Bia.Az

Hər ay alimlərin sayı daha da artır - hara qədər?

Cəmiyyət
 5-05-2023, 10:46     287

Aprel ayında 35 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.  Bu barədə  Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib. Həmin müddətdə 53 nəfərə fəlsəfə doktoru, 12 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 30 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 5 nəfərə isə imtina cavabı gəlib.

Bundan başqa, keçən ay 16 nəfərə dosent, 4 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 5 nəfərə, professor elmi adı almaq istəyən 1 nəfərə imtina verilib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 2021-ci ilə dair rəqəmlərinə əsasən hazırda Azərbaycanda 14188 professor-müəllim və 19754 tədqiqatçı var. Onların da 11 min 698 nəfəri və ya 60%-i qadındır. Bu şəxslərin 1351 nəfəri və 7%-i elmlər doktorudur ki, onların da 314 nəfəri və ya 23 %-i qadındır. 5819 nəfər və ya 29% fəlsəfə doktorudur, onların da 3121 nəfəri və ya 54% qadındır.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə elmin sahələri üzrə tədqiqatçıların sayı 14351-dir. Onlardan 2501 nəfəri texniki elmlər, 4445 təbiət elmləri, 1864 tibb elmləri, 775 kənd təsərrüfatı, 1894 ictimai elmlər, 2872 humanitar elmlər üzrədir. Beynəlxalq Elmmetrik baza olan SJR-ə (SCIMAGO) görə Azərbaycandan 25 il ərzində (1996-2021) 19170 məqalə 775 nəfərdən kənd təsərrüfatı elmləri üzrə cəmi 776 məqalə çap edilib. İstinad sayı: 5844. “H” indeksi 34 olub.
Statistikadan da görünür ki, ölkədə 14 mindən çox professor var. Bununla belə, ölkədə elmin səviyyəsi o qədər də ürəkaçan deyil.
Belə ki, beynəlxalq bazalarda 242 ölkə arasında Azərbaycan 94-cü yerdə qərarlaşıb. Ekspertlər qeyd edir ki, bunun da səbəbi ölkəmizin “H” indeksinin aşağı olmasıdır. Xatırladaq ki, “H index” və ya “Hirç indeksi” ABŞ-ın San-Dieqo şəhərindəki Kaliforniya Universitetinin əslən Argentinadan olan fiziki Jorge Hirç tərəfindən 2015-ci ildə irəli sürülən elmi dəyərləndirmə göstəricisidir. “Hirç indeksi”ni müəyyən etmək üçün nəzərdən keçirilən məqalələr onlara edilən istinadların sayı ilə xarakterizə olunur. Beynəlxalq səviyyədə məqalələr yazan alimlərimizin sayı isə çox azdır.
Bir neçə ay öncə Azərbaycanda professor elmi adının verilməsi ilə bağlı qaydalara dəyişikliklər edildi. Prezident İlham Əliyevin fərmanı ilə “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə edilən dəyişiklikliyə əsasən, professor elmi adı almaq üçün şərtlər sərtləşdirildi. Bəzi ekspertlər qeyd edirdi ki, əvvəlki illərdə elmi ad və dərəcələrin verilməsi ilə bağlı xeyli boşluqlar olub və aidiyyəti olmayan şəxslər bu vəziyyətdən sui-istifadə ediblər, lakin yeni qanun dəyişiklikləri bu problemin aradan qaldırılmasına yönəlib.
Bu arada mediada professor İdris Abbasovun elmi dərəcə və ada görə verilən imtiyazların ləğv olunması ilə bağlı çağırışı yayılıb. 
Təhsil haqqında qanunda dəyişikliklər (Elşən Qafarov) - ARB24 (Gündəm) -  YouTube
Elşən Qafarov
Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert professor İdris Abbasovun fikirləri ilə razılaşdığını bildirdi: “Mən İdris Abbasovla tam razıyam. Çünki beynəlxalq təcrübədə fəlsəfə, elmilər doktoru, alimlər məhz bu adı daşıdıqlarına görə xüsusi imtiyazların verilməsi insanda bir arxayınçılıq yaradır. Yəni şəxs elmlər, fəlsəfə doktoru olduqdan sonra öz üzərində  işləmək istəmir. Bu baxımdan, düşünürəm ki, beynəlxalq təcrübədə olduğu kimi Azərbaycanda da alimlərin ixtiralarına, "H" indeksinə görə müəyyən dərəcələr müəyyən edilməlidir,  hansı ki onların  stimullaşdırılması bunun üzərində olmalıdır. Alim daim üzərində işləməli, tədqiqatlar etməlidir. İdris Abbasov həqiqətən də Azərbaycan elm sahəsinin ağrılı bir məqamını dilə gətirib.
Məlum olduğu kimi, Azərbaycanda 15 minə yaxın alim var və bu heç də kiçik rəqəm deyil. Lakin ölkəmiz elm sahəsində tanınmır və 15 min  alimin hansı elmi işlərlə, tədqiqatlarla məşğul  olduğu, təcrübələr apardığı haqda heç bir informasiya yoxdur. Nəticə etibarı ilə araşdıranda məlum olur ki, fəlsəfə doktoru adı alanların böyük əksəriyyəti neqativ yollarla bu ada sahib olub və dövlətdən imtiyazlar əldə edirlər. Doğrudur, bu imtiyazlar elə də böyük vəsait deyil, amma hər halda, faktlar var. Onlarla alimimiz var ki, onların elmi rəhbəri ya atası, qayınatası, ya da qardaşıdır. Aydın məsələdir ki, onun elmi işi yazdırılıb. Sosial şəbəkələrdə gedən elanlardan da görürük ki, 5-6 min manata elmi işlər yazanlar var. Çəkinmədən, açıq-aşkar status yazıb, nömrələrini qeyd edirlər ki, “elmi iş yazdırmaq istəyən müraciət edə bilər”. Bu məsələni həm də hüquq-mühafizə orqanları diqqətə götürməlidir. Bu baxımdan, bir daha qeyd edirəm ki, aldıqları elmi ada görə deyil, elmi fəaliyyətlərinə görə alimlər stimullaşdırılmalıdır".
“Alimlərimiz niyə beynəlxalq səviyyədə məqalə yaza bilmir - buna vəsait, yoxsa bilik çatmır” sualımıza ekspert bu cür cavab verdi: “Ümumiyyətlə, bizim alimlərimizin elmi tədqiqat aparmaq bacarığı yoxdur və problem buradan qaynaqlanır. Bu gün alimlərimiz titul qazanır, daha sonra ali məktəblərdə dərs deyir, fərqli əmək haqqı alır, vəssalam. Çox nadir hallarda beynəlxalq səviyyəyə çıxan, məqalələri dərc edilən alimlərimiz olur. Lakin qeyd edim ki, bu məsələ ilə bağlı dövlətimiz artıq addımlar atır. Belə ki, Prezidentin sərəncamı ilə "Xaricdə təhsil"in ikinci proqramı təsdiq olunub və artıq daha çox magistrant və doktorantlar xarici ölkələrin aparıcı ali məktəblərinə təhsil almağa göndərilir. Ümid edirik ki, yaxın vaxtlarda həmin şəxslər təhsillərini başa vurub, ölkəyə geri döndükdən sonra bu sahədə bir dönüş olacaq".//“Yeni Müsavat”//скачать dle 12.1