Bia.Az

Bakıdan İrana göndərilən kasetlər: 17 illik sirr çözülür

Siyasət
 26-05-2023, 13:28     332

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Reaksiya TV-də çıxışı zamanı deyib ki, hər cümə günü “Məşədi Dadaş” məscidində xütbələr kasetə çəkilir, İrana göndərilirdi. Sitat:
“2006-cı ildə Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışırdım və Məşədi Dadaş məscidindən çox ciddi siqnallar gəlirdi. O zaman biz dini icmanı ləğv etdik. Hər cümə günü xütbədə çox ciddi İranyönümlü təbliğat aparılırdı. Sonralar “Məşədi Dadaş” məscidi cüzi də olsa korrektə elədi, amma həmin siyasət davam etdirildi. Bu gün də tam məsuliyyətlə deyirəm ki, İranın təsiri o sahə üzrə hələ də davam edir”.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Ovqat.com saytının baş redaktoru Heydər Oğuz deyib ki, Azərbaycanda bir çox dövlətlərin özfəaliyyətləri var:

“Bu, təkcə İran deyil, İranla paralel Səudiyyə Ərəbistanı və digər xarici ölkələrin də təşkilatları mövcuddur. Əvvəllər Azərbaycan onlara qarşı mübarizə apara bilmirdi, çünki asılılığımız var idi. Həm də o vaxtlar hakimiyyət daha çox bir tərəfi o biri tərəflə kompensasiya etmək istəyirdi. Yəni bunun qarşısını bu cür almağa çalışırdı. Bu da klassik siyasətdir. Fikir verin, Türkiyədə PKK-nın qarşısını Hizbullah yaradaraq aldılar. O dövrdə də Azərbaycan ikili siyasət yürütməyə məcbur idi. Ona görə də İran qüvvələri daha çox ön plana çıxırdı”.

Heydər Oğuz
H.Oğuz deyib ki, 2006-cı ildə də, bu gün də iranpərəst qüvvələrin Azərbaycan siyasətində, dini sektorunda oturuşması mümkün və adi haldır:
“Etiraf etmək lazımdır ki, o zaman biz yeni qurulurduq, dövlət strukturları tam yetişməmişdi, ən vacib məqam – dini-milli konsepsiyamız yox idi. Hətta bu gün də onu tam olaraq qura, inkişaf etdirə bilməmişik. Ona görə də bu cür problemlər hələ ortaya çox çıxacaq. Bu problemlərin qarşısını almaq üçün isə Azərbaycan mütləq öz milli-dini konsepsiyasını hazırlamalıdır. Nə vaxta kimi ki, o konsepsiya hazırlanmayıb, din onun-bunun təsiri altında olacaq”.
Jurnalist dünya var olandan bəri insanoğlunun hər zaman dinə inandığını bildirib:
“Adəm peyğəmbərin də dövründə, bu gün də din olub və var. Bunun qarşısını almaq olmaz. Amma onun təhlükəyə çevrilməsinin qarşısını almaq üçün müəyyən konsepsiyalar hazırlanmalıdır. Təəssüf ki, bu günə kimi konsepsiya hazırlamamışıq. Bu gün bir çox dini mərkəzlər İran və ya Səudiyyə Ərəbistanına bağlıdırlar”.скачать dle 12.1