Bia.Az

“DÜŞMƏNİN BÜTÜN AERODROMLARINI MƏHV ETMƏLİYİK...” – “Ukrayna ordusunun qələbəsi üçün üç “gümüş gülləyə” ehtiyac var”

Dünya
 15-05-2023, 13:45     160

Ukrayna ordusu uğurlu strateji hücum əməliyyatı keçirmək üçün Qərb müttəfiqlərindən tələb etdiyi silah və texnikanın demək olar ki, böyük hissəsini alıb. Buna baxmayaraq, Rusiya ordusuna qalib gəlmək üçün bir sıra mühüm komponentə ehtiyac duyulur. Bunlar 300 kilometr uçuş məsafəsi olan yüksəkdəqiqlikli raketlər, bəzi zirehli texnika növləri və hücum üçün kifayət edəcək sayda mərmilərdir. Digər yandan, Ukraynanın hava sahəsindəki mövqeyinin gücləndirilməsi üçün “F-16” qırıcılarının verilməsi məsələsi də tədricən həll edilmək üzrədir.
Ukrayna Xarici Kəşfiyyat Xidmətinin 2005-2010-cu illərdə rəhbəri olmuş general Nikolay Malamuj “Obozrevatel.com” saytına verdiyi müsahibəsində yuxarıda söylənilən məsələlərə münasibət bildirməklə yanaşı onu da deyib ki, obyektiv səbəblərdən Rusiya ordusu Baxmut uğrunda döyüşləri dayandıra bilmir. Cəbhənin bu hissəsini düşmənin güc və imkanlarının Ukrayna ordusunun əsas zərbə istiqamətindən yayındırmaq üçün istifadə etmək olar.
“AzPolitka.info” həmin müsahibəni təqdim edir:
- ABŞ-ın Avropa və Afrikadakı komandanlığının spikeri Donelli bəyan edib ki, Ukrayna müttəfiqlərdən 600 növ silah alıb və bunların heç də hamısı istifadə edilməyib. Onun sözlərinə görə, “gümüş güllə” ukraynalıların həmin 600 sistemdən istifadəyə hazır olmasıdır (“Gümüş güllə” metaforadır və qaranlıq güclərin məhv edilməsi üçün istifadə edilən silah anlamına gəlir). Uğurlu hücum üçün Ukraynanın aldığı kömək kifayətdirmi? Siz necə fikirləşirsiniz, bizim qələbəmizin “gümüş gülləsinin” əsasını nə təşkil edə bilər?
- İlk növbədə demək istəyirəm ki, həqiqətən də biz müttəfiqlərimizdən tələb etdiyimiz silahların və texnikanın 95 faizini almışıq. Sonuncu üç “Ramştayn” məhz bu məsələlərə həsr edilmişdi. Həll olunmamış yeganə məsələ təchizat və NATO ölkələrinin Ukraynaya verdikləri bəzi texnika və silahların yerini yenilərinin doldurulmasıyla bağlıydı.
Həqiqətən də Ukrayna 600-ə yaxın silah növü alıb. Əlavə olaraq çox həlledici və çox vacib məqamlar var. Bu, açıq mənbələrdən məlum olan məlumatlardır. Söhbət Britaniya istehsalı olan və “ATACMS” kimi 300 kilometrədək hədəfələri vura biləcək yüksəkdəqiqlikli raketlərin verilməsindən gedir. Müəyyən mənada bunu həmin “gümüş güllə” adlandırmaq olar.
Birincisi, bizə düşmənin cəbhədən uzaqda yerləşən bütün atəş nöqtələrini, aerodromlarını, mərmi və sursat anbarlarını, hərəkətdə olan ehtiyat qüvvələrini məhv edə biləcək 300 kilometrə hədəflənən raketlər lazımdır.
İkinci mühüm faktor zirehli texnikanın göndərilməsidir. Əsas etibarilə bu məsələ demək olar ki, həll olunub, bəzi kiçik şeylər qalıb.
Üçüncüsu isə milyon ədəd mərminin verilməsidir. Avropa bunun həllini çox uzatdı, amma, nəhayət, bir neçə gün əvvəl müsbət qərar verildi. Biz deyirik ki, aktiv döyüşlər və hücum əməliyyatı keçirilən zaman mərmi ehtiyatının sistemli doldurulması çox vacibdir. Ümumi şəkildə söyləsək, “gümüş güllə” yeni silahlar, texnika, qeyri-standart və çoxplanlı yüksək dəqiqlikli mərmilərdir.
- Uzun müddət ərzində Ukraynanın müttəfiqləri bizim Rusiya üzərində qələbə çalmağımızın nə anlama gələcəyi ilə bağlı dəqiq fikrə gələ bilməmişdilər. Nəhayət, ABŞ Konqresinə “Ukraynanın qələbəsi” adlı qətnamə layihəsi təqdim olundu, bu sənəddə Ukraynanın 1991-ci il sərhədlərinə qayıtmasının vacibliyi və Putin rejiminin məsuliyyətə cəlb olunması qeyd edilir. Sizcə, bu, Ukrayna üçün nə dərəcədə önəmildir?
- Mən hesab edirəm ki, bu ABŞ-ın sadə formal mövqeyidir, çünki qələbə ilə bağlı daha geniş mövqelərini Prezident Co Bayden, dövlət katibi Entoni Blinken və Pentaqon rəhbərliyi söyləyiblər. Bu onların rəsmi mövqeyidir. Buraya nəinki Ukraynanın ərazi bötövlüyünün bərpası, eyni zamanda da reparasiya da daxildir. Bu, Prezident Zelenskinin səsləndirdiyi sülh planına uyğundur.
Hesab edirəm ki, bu, Ukraynanın və onun sülh planının dəstəklənməsi baxımından daha bir müsbət siyasi və diplomatik addımdır və həm də nəinki bütün müttəfiqlərə, xüsusən də Çin və Hindistana göndərilən siqnaldır. Bu model BMT səviyyəsində işləyir və BMT-nin üzvü kimi Ukraynaının ərazisi bu sərhədlər çərçivəsində tanınır. Rusiya ilə bağlanmış böyük müqaviləyə görə də Ukrayna əraziləri bu cür tanınır. Sülh planı ilə bağlı ilk növbədə ABŞ administrasiyası və Bayden tərəfindən qətiyyətli addımlar atılmalıdır.
Düşünürəm ki, bu plan təkcə BMT Baş Assambleyasında səsə qoyulub dəstək almaqla yanaşı, eyni zamanda da BMT bazasında bu qətnaməni dəstəkləyən bütün ölkələrin bunu yerinə yetirmək öhdəliyinə çevrilməlidir. BMT-nin 142 üzvü bunu dəstəkləyib.
- Bu cür siyasi addımların ardından bizim ölkəyə yeni hərbi yardımın göstərilməsini gözləmək olarmı? Xüsusən də “F-16” qırıcıları verilərmi?
- Mən düşünürəm ki, bu ümumi siqnaldır, çünki ABŞ-da bir çox demokrat və respublikaçı artıq Ağ Ev administrasiyasından Ukraynaya “F-16” qırıcılarının verilməsini tələb edir. Bu qətnamənin qəbul edilməsi Konqresin baza mövqeyi olacaq və bizim ölkənin suverenliyinin bərpa edilməsi mexanizminin müəyyənləşdirilməsinə və onun reallaşmasına imkan yaradacaq.
“F-16” təyyarələrinin göndərilməsinin real proqramı ikinci mərhələdir və bu hazırda Ukrayna diplomatiyası və hərbçiləri tərəfindən aktiv lobbiləşdirilir. “F-16” qırıcı təyyarələrin verilməsi ilə əlaqədar Niderlandın Britaniya və ABŞ-la birgə danışqlara başlaması çox yaxşı əlamətdir. Bu, konkret addımdır.
- Müharibənin öyrənilməsi institutundan (Institute for the Study of War) bildirilir ki, Ukrayna ordusunun Baxmut yaxınlığında uğurlu, lakin kiçik əks-hücumunun əlamətləri görünür. Digər tərəfdən, “Vqner”in rəhbəri Priqojin deyir ki, guya onlar bu qaynar nöqtəni tərk edirlər. Düşmən Ukrayna ordusu ilə bütün cəbhə xətti boyunca qarşı-qarşıya dayanmaq üçün Baxmutu zəbt etmək cəhdindən əl çəkərmi?

- Hazırda heç kim Baxmutu tərk etmək istəmir, çünki bu Putin üçün həqiqət anıdır. Peskov bəyan edib ki, onlar bu yaşayış məntəqəsini zəbt etmək və sonra isə öz “xüsusi hərbi əməliyyatlarını” davam etdirmək niyyətindədirlər. Ona görə də, Priqojin özünün “Vaqner”i ilə oradan çıxmağa cürət edə bilməz, ona bunu aydın şəkildə deyiblər. Hələ üstəlik, Kadırov təkəbbürlü tərzdə deyib ki “biz böyük qardaşımıza nəzarət edirik”.

Müdafiənin təşkili modelinin özü bunu etməyi onlara imkan vermir, çünki onlar Rusiya Federasiyası silahlı qüvvələri sisteminə daxildirlər. İtkilərin necə olmasına və kimin geri çəkilməsinə baxmayaraq, Baxmut Putin üçün prioritet sayılır. ”Vaqner” Baxmutdan yalnız yeni komandanlıq formatında çıxa bilər, rotasiya edilməsi də mümkündür, amma indi bu nəzərdə tutulmur.

Daha bir məqam ondan ibarətdir ki, orada bizim hücumumuza məruz qalan ayrı-ayrı dəstələr məğlubiyyətə uğrayıblar, hətta qismən məhv də ediliblər. Bu o deməkdir ki, Ukrayna ordusu əks-hücumlarda müəyyən uğurlar əldə edib. Bu,Ukrayna ordusunun effektli döyüşdüyünü və “Vaqner”in mövqelərinin dağıdıldığını nümayiş etdirir.

Yeganə doğru fakt, Priqojinin dediyi kimi, cinahların boşalmasıdır. Bu o anlama gəlir ki, onsuz da böyük itkilər verən “Vaqner”ə qarşı cinahlardan daha effektli zərbə vurmaq olar. Elə bu səbəbdən də, düşünürəm ki, biz irəlidə də bu istiqaməti yaxşı müdafiə edib, “Vaqneri” və Rusiyanın daha güclü hazırlığa malik digər hərbi qruplarını əzəcəyik. Perspektivdə düşməni yayındırmaq üçün bu istiqamətdən istifadə ediləcək ki, biz digər strateji istiqamətlərdən güclü hücum əməliyyatları həyata keçirə bilək.скачать dle 12.1