Bia.Az

Kardiologiya İnstitutunun rəhbərliyi ittihamlara cavab verdi

Cəmiyyət
 9-05-2023, 15:50     207

“Son vaxtlar Elmi-Tədqiqat Kardiologiya İnstitutu və onun rəhbərliyinin fəaliyyətinə kölgə salmaq məqsədilə müxtəlif müsahibə və məqalələr yayımlanır. 8 may 2023-cü il tarixində informasiya saytlarında yayılan məqalə ilə bağlı bildiririk ki, orada qeyd edilən məlumatlar yanlışdır”.

Bakupost.az xəbər verir ki, bu fikirlər Elmi-Tədqiqat Kardiologiya İnstitutunun rəsmi açıqlamasında yer alıb.Açıqlamada bildirilir ki, son zamanlar Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşəbbüsü ilə heç bir işçinin əmək müqaviləsi ləğv edilməyib:“Məqalədə adıçəkilən şəxslərlə əmək müqaviləsi onların öz ərizələrinə əsasən (öz təşəbbüsləri ilə) müxtəlif vaxtlarda ləğv edilib. Məqalədə işçilərin Şuşa şəhərinə ezam edilməsi və onlardan həmin günlərin maaşlarından imtina etmələri barədə sənədləri imzalamalarının tələb olunması ilə bağlı məlumat doğru deyil. Çünki institut heç bir işçisini Şuşa şəhərinə ezam etməyib. Ola bilsin ki, hər hansı bir işçi könüllü olaraq Şuşa şəhəri və digər işğaldan azad olmuş ərazilərə gedib”.

Açıqlamada institutda baş verən neqativ hallarla bağlı mətbuatda gedən yazılara görə həkimlərin direktor tərəfindən hüquq-mühafizə orqanları ilə hədlənməsi məsələsinə də aydınlıq gətirilib:“Miokard infarktı şöbəsində kiçik elmi işçi vəzifəsində işləyən Nurlana Rüstəmovanın mətbuatda yayılan müsahibəsində qeyd etdiyi məsələlərin həll edilməsi üçün müvafiq əmr ilə aidiyyəti şəxslərə tapşırıqlar verilib. Xatırladaq ki, N.Rüstəmovanın həmin müsahibəsində institutun rəhbər heyətinin tapşırığına əsasən, həkimlərin müraciət edən xəstələrdən pul vəsaiti almaq məcburiyyətində qaldıqları qeyd edilib. Bu məsələyə aydınlıq gətirmək üçün qeyd edilən əmrdə N.Rüstəmovadan belə bir tələbin hansı vəzifəli şəxs tərəfindən ona verildiyi barədə məlumat tələb edilib. Ona bu məlumatlar verilmədiyi halda böhtan və işgüzar nifuzu ləkələyən məlumatın yayılmasına görə məsələnin hüquqi müstəvidə həll edilməsi aidiyyəti əməkdaşa tapşırılıb. Bundan əlavə, institun bütün struktur bölmələrinin rəhbərlərinə tabeliklərində olan işçilərə xəstələrdən hər hansı məbləğdə pul vəsaitinin alınmasının qadağa olması barədə məlumatın çatdırılması tapşırılıb. Eyni zamanda əmrdə aidiyyəti əməkdaşa vətəndaş məmnuniyyətinin artırılması üçün institut tərəfindən göstərilən tibbi xidmətlərin keyfiyyətinin ölçülməsi, habelə şəffaflığın yaradılması məqsədi ilə xəstələrdən müvafiq sorğuların alınmasına könüllülərin cəlb edilməsi tapşırılıb”.
Açıqlamada institutun girişində yaranan qarışıqlıqla bağlı məqama da münasibət bildirilib. Qeyd olunub ki, instituta müraciət edən vətəndaş sayı kifayət qədər çoxdur:“Növbəliliyin təmin edilməsi üçün institutun mühafizəsi vəziyyətin tənzimlənməsinə, xəstə qəbulu və qeydiyyat məsələlərinə yardımçı olur”.
İnstituta daxil olan xəstələrin müayinəsinin növü və müalicə metodları ilə bağlı iradlara isə mətbuat xidmətindən belə münasibət bildirilib:“İnfarkt və ürək çatışmazlığı şikayəti ilə daxil olan xəstələrə tibbi yardımın göstərilməsi, standartlarının hazırlanması məsələsinin institutun inzibati işlər gündəliyinə daxil edilməsi direktor tərəfindən aidiyyəti əməkdaşa tapşırılıb.
Angioqrafiya göndərişləri məsələsinə gəlincə, bu işi xəstə xidmətləri şöbəsi icra edir. Sığorta üzrə müqaviləsi olan bütün klinikalara göndərişlər rotasiya əsasında və tam şəffaflıqla həyata keçirilir. Daimi olaraq qeyd olunan göndərişlər Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığortanın nəzarətindədir”.
скачать dle 12.1