Bia.Az

Hersoq Bakıya gəldi: sirli çantasında nələr var? – Güney Azərbaycan dosyesinin detalları

Gündəm
 2-06-2023, 14:26     350

İsrail Prezidenti İshak Hersoq və xanımı Mixal Sislan Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Mayın 30-31-ni əhatə edəcək iki günlük səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutur. Hersoqu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edir. Səfər zamanı iki ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsinin müzakirəsi, həmçinin İsrailin yaranmasının 75-ci ildönümü ilə bağlı xüsusi tədbirin olması gözlənilir.

Vacib tarixi səfər

Diqqətçəkən əsas məqam bu səfərin İsrail mediasında geniş tirajlanmasıdır. Belə ki, İsrail mediası “İranla həmhüdud şiə müsəlman ölkəsi olan Azərbaycana iki günlük səfəri” “vacib tarixi səfər” adlandırır.
Aydın məsələdir ki, rəsmi Təl-Əviv Bakını özü üçün etibarlı tərəfdaş kimi görür. Azərbaycan nadir müsəlman ölkələrindəndir ki, İsraillə hər zaman müsbət əlaqələr qurub, münasibətləri artan dinamikada inkişaf etdirib.

Təsadüfi deyil ki, bir ay əvvəl İsrailin xarici işlər naziri Eli Kohen Bakıya səfər etmiş, Prezident İlham Əliyevlə görüşmüşdü. Həmin səfər zamanı iki ölkə arasında bir çox sahədə sazişlər imzalanmışdır. Bunların içərisində su, kənd təsərrüfatı, infrastruktur, texnologiya, energetika sahələrində əməkdaşlıq sazişləri xüsusi diqqət çəkirdi. Nəzərə alsaq ki, iki günlük səfər zamanı Hersoqu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edir, deyə bilərik ki, yeni sazişlərin imzalanması mümkündür.
İsrail prezidentinin dəvəti
İsrail Prezidenti İshak Hersoq və xanımı Mixal Sislan Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfərə gəlib. Mümkündür ki, iki ölkə başçısının görüşü zamanı Hersoq Əliyevi İsrailə səfərə dəvət etsin. Prinsip etibarilə Herso1 bundan öncə iki ölkə münasibətlərinin qurulmasının 30-cu ildönümü ilə bağlı İlham Əliyevə ünvanladığı məktubda onu İsrailə səfərə dəvət etmişdi.
“Sizi İsraildə qəbul etmək əsl şərəf olardı. Ümid edirəm ki, belə bir səfər İsraildə səfirliyimizin açılması üçün də bir fürsət ola bilər” – Hersoq demişdi.
Martın 29-u Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılışı oldu.

Səfirliyin açılışında xarici işlər naziri Ceyhun Bayramov və İsrailin xarici işlər naziri Eli Kohen ilə yanaşdı Azərbaycan parlamentinin bəzi üzvləri, tanınmış simalar iştirak etsə də ölkə başçısı bu açılışda iştirak edə bilməmişdi. Bu baxımdan mümkündür ki, İshak Hersoq Azərbaycan Prezidentini yenidən İsrailə səfərə dəvət etsin.
Azərbaycan ilə İsrail arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf etsə də rəsmi Bakı Qüds, Qəzza və Fələstin məsələsində hər zaman ehtiyatlı mövqe sərgiləyib. Rəsmi Təl-Əviv bunu anlayışla qarşılayıb. Məsələ ondadır ki, Azərbaycan Prezidenti İsrailə səfər etsə həm də Fələstinə səfər etməlidir. Bu baxımdan bu səfər hələ ki, baş tutmur. Lakin dəyişən reallıqlar fonunda baş tutması da mümkündür.
Güney Azərbaycan dosyesi
Ölkə başçılarının görüşü zamanı Güney Azərbaycan mövzusunun müzakirə edilməsi mümkündür. Prinsip etibarilə bir müddətdir onsuz da İsrail-Azərbaycan gündəliyində bu məsələ var. Təsadüfi deyil ki, İsrailin xarici işlər naziri Eli Kohenin Bakıya səfərindən sonra İsrail parlamentinin 32 üzvü hökumətə müraciət edərək İsrail Xarici İşlər Nazirliyinin İrandakı cənubi azərbaycanlı icmasının mübarizəsini dəstəkləməyi xahiş etmişdi.

Düzdür, dəstək məktubunun dərcindən sonra İsrailin informasiya naziri Gila Qamliel öz Tvitter səhifəsində yazmışdı ki, o, parlament üzvlərinin əksəriyyətini bu məktubdan geri çəkilməyə inandırıb və artıq 25 nəfər məktubdan imzalarını geri götürüb, lakin bu, nəticəni dəyişmir. İlk dəfə bir ölkə Güney Azərbaycan məsələsinə bu qədər yüksək səviyyədə dəstək nümayiş etdirdi.
İndiki məqamda rəsmi Bakı və Təl-Əviv arasında Güney Azərbaycan dosyesinin olduğunu demək olar. Bu həm də hər iki ölkənin rəsmi Tehrana ən böyük təzyiq vasitəsidir. Rəsmi Bakı Güney Azərbaycan məsələsinə həm də soydaşlarının himayəsi konteksində baxır. Buna görə də məsələ ilə bağlı müəyyən danışıqların getməsi vacibdir.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarıскачать dle 12.1