Bia.Az

5 şagird Abşeron kanalına düşdü – Ceyranbatanda daha bir faciə - VİDEO

Cəmiyyət
 24-05-2023, 12:21     246

Bir vaxtlar Finlandiyanı silkələyən Bodom gölü faciəsi deyəsən, Abşeronda təkrarlanır.

Fərq yalnız ondadır ki, Bodomda hansısa cinayətkar gölün sahilinə gələn 4 yeniyetmədən 3-nü qətlə yetirmiş, 1-ni isə yaralamışdı.

Abşeronda isə Samur-Abşeron kanalı ona yaxınlaşan uşaqları udur. Bu səbəbdən yerli sakinlər onu “ölüm kanalı” adlandırırlar. Ətrafı açıq, mühafizə olunmayan bu kanal demək olar ki, hər gün can alır...


Bakupost.az –a şikayət edən sakinlər bildiriblər ki, ötən gün burada daha bir faciə yaşanıb.

Onların dediyinə görə, Ceyranbatan 1 saylı tam orta məktəbin 5 şagirdi Samur-Abşeron kanalına düşüb. Hadisə nəticəsində onlardan biri - 8-ci sinif şagirdi Babakişi dünyasını dəyişib.

Hadisənin necə baş verdiyinə gəlincə, sakinlər deyir ki, uşaqlar kanalın bir üzündən o biri üzünə uzanan ipdən tutaraq üzmək istəyiblər. Lakin ağırlıq səbəbindən ip qırılıb və onlar kanala düşüblər. Yaxınlıqdan keçənlər şagirdlərdən 4-nü kanaldan çıxarsalar da, Babakişinin həyatını xilas etmək mümkün olmayıb”.

Bəs, əylənmək, çimmək istəyən uşaqların kabusuna çevrilən “ölüm kanalı” niyə mühafizə olunmur?


Məsələ ilə bağlı Samur-Abşeron Kanal İstismar İdarəsinin müdiri Zakir Rüstəmovla əlaqə saxladıq.
O, həmin kanalın Abşeron Suvarma Sistemləri İdarəsinin tabeliyində olduğunu qeyd edib.

Abşeron Suvarma Sistemləri İdarəsinə ilə də əlaqə saxladıq.

Oradan da Bakupost.az -a kanalın Samur-Abşeron kanalı olduğu üçün onların tabeliyində olmadığı bildirildi.

Maraqlıdır, tez-tez faciələrə səbəb olan, eyni zamanda bəzi hissələri zibilliyə çevrilən kanalın mühafizəsinə kim cavabdehdir?!


Onu da qeyd edək ki, dünən yaşanan olay burada baş verən ilk hadisə deyil. Həmin kanalda əvvəllər də dəfələrlə boğulma halları baş verib.

Məsuliyyət biri-birinin üzərinə atan bu qurumlar üçün görəsən, tədbir görmək, təhlükəsizliyi təmin etmək çoxmu çətindir?скачать dle 12.1