Bia.Az

Tehrandan Bakının strateji müttəfiqinə ilginc hədə - İsraili “ürəyindən” vuracaq?

Gündəm
 13-05-2023, 12:29     271

Hərbi analitik: “İran sanksiya altında olsa da, Rusiya və Çin hesabına müdafiə sənayesini inkişaf etdirib, lakin yeni raketlərin Tel-Əvivə çatacağını söyləmək çətindir...”

“Tehran İsrailin tam ”ürəyində"ki hədəfləri vura bilən raketlər hazırlayıb".  “Yeni Müsavat” yazır ki, bu açıqlama ilə İranın Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Yusif Korbani çıxış edib.
Onun sözlərinə görə, İranın bu istiqamətdə irəliləyişi “yüksək səviyyədədir”. O, sanksiyalar rejimi altında uzaqmənzilli raketlərin və dəqiq idarə olunan raketlərin hazırlanmasını yüksək qiymətləndirib. İran ordusunun nümayəndələrinin fikrincə, raket texnologiyası baxımından İran “dünya səviyyəsindən yuxarıda” mövqe tutur. Korbaninin iddiasına görə, İranın hərbi aviasiyası Qərbi Asiyada ən güclüdür. O hesab edir ki, İranın “gücü” yəhudi dövlətini narahat edir. Qeyd edib ki, guya Tehran fövqəldövlətlərin “hərbi bərabərliyini pozacaq” vəziyyətdədir. Generalın sözlərinə görə, opponentlər ölkəni məhv etməyi düşünürlər. “Lakin onların bütün konspirasiyaları iflasa uğrayıb”, - deyə Korbani vurğulayıb.
Maraqlıdır, on illərdir sanksiyalar altında olan İranın hərbi sənayesi necə olub ki, inkişaf edə bilib və hətta qonşular üçün real təhlükə kəsb edir? Korbaninin söylədiklərində həqiqət payı nə qədərdir? Əlavə edək ki, molla rejiminin həm də atom silahı yaratmağın bir addımlığında olduğu deyilir. Eyni zamanda İran PUA-ları Ukrayna cəbhəsində işğalçılar tərəfindən istifadə olunur. 40 ildən çoxdur ki, sanksiyalar altında qalan Tehran hərbi sənaye kompleksini necə inkişaf etdirir? Tehran Bakının dostu olan İsraili uzaqmənzilli raketlərlə vura bilərmi?
Bu suallara cavab axtarmazdan əvvəl bir haşiyəyə də çıxaq ki, İsrailin baş naziri Benyamin Netanyahu parlamentin yay sessiyasınının açılışında Tehrana mesaj verib - İsrail İrana nüvə silahı əldə etməyə icazə verməyəcək. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan isə deyib ki, İran nüvə silahı əldə etməyə cəhd edərsə, Vaşinqton İsrailin sərbəst hərəkət etmək hüququnu tanıyır.
Bundan əlavə, yaxın həftələrdə İran Hərbi Hava Qüvvələri Rusiyanın ən son “Su-35" qırıcılarından ibarət ilk partiyanı təhvil alacaq. İlk partiyada 24 ədəd ”Su-35" olacaq. Bu barədə İsrail hərbi kəşfiyyatı “AMAN”ın qeyri-rəsmi ruporu olan “Intelli Times” media resursu xəbər verir.

Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirdi ki, İsrail və İran arasında informasiya savaşı gedir: “Ona görə belə bəyanatların səslənməsi təbiidir. Bu baxımdan İranın Hərbi Hava Qüvvələrin komandanının açıqlaması normaldır, çünki oxşar bəyanatlar İsraildən də səsləndirilir. Ümumiyyətlə, İran son illərdə taktik raket kompleksi sahəsində irəliləyiş əldə edib. Son sınaqlarda isə məlum olub ki, təxminən 1500 kilometr məsafədəki hədəfi vura bilən taktik raket kompleksləri mövcuddur. Amma bu raketlərin İsrailin paytaxtı Tel-Əvivə gedib çatıb-çatmayacağı haqda fikir bildirmək çətindir”.
Bununla belə analitik İranın nəzarətindəki Suriya ərazilərdən bu raketlərdən necə istifadə edə biləcəyinin qaranlıq olduğunu düşünür: “Demək çətindir ki, Tehran Suriyada kontrolunda olan yerlərdən həmin raketlərlə İsrailə zərbə endirə bilər, ya yox. Çünki dislokasiya yeri uzun çəkən prosesdir. Hər bir halda İsrailin də hava hücumundan müdafiə sistemləri təhlükənin qarşısını almaq iqtidarındadır. Bu baxımdan İsrail düşməni olan İrandan qorunmaq qabiliyyətinə malikdir”.
İran müdafiə sənayesini sanksiyalar dövründə necə inkişaf etdirməsinə gəlincə, R.Məmmədli qeyd etdi ki, hər şey 1991-ci ildən başlanıb: “Tehran ciddi layihələr həyata keçirib. Əvvəlcə, SSRİ ilə 80-ci illərdə razılaşmalar əldə etmişdi, buna əsasən həm raket sistemləri, həm radiolokasiya sistemləri yaradılması istiqamətində bir sıra layihələr həyata keçirməyə başladı. Sonrakı dövrdə isə Rusiya ilə ciddi əməkdaşlıq formalaşdırıldı. Və bu əlaqələr nəhayətdə İranın hərbi sənaye kompleksində inkişafına səbəb oldu. Bura Çinin də dəstəyini əlavə etmək lazımdır”.скачать dle 12.1