ağdamın geri alınmasıdır” - GƏLİŞMƏ

Bölgə
 24-04-2020, 15:18     428

“İndiki vəziyyətdə yeganə yol Ağdamın geri alınmasıdır” - GƏLİŞMƏErmənistan Azərbaycanın işğal altındakı Ağdam şəhərini özünün təhlükəsizlik zonası elan edib və bu ölkənin Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Azərbaycana heç bir güzəşt olmayacağını deyib. Ermənistan XİN rəhbəri bu açıqlamanı, 2019-cu ilin aprelində Moskvada Rusiya, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşündə Sergey Lavrovun 7 rayonun azad edilməsi ilə bağlı fikirlərinə cavab olaraq verdiyini bildirib və birtərəfli danışıqların mümkünsüz olduğunu qeyd edib.

Məsələni AYNA-ya şərh edən hərbi-siyasi icmalçı Ramil Məmmədlinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli adı altında aparılan bütün danışıqlar nə Azərbaycan, nə də Ermənistan cəmiyyətlərinin maraqlarına uyğundur: “Mən buna bir azərbayanlı olaraq yox, üçüncü tərəf kimi baxaraq söyləyirəm – sanki, kənardan vəziyyəti müşahidə edən biri kimi. Məsələ çox sadədir, danışıqlar yalnız və yalnız Rusiyanın dövlət maraqlarının xeyrinədir. Bu vəziyyət, yəni dəyişiklik olmadan yaranmış situasiya Rusiyanın istəyidir. Bu istəyi həyata keçirmək üçünsə Rusiya zaman-zaman ya Azərbaycana, ya da Ermənistana təzyiq edir. Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın son məlum açıqlamasında yer alan fikirlərin də ilham mənbəyi Rusiyadır”.

“Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu üzvləri də, Ermənistan da yaxşı bilir ki, Azərbaycanın Ağdamı işğaldan azad etməsi üçün bir neçə saat bəs edər. Əgər belədirsə, bu bəyanat nədir?! Əlbəttə ki, tərəflər arasında vəziyyəti gərginləşdirməyə və danışıqlar prosesini uzatmağa xidmət edir. Demək istəyirəm ki, Mnatsakanyanın “Ermənistan Ağdamı özünün təhlükəsizlik zonası elan edib” kimi fikirləri Azərbaycana təhdid ola bilməz. Sabah tərəflər güc nümayişinə çıxsa, Azərbaycan ordusu bir gündən sonra Əsgəranda dayanacaq. Bu, ən uzağı Paşinyan hökumətinin erməni cəmiyyəti qarşısında ucuz lovğalığıdır”, - ekspert bildirib.

Rusiyanın maraqlına gəldikdə, Məmmədli vəziyyəti belə analiz edir: “Rusiya üçün əsas öz milli maraqlarıdır. Rusiya Prezidenti Vladimir Putin bir neçə il əvvəl bir fikir bildirmişdi: “Rusiyanın sərhədləri heç yerdə bitmir”. Açıq demək lazımdır, Rusiyanın məntiqi ilə Qarabağ da, Ermənistan da onun ərazisidir. Özümüzü aldatmağın mənası nədir?! Lavrovun qeyd etdiyiniz bəyanatı isə Azərbaycanın təzyiqini müvəqqəti yumşaltmağa xidmət edirdi. Bunu da bacardılar. Bu məkirli oyunların cavabı hərbi əməliyyatlardır. Ərazilərimizi kənd-kənd geri almalıyıq. Bəziləri bu cür fikirləri tənqid edirlər. Tənqid edənlər itirdiyimiz ərazilərin geri qaytarılması üçün başqa yolu söyləsinlər. Əgər bunun danışıqlar olduğunu deyirlərsə, bu, riyakarlıqdan başqa bir şey deyil”.

Müsahibimizin fikrincə, Azərbaycan cəmiyyətində sülh danışıqlarının davam etməsinin məqbul hesab edilməsi fikrinin kök atması da ermənilərin və Kremilin arzusudur: “Hər bir azərbaycanlı bilməlidir ki, danışıqların tərəfdarı olmaqla ermənin maraqlarına, Rusiyanın isə strateji siyasətinə ximdət edir. Hər bir azərbaycanlı müharibə haqqında düşünməlidir. Belə olan təqdirdə Lavrov kimiləri bizimlə oyun oynamaqdan çəkinəcəklər”.

R.Məmmədli onu da əlavə edib ki, ermənilərə ən adekvat cavab, yeganə yol Ağdamın geri alınmasıdır: “Bu məsələdə başqa cavab bilmirəm. Belə vəziyyətdə siyasi gedişlər silahdan sonra danışmalıdır. "Mən səni döyərəm" diplomatiyası köhnəlib. Döyməlisən, sonra diplomatiya olmalıdır”.скачать dle 12.1