Bia.Az

Füzuli Suvarma Sistemləri İdarəsində ŞOK QANUN POZUNTUSU - ÖZBAŞINA QALIBLAR...

Cəmiyyət
 17-05-2023, 11:05     172

Mart ayının 30-da yaradılmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilmiş Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Füzuli Suvarma Sistemləri İdarəsi Aşağı Seyidəhmədli kənd 30/414, Bala Bəhmənli Kəndində 30/427, Böyük Haramı ərazisində 30/428, Horadiz şəhər park ərazisində 30/256, Kürdmahmudlu kəndində 30/7 TD, Mahmudlu-2 kəndində 30/255, Alxanlı-Kollu kəndində 30/051 və Kürdmahmudlu kəndində 30/238 reper nömrəli subartezian quyularının əsaslı təmiri işlərinin satın alınması üzrə keçirmiş olduğu açıq tenderə yekun vurub və 10.05.2023-cü il tarixdə “OSKAR-AR” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 268.000 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib.

Sözügedən portalda Füzuli Suvarma Sistemləri İdarəsinin Tender Komissiyası açıq tenderin başlanma tarixini göstərməsə də tenderin bir mənbədən satınalma metodu ilə həyata keçirildiyini açıqlayıb. Bəs “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunu bir mənbədən satınalma metodunu hansı hallarda keçirməyi tələb edir?

Maddə 21. Bir mənbədən satınalma metodundan istifadə şərtləri: 21.1. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat bu Qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan istifadə edə bilər: 21.1.1. satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda; 21.1.2. mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda; 21.1.3. fövqəladə hallarla əlaqədar həmin mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda, satınalmanın digər metodlarından istifadə onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda; 21.1.4. satınalan təşkilat hər hansı malgöndərəndən (podratçıdan) malları, avadanlıqları, texnologiyanı və ya xidmətləri satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə və ya mövcud mallara, avadanlıqlara, texnologiyaya və ya xidmətlərə uyğunluğunu təmin etmək zərurəti baxımından onları həmin malgöndərəndən (podratçıdan) satın alınması qənaətinə gəldikdə.

Qeyd edək ki, 268.000 manat məbləğində qiymətləndirilmiş açıq tenderdə yol verilən qanunsuzluqlar elə bu maddədən görsənir. Belə ki, apardığımız kiçik bir araşdırma zamanı Füzuli Suvarma Sistemləri İdarəsinin satınalma müqaviləsi bağladığı “OSKAR-AR” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunun bu tələblərinə cavab verirmədiyi məlum oldu. Bu da konkret dəlillər.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “OSKAR-AR” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.01.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ŞİRVAN ŞƏHƏRİ, 20 YANVAR, ev 2/7, qanuni təmsilçisi kimi isə Musazadə Ziya Vaqif oğlu qeyd olunub.

Göründüyü kimi, MMC açıq tender müsabiqəsi başlamazdan bir-iki ay əvvəl dövlət qeydiyyatına alınıb. Bu MMC-nin bir mənbədən satınalma metodunda iştirakına necə yol verilib? Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir mənbədən satınalma metodun keçirilməsinin hansı hallarda yol verildiyini yuxarıda qeyd etmişik. Tenderin də subartezian quyularının əsaslı təmiri işlərinin satın alınması üzrə keçirildiyi elanda açıqlanıb. Yəni burada malların alınmasından söhbət getmir. Qalır subartezan quyularının təmiri. Təmir işlərinin aparılması üçün (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik çox MMC tapmaq olar. Yəni bu işləri görmək üçün əvəzedici, alternativi olan saysız hesabsış şirkət var. Maraqlıdır, Füzuli Suvarma Sistemləri İdarəsi nə üçün daha peşəkarlaşmış bir şirkəti deyil, məhz bir-iki ay əvvəl yaradılmış “OSKAR-AR” MMC -ni seçib? Axı Bu MMC-nin bir mənbədən satınalma metodu ilə tenderdə iştirakı ilə qanunun tələbləri qəti üst-üstə düşmür.

Qanunda göstərilir ki, mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda da bir mənbə satınalma metodundan istifadə etmək olar. Amma iki ayın MMC-si belə təcili tələbatı yerinə yetirə bilmək iqtidarındadımı? Digər tərəfdən, təmir xidməti nə vaxtdan əvəzedicisi və alternativi olmayan iş hesab olunur? MMC-nin hansı sahə üzrə ixtisaslaşması da məlum deyilsə.

Qanuna görə sifarişçi təşkilat hər hansı malları bir podratçıdan əvvəllər alıbsa, sonradan bir mənbədən satınalma metodundan istifadə edə bilər. Füzuli Suvarma Sistemləri İdarəsi “OSKAR-AR” MMC ilə əvvəllər hər hansı bir iş görə bilməzlər. Çünki MMC cəmi iki ay əvvəl yaradılmışdır. Bəs necə olur ki, Füzuli Suvarma Sistemləri İdarəsi satınalmadan iki ay əvvəl yaradılmış “OSKAR-AR” MMC ilə 268.000 manat məbləğində müqavilə bağlayıb?

Göründüyü kimi Füzuli Suvarma Sistemləri İdarəsinin Tender Komissiyası bir satınalmada ciddi qanun pozuntularına yol verib. Hansı ki, bu qanun pozuntusunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti görməyə bilməzdi.

Hələ üst qurum olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətlilərini demirik. Onlar bu qanun pozuntuntusuna necə yol veriblər? Qeyd edək ki, 2022-ci ilin yanvar ayında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində “Satınalmaların Təşkili və Müqavilələrin İcrasına Nəzarət” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. MMC-nin qanuni təmsilçisi isə Samir Teymur oğlu Məmmədovdur. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyindəki idarələrdə satınalmaları hər kəs istədiyi metodlarla keçirirsə, yəni satınalmaların təşkilinə nəzarət yoxdusa bu MMC nə üçün yaradılıb? Amma çox maraqlıdır ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti belə bir MMC-nin hansı zərurətdən yaradılması barədə heç bir məlumat verməyib. Məlumatı 27 aprel 2022-ci ildə elektron media vasitələri “Vergilər” qəzetinə istinadən yayıblar.

Əldə etdiyimiz məlumatlara görə Səhmdar Cəmiyyətinin tabeliyində xəlvət yaradılmış “Satınalmaların Təşkili və Müqavilələrin İcrasına Nəzarət” MMC-nin sədri Samir Məmmədov hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri vəzifəsini daşıyan Zaur Mikayılovun ən yaxın adamlarından biridir. Qeyd edək ki, Füzuli Suvarma Sistemləri İdarəsinin rəisi isə Atakişi Babayevdir.

Aktualinfo.org
скачать dle 12.1