Bia.Az

“Əziziyəm Qarabağ” - Həsrətin izi ilə yolumuz AGDAMADIR

Cəmiyyət
 20-05-2023, 19:31     343

(Həsrətin izi ilə yolumuz Ağdamadır)

Həyatımda çox səfərlər olub, bir çox şəhərlərimizi, rayonlarımızı, bir sözlə Vətənim Azərbaycanın gəzməli-görməli guşələrini gəzmişəm, yolları çox yormuşam, elə özüm də bu yollarda yorulmuşam. Amma, bu dəfə edəcəyim səfəri, keçəcəyim bu yolları nə az, nə çox, düz 30 ildir səbirsizliklə gözləmişəm. Səfərim bir vaxtlar dünyanın ən gözəl şəhəri, indi isə “ruhlar şəhəri” adlandırılan, qoynunda dünyaya göz açdığım doğma Ağdam şəhərinədir.
Səfərimizdən  çox vaxt keçməsinə baxmayaraq, nə əlimə qələm götürüb bir cümlə yaza, nə də təəssüratlarımı soruşan dostla, tanışla olduğu kimi bölüşə bilirdim.
Anamın mənə zəng edərək kövrək səslə “biz Ağdama getmək istəyirik” deməsinə. Dedim, ana, Ağdama əvvəl baxdığımız kimi baxa bilməyəcəyik. Ağdam qoyub gəldiyimiz Ağdam deyil. Dedi, olsun, xarabalığı da gözəldir Ağdamın. Razılaşdıq. Bir daha Allaha şükür etdim ki, bir vaxtlar Ağdamdan bərabər çıxdığım ailəmlə birlikdə bu gün geri qayıtmağın sevincini yaşayıram.
Biletdə səfərimizin Ağdama olduğunu oxuduqca sevinclə bərabər olan qürürun da təəssüratı izaholunmazdır. Budur, təqvimdə 25 dekabr – səfər edəcəyimiz gün gəlib çatdı. Səhərin ilk saatlarında anamdan gələn zəng həyəcanımı daha da artırdı. Bizimlə birgə səfər edəcək bibimin, gəl çıxaq, gecikərik, deməsini eşitdikdə, ana, bibimə de hava biraz işıqlansın, gələcəyəm – dedim. Biraz keçdi, yenidən gələn zəngdə “hazırlaş, atan gəlir səni götürməyə – deyə anam dilləndi.
Valideynlərimin səbirsizlənmələri başa düşülən idi. Axı onların doğmaları, əzizləri Ağdamda yaşayıb. İlk dəfə addımladıqları küçələr, su içdikləri bulaqlar, bir sözlə gənclik çağları, xatirələri, ömürlərinin bir parçası, əzizlərinin Quran səsinə, bir doğma sığalına həsrət məzarları qalıb Ağdamda.
Artıq atam qapıdadır. Övladlarımı öpüb,  qoxlayıb əyləşdim maşına. Uşaqlar mənə dönə-dönə tapşırdılar ki, bax ha, ana, çoxlu-çoxulu şəkil və videolar çək. Mütləq çəkəcəyəm, narahat olmayın – deyib  düzəldik yola. Əlimdə əlacım olsa idi  Ağdamın hər daşını, hər qarışını belə çəkib həkk edərdim telefonumun yaddaşına.
Biletdə qeyd olunan vaxtdan çox əvvəl olduq Bərdə rayonunda. Nə avtobus var idi, nə də bizimlə birgə səyahət edəcək bir sərnişin.
Avtobusu gözlədiyimiz müddətdə səbirsizlənən valideynlərimi sakitləşdirmək üçün “30 ilə yaxın gözləmişik, biraz səbirli olaq. İndi bizi illər deyil, Ağdama qovuşmağa saniyələr, dəqiqələr ayırır” desəm də düzü, özüm də çox səbirsizlənirdim.
Elə bu anda bibim – şəhid əmimin yadigarı sevincli halda əmimin məzarı üzərinə sərmək üçün aldığı bayrağı, gülü, məzarın üstünə qoymaq üçün böyütdürdüyü şəkli  göstərdi.
Bəli, düz eşitdiniz, sevinclə… İlahi, illərlə bu məqamı gözləyən, əsirlikdə qalan doğmalarının məzarını ziyarət etmək istəyən hər bir qarabağlıya əminəm ki, bu hisslər çox tanışdır.   Ancaq illərlə gözlədiyimiz ziyarəti edib, edə bilməyəcəyimiz belə sual altında idi. Çünki biletdə səfər edəcəyimiz yerlərə “Uzundərə” qəbiristanlığından gedib-getməyəcəyimiz hələ bəlli deyildi. Gedə bilsək belə şəhidimizin məzarını tapıb-tapmayacağımız bizə müəmmalı idi. Nə isə, yol uzun, xatirələrsə çox…
Əmim Alışov Atamoğlan Talış oğlu Ağdam uğrunda gedən qanlı döyüşlərdə həlak olub. Ağır döyüşlərin getdiyi, şəhərin intensiv mərmi yağışı altında olduğu bir vaxtda əmim dəfn edilib. Məzarının üstünə bir parça daş belə qoymağa vaxt olmayıb.
Budur, gözlədiyimiz avtobus gəldi. Maşının qarşısına yazılan “Ağdam – Qarabağ Azərbaycandır!” yazısı bizi biraz da həyəcanlandırdı. Bu qəbul olunmuş duamız idi. Hər yalvarışında, hər xitabında Ağdamlaşan duamız, dualaşan Ağdamımız… Ağdama getmək bizlərin xoş günlərimizdə bir-birimizə ünvanladığımız dilək idi. “Gün o gün olsun ki, gələn il ad gününü Ağdamda qeyd edək” sözünü valideynlərimdən o qədər eşitmişəm ki…
Avtobusa ilk əyləşən də biz olduq. Bir müddət sonra bizimlə birgə səfər edəcək Ağdama digər həsrətlilər də gəldi. Və o möhtəşəm vaxt çatdı, səfərimiz başlamaq üzrədir.

Qayıdırıq Ağdama!

İndi o zamandan 30 ilə yaxın vaxt keçib. Ümidlərimizin tükəndiyi bir zamanda Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun rəşadəti nəticəsində Qarabağ torpağı, o cümlədən Ağdam şəhəri və kəndləri vətən müharibəsi nəticəsində – əsrə bərabər 44 gündə  mənfur düşməndən azad olundu.
Asta-asta gedirik həsrətin izi ilə. Əyləşən sərnişinlərdən kimi gəncliyini, kimi şəhidinin məzarını, kimi isə uşaqlığının axtarışında idi. Onları birləşdirən yalnız bir məqam var, bu illərin həsrətinin doğurduğu kövrəklik.
Qürur, sevinc, həyəcan və bununla bərabər gecikməyin – 30 ilin verdiyi utancı ilə qayıdırıq, qayıdırıq illərdir xatirələrimizdə yaşatdığımız Ağdamımıza. Qayıdırıq Ağ atlı oğlanların, ağ duvaqlı qızların yurdu, illərdir adından ağ sözünü çıxardıb, Qarabağın qara taleyi adlandırdığımız Ağdama. Yad əllər uzanmış, bədxah addımlar köksündə yaralar açmış Ağdama.
İllərdir sökülürdü abidələri, mədəniyyət ocaqları. Dağıdılırdı zəhmətkeş əllərin ucaltdığı evlər. Dağıdılan hər evdə bir ailənin ümidi sökülürdü kərpic-kərpic.  Evindən, eşiyindən köçmək məcburiyyətində qalanların öz yuxularında gəldiyi ziyarətgah idi Ağdam. İndi biz yuxularda deyil, gerçəkdə qayıdırıq Ağdama. İlahi, necə gözəl bir hissdir, yuxu kimi gerçəyi yaşamaq!
Qəlbimdə bir anlıq keçirdiyim təəssüf hissini dilə gətirərək dedim: Bibi, kaş nənəm də sağ olaydı…
Nənəmin əmimi xatırlayıb ağladıqca, ah-naləsi göylərə ucaldıqca dediyi bayatıları sanki bir anlıq eşidirdim.
Qəribə bir üşütmə keçdi bədənimdən. Kim bilir, bəlkə nənəmin də ruhu bizimlə birgə nisgilini çəkdiyi Ağdamına, şəhidinin məzarını axtarmağa qayıdıb?!

30 ilə yaxın postlar qurulub, təhlükəsizliyimiz üçün üzümüzə bağlanmış yollardan  keçib, həsrətində olduğumuz Ağdama gedirik.
Yol boyu düşmənin qazdığı dərin labirint səngərlər, mühəndis istehkam qurğuları, müşahidə məntəqələri, düşmənin mifləşdirdiyi “Ohanyan xətti” və daha nələr-nələr…
Ermənilərin keçilməz sandığı Ohanyan xəttini ötüb keçmək isə bir başqa hissdir.
Bu hiss Azərbaycan Ordusunun bizlərə bəxş etdiyi məğrurluq hissidir.

Ağdam şəhərinə qədər yolumuzun üzərində olan bütün kəndlərdə oxşar mənzərə ilə qarşılaşdıq. Dağıdılmış, yandırılmış evlər, ot basmış küçələr, suyu qurudulmuş bulaqlar.
Allah, bu necə qan donduran görüntülərdir?
Dağıdılmış kəndləri, yolları gördükcə Əbdürrəhim Bəy Haqverdiyevin “Dağılan tifaq” faciəsini – ictimai-əxlaqi tənəzzülə məruz qalmış mülkədarların mənfur təbiətindən doğan xarakterləri ilə tifaqların, ocaqların dağıdılması yadıma düşdü.
Bu bəylərin timsalında türklərə məxsus gözlə görülən hər şey məhvə məhkumdur – düşüncəsi ilə yaşayan erməninin xisləti bu gün bütün dünyaya bəllidir.
Sən demə tifağın dağılması belə olurmuş, sözlərini öz-özümə astaca pıçıldadım. Hər kəs bu görüntülər qarşısında dəhşətə gəlmişdi, bunu onların donuq baxışlarından da aydın görmək olurdu.
Fəqət bir təsəlli budur ki, eybi yoxdur, qoy evsiz-eşiksiz qalaq, amma torpağın üzərində süfrə açaq, çörək kəsək, evimiz torpağın üzərində olsun, lakin vətən torpağımız düşmən əsarətində olmasın.
Yol yoldaşlarımızın bir çoxundan fərqli olaraq mən Ağdamdan kiçik yaşlarımdan ayrılmışam. Yaddaşımın xatirə boxçasında Ağdamla bağlı xatirələrim elə də çox deyil. Ancaq doğma yurdumuzun, evimizin xəyalını da valideynlərimin danışdığı xatirələrinin sayəsində unutmamışam.
Bələdçi keçdiyimiz yerlərin adını çəkməkdə, dağıdılmış, yandırılmış binaların hansı bina olduğunu deməkdə davam edirdi. Uca səs ilə “bura dəmir yolu vağzalıdır” – dedi.
İlahi, illər əvvəl həmən bu yerdə  bizi, doğmalarmızı qana qərq etmişdilər. Həmən bu yer ailəmizin yaddaşına, mənim uşaq xatirəmə həkk olan, qorxunun nə demək olduğunu duyduğum yerdir.
Düzdür, indi dəmir yolundan əsər-əlamət yoxdur. Ancaq onun bir ömür bizimlə olacaq silinməz xatirəsi var. Başımıza gətirilmiş o qanlı hadisə burada törədilmişdi. Uşaq yaddaşımla mən həmən günü belə xatırlayıram…
…Əmim şəhid olmuşdu. Atam əmimin üç mərasiminə çörək almaq üçün getməli oldu.
Bizi də apar – deyə ağladıq atamın ardınca. Göz yaşlarımıza qıymayan atam qardaşımı da, məni də və üç gündür atasız qalmış, şəhidlik zirvəsinə ucalmış əmimin oğlunu da götürüb getdik çörək almağa. Maşında təkcə biz deyildik. Dəmir yolu deyilən bu yerdə həmin qanlı hadisə yaşandı. Qəfil açılan güllə səslərindən əvvəlcə heç nə anlamadıq. Amma az sonra hər şey məlum oldu.
Güllələr  maşında  bizimlə birgə olan qohumumuzun baş nahiyəsinə dəyərək, onu həlak etdi. Atam yaralandı. Əmimin yadigarının isə bədəninin bir çox nahiyəsində qəlpənin açdığı  izlər indi də o gündən  dəhşətli bir xatirədir.
O gün elə bir gün idi ki, sözlərim kifayət etməz həmən günü sizlərlə bölüşməyə…

O vaxt bunu uşaq ağlı ilə dərk etməsəm də, bu bizim dünyamızın anamın şirin nağıllarından ibarət olmadığını gördüyümuz ilk  gün idi.
Elə həmən günü də, hərbçilərin, polislərin ermənilərə əsir düşməyək deyə dəfələrlə etdikləri xəbərdarlıqdan sonra “2-3 günə qayıdarıq” ümidi ilə ev-eşiyimizi qoyub Ağdamdan çıxmalı olduq. Elə həmən o gündən də, başladı ağrılı-acılı məcburi köçkün günlərimiz…
Digər Ağdam sakinləri kimi biz də inana bilmirdik ki, Ağdam işğal olunar və bu işğal illərlə davam edər.
Bizim kimi ”dönəcəyik” ümidi ilə evindən bir əşya belə çıxarmadan  çıxıb qapını bərk-bərk kilidləyənlər, pəncərəsini ehmalca örtənlər, soyuducunu evi yanmasın deyə cərəyandan ayıranlar… Onların heç biri Ağdamın işğalına inanmır və bununla da barışmırdılar.
Soyuducunun evi yandırmağından ehtiyat edənlər nə bilərdilər ki, qorxduqları başlarına gələcək – evləri büsbütün yanıb kül olacaq. Ancaq  cərəyandan deyil də, düşmən əsarətində yanıb kül olacaq…
Tur bələdçimizin səsi yenidən eşidildi:
– Budur, “Dəmir yumruq” gücünə əsarətdən azad edilmiş Ağdam torpağına ayaq basmağımıza lap az qalıb.
Həyəcanla avtobusun pəncərəsindən hər kəs çölə baxırdı. Yol boyu yurda qayıtmağın sevinci, xoş təbəssümü gördüyümüz mənzərə qarşısında sanki, yanağımızda buz kimi dondu.
Hardadır o ağ damları ilə ucalan əzəmətli binalar?
Yox, yox bura televiziyada göründüyü kimi deyil, bura daha dəhşətdir. Bura ağ damları viranə qalmış Ağdamdır. Bu görüntülər qarşısında özümü təmkinlə dayanmağa məcbur edirəm. Çünki Ağdam öz övladını belə görməməlidir. Çünki biz Ağdamın yarasına məlhəm olmağa gəlmişik və əbədi olaraq qayıtmışıq.

– Əziz sərnişinlər, biz indi Qarabağ xanlarının məzarlığına və onun həyətində yerləşən İmarət stadionuna çatmışıq – deyə bələdçi qeyd etdi.
Bir anlıq dayanıb, avtobusdan enməyə tərəddüd etdim.
Görəsən Ağdam əsarətdə, əsirlikdə qalanda onun azadlığı üçün dua etməkdən və 3-5 sətir yazmaqdan başqa mən nə etmişəm?! Gözünə dik baxa biləcəyəmmi vətənimin?!
Cavabsız suallar qarşısında aciz qaldığım vaxtda “bibin qurban, bizim yaxşı şəkillərimizi çəkərsən” – deyən bibimin səsi məni fikirdən ayırdı. Və o möhtəşəm an… biz müqəddəs torpağımıza ayaq basdıq. 
Elə hey gözüm valideynlərimin üzündə idi. Onların çarəsiz baxışları ilə viranəliyə baxdığını gördükcə kaş gəlməyəydik deyə düşündüm də. Qoyub çıxdıqları  Ağdam hara, indi gördükləri Ağdam hara? Necə qəribə bir duyğudur bu, ömrünün ən gözəl illərinə şahid olan əsalət şəhərin  indi əsirlikdən çıxan şəhər olub.
Anamın gözləri elə hey dolub-boşalırdı. Atam əsarətdə olan torpaqlarımızın azadlığı ilə qürur duysa da gözlərinə çökən kədəri görmək aydın şəkildə mümkün idi.
Ata, o baxışlarını gözəl tanıyıram, ağrını-acını, üzüntünü gizlətsən də, məğrur-məğrur dursan da  mən onu duymağı bacarıram ata!
Bölünməz vətənimizin bir parçası, Ağdamlı günlərimizin şahidi viranə şəhər, xoş gördük səni! İllərdir həsrətin qəlbimizi dağladı. Çox uzun çəkdi qayıtmağımız, bilirəm. Amma bax, biz gəldik, sənə qayıtdıq!
Bura elə gözəldir ki, yurdumun pambıq kimi buludları, mavi göy üzü və tərtəmiz havası var… Dərindən nəfəs alıb Ağdamın havasını ciyərlərimə çəkdim. Bilirsiniz, Qarabağın dağ çəkilən halı belə cənnətmiş.
İllərdir məşəqqətlərə təkbaşına sinə gərən torpaq sanki öz dərdini unudub doğmalarına qucaq açmışdı. Bizi qarşılayan təkcə xoş, doğma havadı. Bir də, bir də izimizi öz sinəsində gizlədən torpaq.
Bura isə İmarət saray kompleksidir. Bu  kompleks düşmən tərəfindən dağıntıya məruz qalıb, yandırıIıb. Burada Qarabağ xanlarından olan Pənahəli xanın, Mehdiqulu xanın, İbrahimxəlil xanın və Natəvan xanımın övladlarının məzarı yerləşib.
Budur artıq biz Qarabağ futbol klubunu Avropaya bəxş edən İmarət stadionundayıq.
Dağıntıları avtobusdan deyil, yerdən seyr etmək daha çətindir. Bu dəhşəti yaxından gördükdən sonra daha diqqətli, daha yüngül addımlarla yeriməyə cəhd etdim. Axı düşmənin bağrında yaralar açdığı bu torpağı incidə bilərdim.
Yolboyu gözlərimdən yanağıma süzən yaş sanki ayağım torpağıma toxunanda  qurudu yanağımda. Sanki sinəmdə bir yumruq yaranmışdı. O yumruğu hələ də hiss edə bilirəm.

İlk təəssüratın acısı ilə avtobusa minirik.
İndi isə bələdçi hər kəsin eşidə biləcəyi bir səslə  istiqamətimiz ” Şəhidlər xiyabanınadır” dedikdən sonra  “bura Ağdam kanalıdır”, deyə sözünə davam etdi .
Qurumuş suyunun yerində mamır bitən su kanalı göründü.
Ağlıma bir anlıq Dədə Qorqudun oğuz elində igidlərinə etdiyi xeyir-dua gəldi.
“Kölgəlicə qaraağacın kəsilməsin, gur sulu bulaqların qurumasın”
Baxıb gördükdə ki, ağaclarımız da kəsilib, gur bulaqlarımız da qurudulub özümü sözün bitdiyi yerdə hiss elədim. Görünən mənzərə məni tamamən sarsıtdı…

Gəlib çatdıq Ağdamın şəhidlər xiyabanına. Bura tükürpərdicidir. Şəhid məzarlarının qərib, yetim çökəyi qalıb, adamın ürəyi parçalanır.
Milli qəhrəman Allahverdi Bağırovun məzarı da burada yerləşir. Elə həmən məzarın səmti ilə bəzi məzarların yerini tapmaq mümkün olub. Adam bilmir ayağını hara atsın ki, burada heç kəsi incitməsin. Heç kəsi…
Bəlkə sökülüb dağıdılanda, düşmən məzarları vəhşicəsinə yağmalayanda kiminsə sümüyünün bir zərrəsi qırılıb torpağa düşüb?!
Nəinki bu vəziyyət təkcə bu məzarlıqda,  Qarabağda, işğal altında olan bütün məzarlıqlarda eyni mənzərədir, goreşənlər bütün məzarları eşiblər.
Səfərimiz müddətində bizə bildirilmişdi ki, avtobus “Uzundərə” qəbiristanlığına getməyəcək. Yəni, biz əmimin məzarına gedə bilməyəcəyik.
Bibim şəhidimizin məzarına düzmək üçün aldığı qərənfilləri gətirərək “bütün şəhidlər bizimdir”- deyərək bizə verdi. Biz də bu qərənfilləri düzdük Allahverdi Bağırovun məzarına.

İndi isə səfər istiqamətimiz Ağdam cümə məscidinədir. Budur, dəhşətin tam mərkəzi görünür, viranəliyin içində mənim Ağdam şəhərim…
Bu viran olmuş halı ilə illərə meydan oxuyan, başını yerə dikməyən şəhərim. Xoş gördük xarabalığı da gözəl şəhərim!

Uzaqdan məscidin minarələri görünür.
Gəlib çatdıq 1868-ci ildə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmiş Cümə məscidinə. İbadət ocağının ətraflı dəmir hasara alınıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə məsciddə təmir işləri gedir. İşğalda olduğu müddət şəhərdə dağıntıya nisbətən az məruz qalan yer də elə buradır. Məscidin minarələri erməni hərbçilərinin ətraf ərazilərə nəzarət etmələri məqsədilə müşahidə qülləsi kimi, ibadət ocağının özü isə donuz və mal-qara saxlanılması üçün istifadə olunub.
Cümə məscidindən bizim evimizə cəmi 10 dəqiqəlik məsafədir. Hardadır ilk addımlarımı atıb yeridiyim evimiz, oynadığım küçəmiz?…
Təhlükəsizlik səbəbi ilə evimizə gedə bilmirik, buna heç cür icazə vermirlər.
Bu necə ağır bir hissdir, illərdir həsrətində olduğun evinin lap yaxınlığında olasan, ancaq evinə gedə bilməyəsən?! Bunu, bu hissi yaşayanlar daha yaxşı bilər..
Teatrı sökük-sönük, məscidi sükutlu, musiqi məktəbi lal-dinməz, səs-küylü bazarı tamamilə lal olan şəhər…
Dağıntılar o qədər qəddarlıqla, amansızcasına törədilib ki, bu şəhərdə bir küçə, küçədə bir döngə, döngədə isə bir ev tapmaq, tapdığın o evdən bir nişanə tapmaq özü bir qəhrəmanlıqdır.
Məscidin həyətində olarkən zərərsizləşdirilmiş minanın partladılmağı qəfil məni diksindirdi, ətrafa vahiməli səs yayıldı və sanki yer titrədi. Biz illər əvvəl “Qrad” mərmilərinin yağışı altında yurdumuzdan çıxmağa məcbur olmuşduq. Geri dönüşümüz də partlayış səsləri ilə yadda qaldı. Amma bunun ondan bir fərqi budur ki, bunlar bizi elimizdən, obamızdan didərgin salan bombaların izini silmək üçün partladılan məkirli mərmilərdir. Basdırdığı hər mina zərərsizləşdirilib partladılanda düşmənin bağrı da bax eləcə partlayır.
Təmir səbəbi ilə məscidə girə bilməsək də, həyətində durduğmuz müddətdə valideynlərim bura ilə bağlı xatirələrini danışdı və bu günu də xatirə olaraq fotoaparatın yaddaşına həkk edərək şəkillər çəkdik. Ardınca dağıntılar içində boy verən Ağdam məscidindən qürurlu və üzücü hisslərlə ayrıldıq.
Bir anda bələdçi bura  Süleyman Sani Axundov küçəsidir- dedi. Qeyri-ixtiyarı  anamın içini çəkməyi hamımızın ürəyin dağladı. Mən anamın içini belə çəkməyini bəlkə də həyatımda ilk dəfə idi ki, belə görürdüm…

İndi isə səfərimiz Şahbulaq qalasınadır. Avtobusun pəncərəsindən başıqarlı Murova, Cobandağ zirvəsinə, Şahbulağa baxırıq.
Əbdürrəhim Bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povestində təsvir etdiyi Qərvəndi də keçdik.
Bura isə Göytəpə kəndidir – deyərək bələdçi bizə baxdı. Ayağa qalxıb pəncərədən  boylandım, nə kənd, kənd hanı -deyə soruşdum. Nə kəndi xatırladacaq bir işarə, nə də bir iz yoxdur. Erməni vəhşiləri bu kəndi sözün əsl mənasında yer üzündən siliblər.
Bələdçi kənd adlarını sadalamağa davam etdiyi bir vaxtda, Tərnöhüd adını çəkən zaman həmən kəndin sakini, bizimlə birgə yol yoldaşı olan oğlan yerindən qəfil sıçradı. Baxın-baxın, bax o ev bizim evimizdir – deyərək təhlükəsizliyimiz üçün bizimlə birgə səfər edən polisə, bələdçiyə və sürücüyə icazə verin yaxına gedim – desə də onunla heç cür razılaşmadılar.
Gəlib çatdıq Şahbulaq qalasına. Bələdçi “50 dəqiqəlik yemək fasiləsindən sonra geri qayıtmalıyıq” – deyə sözünü bitirdi.
Kimi şəkil çəkdirir, kimi isə əzəmətli qalaya baxır…
Ancaq səfər yoldaşımız olan, evlərinin lap yaxınlığında dayanan qardaş nə yemək yedi, nə də bir stəkan Şahbulağın suyundan içdi. Məyus bir şəkildə evlərinə baxdı, baxdı. Onu evindən cəmi bir neçə addım ayırırdı. Sanki küsmüşcəsinə heç əyləşmədi də.

Daxil olduq qalaya. Pənahəli xan tərəfindən inşa etdirilmiş bu qala klassik Şərq üslubunda tikilmiş və Azərbaycan memarlığının incilərini özündə qoruyub saxlaya bilib. Ehtimal ki, qalanın adı da burada yerləşən gur sulu bulağın adından, Şah bulağın adından götürülüb. Cümə məscidi kimi buranın da dağıdılmamağına səbəb düşmənin qaladan müşahidə məntəqəsi kimi istifadə etməyi olub.

2005-çi ildə gördüyünüz bu qalada düşmənlər təmir işləri aparandan sonra bura eybəcər bir ad- Tiqranakert adı veriblər və  yetməzmiş kimi burada saxta tarix muzeyi də yaradıbdılar.
Azərbaycan əsgərinin çəkmələrinin səsini eşidəndə isə, gətirdikləri saxta eksponatları da qoltuqlarına vuraraq yollanıbdılar gəldikləri yerə…
Bu qaladan ətrafa nəzər yetirdikdə bir daha anlayırsan ki, həqiqətən də Ağdam varlığın yoxluq səhnəsidir. Hər daşı bir evi, hər cığırı bir yolu xatırladan şəhərin yoxluq səhnəsi.
Ağdamı dağılmış, viran qoyulmuş görmək çox ağırdır. Təsəllimiz “Nəsimi” filmində deyilən “Dövlət bəyin ölüsü də gözəldir”  ifadəsini xatırlamaq oldu.
Torpaq varsa, vətən var! Qalanı düzələr…
Əlbəttə, itən illərin yoxluq sükutu pozulacaq, sözü, səsi özünə qayıdacaq Ağdamın. Hər küçədən, hər kənddən ağdamlıların ürəyə yatan məlahətli, şirin səsiylə muğamlar yenidən səslənəcək.
Bizə ayrılan vaxt bitmək üzrədir. Biz Şahbulaqda naharımızı edib bitirdik.
Necə də qulağa xoş gəlir, biz Ağdamda nahar etdik…   
Uca səs ilə bələdçinin “zəhmət olmazsa, yekunlaşdırın, avtobus tərpənmək üzrədir” dediyini eşitdim. Buradan başqa yerdə dayanıb, dayanmayacağını sürücüdən soruşdum. Birbaşa Bərdəyə gedəcəyimizi dedi.Yanımızda olan, söhbətimizi eşidən polis nə lazımdır- deyə soruşanda cavabında mən nənəmin məzarına səpmək üçün torpaq, övladlarımın içməyi üçünsə su aparmaq istəyirəm dedim. Bunu eşidən polis  “narahat olmayın, gedin torpağ da yığın, su da götürün” – dedi. Tələsik bir vəziyyətdə, həyəcanla orada işləyən aşpaz xanımlara mənə torpaq yığmaq üçün kürək lazımdır, mənə kömək edə bilərsinizmi – dedikdə, bax ora, lap yanındadır – dedilər.
Kürəyi götürüb torpağı evdən apardığım paketə yığdım, butulkalara da Şah bulağın o gözəl suyundan doldurdum. Yavaşca ətrafa göz gəzdirdim, heç kimin görmədiyindən əmin olduqdan sonra fürsət bu fürsətdir deyib illərdir arzusunda olduğum hərəkəti etdim.
Ayaqqabılarımı çıxartdım, yalın ayaqlarımı vətən torpağına basdım. Bir ovuc da torpaq götürüb, ovuclarımda bərk-bərk sıxıb, öpüb qoxladım.
Bir daha əmin oldum ki, ayağın öz torpağına toxunanda özün olursan, varlığını hiss edirsən. Bu özünə qayıdışdır, ürəklə bu mənəm – deyə bilirsən!
Səssiz dediyin bu mən ifadəsi sanki, hərbidə əsgərlərin cərgədə uca səslə dediyi “mən” dən daha uca və əzəmətli səslənir. Elə gözəl torpaq qoxusu gəlir ki, ifadə etmək çətindir.
Bir kitabda oxumuşdum “Torpaq qoxusunu hamı sevər, çünki hər kəsin torpağa həmişəlik əmanət etdiyi bir əzizi vardır”.
Həsrətin izi  ilə birgə torpaqdan həm də qan qoxusu gəlirdi.  Sanki Ağdam uğrunda 6 mindən çox şəhid olmuş vətən oğullarının qanı torpağa qarışıb, bu torpaq qanla yoğrulub.
Yalın ayaqlarıma ilıq nəfəsin toxundu Vətən, sən sağimişsən ki!
Palçığına belə həsrət qaldığım vətənim, ayaqqabılarımı hələ də yumamışam. Axı bu vətən palçığıdır, palçığı da gözəl şəhərim… Palçığını belə xatirə kimi saxladığım Ağdamım, azadlığın mübarək…
Qələbən mübarək, Vətən, sənə  qələbə çox yaraşır!
Gözlə, gözlə  bizi, ilıq nəfəsli torpağım, mütləq həmişəlik olaraq sənə dönəcəyik, hələlik – deyərək əyləşdim avtobusa.



 Pərvın ŞAKİRQIZI.скачать dle 12.1