Bia.Az

Kişinyovda dördtərəfli görüş - nə sülh, nə müharibə...

Siyasət
 31-05-2023, 12:55     342

Bildirilir ki, Paşinyan Makronun dəstəyinə arxayın olaraq, sülhdən uzaq tələblər səsləndirmək niyyətindədir

İyunun 1-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Kişinyovda dördtərəfli görüş Azərbaycan, Ermənistan liderləri, Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə  keçiriləcək. Kişinyovda görüş təklifini Bakıya Fransanın xarici işlər naziri gətirmişdi, ehtimal edilir ki, Əliyev bu görüşə Şoltsun da iştirakı şərti ilə razılaşıb. Kişinyov görüşündə Almaniya və Fransa liderlərinin iştirakı çox mühümdür. Çünki Azərbaycan tərəfi öz geosiyasi baxış bucaqlarını və Ermənistanın öhdəliklərini Aİ-nın iki aparıcı dövlətinin liderinin diqqətinə çatdıracaq.
Moskva görüşünün fiasko olması üçün hər şey edən Paşinyan Kişinyov görüşünə ciddi ümid edir. Erməni baş nazir bir müddət əvvəl  “1 iyun tarixində sülh müqaviləsini imzalamağa ümid edirəm” demişdi. Son olaraq isə Paşinyan deyib ki, “İrəvan və Bakı arasında razılaşdırılmış və imzalanmağa hazır sülh müqaviləsi yoxdur. Ermənistan tərəfi Vaşinqton görüşündən əvvəl verdiyi təkliflərə hələ Azərbaycandan cavab almayıb”, - o əlavə edib.
Bildirilir ki, Paşinyan Makronun dəstəyinə arxayın olaraq, Kişinyovda sülhdən uzaq tələblərini səsləndirmək niyyətindədir. Bu tələblər sırasında  Ermənistanın 29,8 min kvadratkilometr ərazisinin toxunulmazlığına qarantiya və  Azərbaycan Ordusunun sərhəd xəttindən geri çəkilməsi də var.  O cümlədən Paşinyan Qarabağdakı erməni əhalisinin “hüquq və təhlükəsizliyi” və Bakı -Xankəndi danışıqlarının “beynəlxalq çərçivədə aparılmasını” razılaşdırmaq istəyir. 
Aydındır ki, bu absurd təkliflər Vaşinqtondakı bir neçə raundda baş tutan görüşlərdə də qaldırılıb, amma Bakı bunları rədd edib. Kişinyov görüşündə əsasən sülh müqaviləsinin müddəaları və regional kommunikasiyaların perspektivləri barədə ətraflı danışıqlar aparılacağı gözlənilir. Ancaq bu görüşdə də sülh sazişin imzalanması inandırıcı görünmür. Bəs o zaman  Paşinyan bu görüşdə nəyə ümid edir? Fransa  və Almaniyanın dəstəyinə, yoxsa bu təkliflər sülh müqaviləsinin imzalanmasından yayınmaq üçün növbəti bəhanədir?
Ya Bakının 5 prinsipi əsasında sülh, ya da müharibə!
Abutalıb Səmədov
Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Avropa Siyasi Birliyinin Kişinyovda keçiriləcək ikinci sammitində sülh sazişinin imzalanması ehtimalı az da olsa, qalmaqdadır: “Bu hadisənin baş verməsinin mümkünlüyü barədə Nikol Paşinyandan başqa fikirləri bizim üçün daha mötəbər olan Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da müəyyən mülahizələr səsləndirmişdi. Üstəlik, az qala hər gün mövqe dəyişdirən Ermənistanın baş nazirindən fərqli olaraq Leyla xanım sazişin imzalanmasının mümkünlüyü barədə dediklərindən imtina etməyib. Onun sözlərinə görə, əslinə qalsa, sülh sazişi üçün əsas maneə Qarabağ məsələsi barədə müəyyən müddəaların həmin sənədə salınması tələbi idi: “Paşinyanın bəyanat verərək bu iddiadan imtina etməsindən sonra belə bir təsəvvür yarandı ki, sülh sazişinin imzalanmasına gedən yol artıq tamamilə açılıb və qısa müddətdə sənədin imzalanması mümkündür. Təbii ki, bu gedişat Rusiyanı qətiyyən qane etmirdi və sülh prosesini tormozlamaq üçün dərhal "Valday təxribatı" törədildi. Rusiya prezidenti sülh sazişi layihəsinə Qarabağ məsələsi barədə 15-ci bəndi salmaqla erməniləri şirnikləndirdi. Paşinyan təklifdən “dördəlli” yapışsa da Soçi danışıqları fiaskoya uğradı və Azərbaycan həmin layihəni tarixin zibilliyinə göndərdi. Ermənistan liderinin bütün yalvarışlarına baxmayaraq, Rusiya həmin sülh layihəsini bir daha ortaya çıxarmadı".
A.Səmədovun sözlərinə görə, “Qarabağ kartı” əlindən çıxan Paşinyan prosesi pozmaq üçün yeni iddialar ortaya atmaqda davam edir: “Tələb edir ki, həm Azərbaycan-Ermənistan sərhədində, həm də Qarabağda 5 km-lik silahsızlaşdırılmış zonalar yaradılsın. Bu təklifin Azərbaycan tərəfindən qəbul edilməsi təbii ki, mümkün deyil. Sən Ermənistan ərazisində nə qədər istəyirsən silahsızlaşdırılmış zona yarada bilərsən, Azərbaycan ərazisində, xüsusilə Qarabağda belə bir zonanın yaradılması təklifi dövlətimizin suverenliyinə müdaxilədir və bu səbəbdən təklifin qəbul edilməsi mümkünsüzdür. Danışıqlarda problem yaradan digər məsələ Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunmasında beynəlxalq mexanizmlərin iştirakının təmin olunması təklifidir ki, bu da suverenliyimizi pozduğuna görə qəbul edilməzdir. Ermənilərin imzalanacaq sülh sazişinin icrasını təmin edəcək qarant dövlətlərin olması tələbi də prosesi əngəlləmək cəhdindən başqa bir şey deyil.
Son Brüssel danışıqlarından sonra bəyanatla çıxış edən  Şarl Mişel Azərbaycandan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunması məqsədilə “beynəlxalq ictimaiyyətlə birlikdə pozitiv gündəliyi hazırlamağı” xahiş edib. Avropa Birliyi rəsmisinin bu bəyanatı göstərir ki, Kişinyovda danışıqlar kifayət qədər gərgin keçəcək, həm Fransa Prezidenti Makron, həm də Almaniya Kansleri Şolts “beynəlxalq mexanizmləri” prosesə qoşmaq üçün əllərindən gələni edəcəklər. Paşinyanın Kişinyov danışıqlarında nail olmaq istədiyi əsas nəticə də odur. Ancaq biz Azərbaycan Prezidentinin bu danışıqları aparmaqda necə usta olduğunu, öz mövqeyini necə qətiyyətlə müdafiə etdiyinin yaxşı bilirik. Məhz bu səbəbdən ermənilərin Azərbaycan tərəfdən hansısa güzəştə nail olmaq planları boşa çıxacaq. Əgər Fransa və Almaniya liderləri Paşinyana zəruri təzyiqi göstərsələr, sazişin imzalanması mümkün olacaq. Əks halda, ermənilərin və fransızların “Kişinyov xəyalları” reallaşmayacaq və çox güman ki, sülh sazişinin imzalanması ilin sonuna qədər uzanacaq".
P.S. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş bu gün baş tutacaq. “Sputnik Armenia” xəbər verir ki, bu barədə Aİ-nin yüksək səviyyəli nümayəndəsinin Brüsseldə jurnalistlərə verdiyi məlumatda qeyd olunub.скачать dle 12.1