Bia.Az

Rasim Balayev: “Bu, ağlasığmazdır, mən tamamilə əlimi üzmüşdüm ki... “

Cəmiyyət
 11-05-2023, 16:32     239

“Bu ağlasığmazdır. Zamanında mən tamamilə əlimi üzmüşdüm ki, biz Qarabağı, Şuşanı itirmişik, daha oralara geri dönə bilməyəcəyik. Amma qələbə çaldıq və biz indi çox gözəl hislərlə o torpaqlara gedir, tədbirlərdə iştirak edirik”.

Bu sözləri Xalq artisti, məşhur aktyor Rasim Balayev Şuşada keçirilən “Xarıbülbül” festivalı ilə bağlı Musavat.com-a danışarkən deyib. Xalq artisti festivalda bütün türk dünyasından mədəniyyət və incəsənət kollektivlərinin iştirak etdiyini bildirib: “Bütün türk dünyası ölkələrindən böyük kollektivlər, rəqs qrupları, müğənnilər gəlmişdi. Bəlkə də sayları minə yaxın olardı. Yəni, tədbir o qədər gözəl təşkil olunub ki, çox böyük təəssüratlarımız var.
Prezident demişdi ki, Şuşa bütün türk dünyasının mədəniyyət mərkəzinə çevriləcək, getdikcə biz bunu görür, hiss edirik ki, ona doğru gedir. Bu gün Şuşada çox böyük işlər görülür, otellər tikilir. Bütün bunların hamısı fəxarət doğurur".
Xalq artisti 44 günlük Vətən müharibəsindən 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, hələ də bu istiqamətdə filmlər çəkilməməsindən gileylənib: “Kinomuzun bəlası budur ki, artıq 3 ilə yaxındır ki qələbə çalmışıq, igid oğlanlarımız şəhid olub, qazilərimiz var, amma hələ də bu haqda film çəkilməyib. Bu haqda film çəkmək bizim borcumuzdur, gərək bu borcun altından çıxaq, yaşadığımız müharibəni, qələbəni kinoda canlandıraq”.
Xatırladaq ki, mayın 9-da Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada növbəti “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb. Şuşa şəhəri budəfəki “Xarıbülbül” festivalına həm də “Türk dünyasının mədəniyyət paytaxtı” kimi ev sahibliyi edir. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi 2012-ci ildən həyata keçirilir. Şuşa bu missiyanı ötən ilin dekabrında Türkiyənin Bursa şəhərindən qəbul edib.
Üç gün (9-11 may) sürən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan (o cümlədən bu ölkənin Qaraqalpaqıstan Muxtar Respublikası), Macarıstan, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti təmsil olunur.скачать dle 12.1