Bia.Az

İmişlidə koronavirus üçün geniş meydan... - VİDEOFAKT

Bölgə
 23-04-2020, 11:24     387

İmişlidə koronavirus üçün geniş meydan... - VİDEOFAKTArtıq xeyli müddətdir ki, İmişli Rayon Mərkəzi Poçtunda yaşanan biabırçılıqların, qol qoyulan çoxsaylı qanunsuzluq əməllərinin və s. varlığı haqda yayılan məlumatlar təkcə bu rayonun ərazisində deyil, hətta digər şəhər və rayonlarda da eşidilməkdədir. Bu günlərdə isə, redaksiyamızın elektron poçtuna növbəti məlumatlar və bir neçə video-çəkilişlər göndərilib. Daxil olan məlumatlara və həyata keçirilmiş çəkilişlərə diqqət yetirdikdə bəlli olur ki, Adəm Səfərovun rəhbərlik etdiyi İmişli Rayon Mərkəzi Poçtunda bu gün də növbəti biabırçılıqlar davam etməkdədir. Yəni hər kəsə bəllidir ki, hal-hazırda dünyanı ağuşuna alan koronovirus (COVİD-19) infeksiyasına qarşı ciddi mübarizə tədbirləri aparmaq məqsədilə, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah ölkəmizin bütün ərazisində xüsusi karantin rejimi tətbiq edib. Xüsusi karantin rejiminin tətbiq olunması səbəbindən, yaşı 65-i keçmiş şəxslərin bayıra çıxmaları qadağan olunub, digər yaş həddində olan şəxslərin hərəkətlərinə isə, müəyyən məhdudiyyətlər qoyulub.

Onu da bildirək ki, 04 may 2020-ci il tarixə kimi davam edəcək xüsusi karantin rejimi dövründə hər kəsin “Evdə qal” kompaniyasına qoşulması və xüsusi karantin rejiminin tələblərinə əməl etməsi qanunla müəyyən olunub. Belə bir səbəb üzündən də, dövlətimiz tərəfindən istər məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyata alınmış şəxslərə, istərsə də müəyyən olunmuş digər göstəricilərə cavab verən şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Bütün bunlar Azərbaycan hökumətinin koronavirus pandemiyasına görə təsdiqlədiyi Tədbirlər Planında öz əksini tapıb və cənab Prezidentinin sərəncamı ilə ayrılan vəsaitlər hesabına ödəniləcək məbləğ 200 min vətəndaşa şamil olunacaq. Fakt budur ki, hal-hazırda 190 manat birdəfəlik ödəmələri almalı olan şəxslər yaşadıqları ərazilərin yaxınlığındakı poçtlara, yaxud da poçt şöbələrinə getməklə həmin vəsaiti əldə edə bilirlər.

Xüsusi karantin rejiminin davam etdiyi bir vaxtda İmişli Rayon Mərkəzi Poçtunda yaşanan mənzərənin varlığı, sanki hər kəsi dəhşətə gətirir. Çünki, Mərkəzi Poçtun rəisi Adəm Səfərovun xüsusi karantin rejiminin tələblərinə əməl olunması yöndə lazımi tədbirlər görmədiyindən, 190 manat birdəfəlik ödəmələri alan sakinlər, poçtun içərisində bir-biri ilə olduqca yaxın məsafədə dayanırlar. Həyata keçirilmiş video-çəkilişlərdən də görünür ki, poçtun zalında heç bir qanun-qaydaya riayət olunmur, sakinlər maskadan, əlcəkdən istifadə etmirlər. Belə bir halın varlığı, məhz bir kimsədə ola biləcək pandemiyanın yayılma riskini daha da artırır. Digər tərəfdən, belə bir mənzərənin əmələ gəlməsində polis əməkdaşlarının üzərinə müəyyən məsuliyyət yükü də düşür.

İmişli Rayon Mərkəzi Poçtunda yaşanan mənzərənin varlığını təhlil edib belə bir nəticəyə gəlmək olar ki, Adəm Səfərov nə ölkə rəhbəri cənab İlham Əliyevin çağırışlarına, nə də ki, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejiminin qaydalarına məhəl qoymayan vəzifə sahibidir. Düşünürük ki, qeyd olunan ünvanda yaşananlarla bağlı aşkarlanan faktların varlığı aidiyyatı dövlət qurumlarının diqqətini cəlb edəcək və Adəm Səfərovun məsuliyyətinin müəyyən olunması yöndə lazımi addımlar da atılacaq.

Mövzunu diqqətdə saxlayacağıq.
скачать dle 12.1