Bia.Az

Zamin Salayev ayaq üstə dura bilmir

Cəmiyyət
 26-05-2023, 13:40     323

Vəkil Fəxrəddin Mehdiyev mayın 25-i Penitensiar Xidmətin Müalicə Müəssisəsində məhbus cəbhəçi Zamin Salayevə baş çəkib. “Turan”a danışan vəkil deyib ki, aclıq aksiyasını davam etdirən Zamin Salayevin səhhəti çox ağırdır: “Onu görüşümüzə əlil arabasında gətirdilər. 48 kiloqram çəki itirib, arterial təzyiqi normadan çox aşağı, ürək döyüntüləri normadan yuxarıdır, ayaq üstə dura bilmir. Daimi həkim nəzarətindədir, gündə saat yarım sistem qəbul edir”.

Fəxrəddin Mehdiyevin sözlərinə görə, Zamin Salayev aclığı dayandırmaq fikrində deyil.

AXCP Salyan şöbəsinin sədri olan Zamin Salayev fevralın 7-si Bakıda tutulub. İttihama görə, cəbhəçi həmin gün paytaxt sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparıb. Mayın 22-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayevə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Partiya funksioneri silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinib.

Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir. Mayın 11-də o, Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Zamin Salayev 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb.скачать dle 12.1