Bia.Az

Qarabağdakı 120 terrorçu, Tohid və Orxanın qurban verilməsi...

KÖŞƏ YAZARLARI
 2-05-2023, 18:56     2 135

Fikrət Fəraməzoğlu

Artıq bir neçə gündür uzun zamandır Azərbaycan əleyhinə təbliğat aparan, “Kərimə dövlət” adlı bir qondarma “dövlət” qurmaq üçün çalışdıqlarını bəyan edən, habelə Gəncə hadisələrində adları keçən və bununla bağlı Bakı tərəfindən beynəlxalq axtarışa verilən Tohid İbrahimbəyli və Orxan Məmmədovun İran hüquq mühafizə orqanları tərəfindən həbs olunduğuna dair məlumat yayılıb.

Qeyd edim ki, hər iki şəxs vaxtıyla general Qasim Süleymaninin təşəbbüsü ilə yaradılmış, Yaxın Şərq və bölgə dövlətləri üçün nəzərdə tutulan “Hüseyniyun” təşkilatının aparıcı liderləri hesab olunurlar. Lakin İran tərəfi rəsmi olaraq bu şəxslərin həbs olunduğunu hələ də təsdiqləməyib. Yalnız bir neçə sayda bu barədə məlumat gedib ki, onun da mötəbərliyinə tam əmin olmaq mümkün deyil.
Amma bu halın baş verməsi mümkün görünə bilər. Buna səbəb də son zamanlar İran və Azərbaycan arasında ciddi problemlər baş qaldırıb. Hər iki tərəf “cəsus axtarışları”na start verib. Azərbaycan hüquq mühafizə orqanlarının son bir ayda keçiridikləri əməliyyatlar zamanı 400-dən çox İranla bağlı olan şəxsi saxlayıb. Elə İran da boş oturmayıb. Sadəcə, Tehran Bakıdan fərqli olaraq, bu ölkəyə ticarət məqsədi ilə səfər etmiş şəxsləri saxlamağa başlayıb. Yəni, heç bir əsas və hüquqi zəmin olmadan, ağına-bozuna baxmadan Azərbaycan vətəndaşlarını saxlamaqla məşğuldur.
Son günlər Tehranın təşəbbüsü ilə Bakı ilə bəzi təmasların bərpa olunması münasibətlərin düzələ biləcəyinə müəyyən ümidlər yaradıb. Belə ki, İran XİN başçısı Hüseyn Abdullahian və Azərbaycanın XİN başçısı Ceyhun Bayramov arasında bir neçə telefon danışıqları olub. Həmin danışıqlarda münasibətlərin yenidən qurulması məsələsi müzakirə edilib. Ardından isə İranın Ali Təhlükəsizlik Şurasının sədri Əli Şəmxaninin Bakıya səfər etməsinin mümkünlüyü bildirilir.
Bütün bunlar, parçalar birləşdirlərsə, vəziyyətin kritik dönəmdən yeni mərhələyə çıxış üçün zəmin olduğunu deməyə imkan verir. Bu fonda Tohid və Orxanın saxlanılması belə deməyə əsas verə bilər ki, İran uzun zamandır Azərbaycanın israrla ekstradasiyasını tələb etdiyi hər iki şəxsi qurban verməyə hazırdır. Təki, münasibətlər normallaşsın. Ancaq məsələyə bu qədər bəsit baxmaq da olmaz.
Əvvəla nəzərə alaq ki, Tohid və Orxan uzun zamandır İranda yaşayır, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən hazırlanmış şəxslərdirlər. Onların İran vətəndaşı olmaları də qəti şübhə doğurmur. Çünki İran kəşfiyyatı öz yetişdirdiyi adamları belə bir pasportla təmin etməmiş, bu cür oyunların içinə daxil etməz. Belə olan halda, İranın onları həbs etdikdən sonra Azərbaycana təhvil verməsi də indnaıdırcı deyil. Ona görə ki, Tohid və Orxanın İran vətəndaşı olmasını əsas gətirib, onlarla bağlı tədbiri özləri görəcəyini bildirəcəklər.
Təsəvvür edin ki, İran uzun illərdən bəri özünə agent yetişdirib. Onlar üçün xeyli xərc çəkib. Təlimlər, təlimatlar, hazırlıqlar və bir sıra əməliyyatlara salıblar. Paralel olaraq, Tohid və Orxan həm də sirr daşıyıcılarıdır. Onlar ETTELAT və ya SEPAH-ın kəşfiyyat qolunun “mətbəxindən” müyyən qədər xəbərdardırlar. Əllərində kifayət qədər qiymətli məlumatların olması da şübhəsizdir. Üstəlik, onlar Azərbaycandakı şəbəkənin hansı miqyasda və kimlərdən təşkil olunduğunu da bilirlər. Belə olan halda, İran həmin sirr daşıyıcılarını Azərbaycana verərmi? Nəinki İran, heç bir ölkə belə bir addım atmaz. Belə bir addım atmaq, həmin ölkənin başqa bir ölkələrdəki bütün agent şəbəkəsində etimadsızlıq yaratmaqla yanaşı, həm də cəsusluqdan və ya İrana işləməkdən imtinalara gətirib çıxara bilər. Ona görə də, İran heç vaxt bu riski gözünə almayacaq və Tohidlə Orxanı Azərbaycana ekstradasiya etməyəcək.
Amma hər iki adamın həbsindən manipuliyativ vasitə kimi istifadə edəcək. Azərbaycana “sizə qarşı təbliğat aparan, təxribatçılıqla məşğul olan adamları həbs etdik, onları özümüz cəzalandıracağıq” deyəcəklər. Ekstradasiya isə olmayacaq.
Tohid və Orxanın həbsi təkcə, İran-Azərbaycan münasibətlərini normallaşdırmaq üçündürmü? Nəzərimcə, İranın başqa bir problemi daha var. Bu problem barədə indiyə qədər müəyyən qədər danışılıb. Lakin qalmaqal səviyyəsinə çatmayıb. Amma Laçın-Xankəndi yolu üzərində Sərhəd Nəzarət Məntəqəsi və Gömrük xidmətinin təşkil olunmasından sonra durum daha ağır şəkil ala bilər. Söhbət İranın Qarabağa göndərdiyi hərbi instruktorlarından gedir.
Xatırladım ki, Azərbaycan tərəfi hələ bir müddət əvvəl bildirmişdi ki, İrandan Qarabağa xeyli sayda adam göndərilib. Hətta onların bir çoxunun pasport görüntüləri belə yayılmışdı. Həmin şəxslərin Qarabağa nə üçün getdikləri barədə təfsilatı ilə bağlı heç nə deyilmirdi. Lakin Bakının narazılığından aydın olan o idi ki, İran SEPAH-ın Bəllucistandakı bazasından Qarabağa göndəridyi həmin şəxslər nə fəhlə, nə də mühəndislərdir. Onlar Qarabağdakı separatçılara dağlıq ərazidə döyüşməyi, habelə İran istehsalı olan silahlardan istifadəni öyrətməklə yanaşı, beton bunkerlərin (ermənilər bundan köhnə cəbhə xətti boyunca geniş istifadə etmişdilər) inşasını həyata keçirən mütəxəssislərdirlər.
Niyə məhz Bəllucistandakı bazadan? Bəllucistan dağlıq ərazidir, orada Bəlluc Azadlıq Ordusuna qarşı davamlı əməliyyat keçirildiyindən SEPAH-ın sözügedən məntəqədəki bazası bu istiqamətdə yaxşı təcrübəyə malikdir. İkincisi, bu bazanın hərbçiləri olduqca qəddar adamlar hesab edilirlər.
Bəs, İranın narahatlığı nədir? Özəl mənbələrdən əldə etdiyim məlumatlarda qeyd edilir ki, hal hazırda Qarabağda İran tərəfindən göndərilmiş “mütəxəsisslərin” sayı 120 nəfərdir. Onlar Qarabağdakı separatçıların qondarma “müdafiə ordusu”nun geyimində dolaşırlar. Davamlı təlimlər keçməklə bərabər, həm də Qarabağda beton istehkamlar qurulması prosesinə nəzarət edirlər.
Problem odur ki, həmin 120 nəfər Qarabağdan çıxarıla bilmir. Hazırda da Xankəndidədirlər və İran onları çıxarmaq üçün bütün imkanlarından istifadə etməyə başlayıb. Laçın dəhlizi bağlandıqdan sonra isə əlavə problem də yaranıb ki, SEPAH-ın 120 nəfərlik qrupu Ermənistana çıxmaq imkanlarından məhrum olublar.
İranı indi narahat edən əsas məqam odur ki, əgər həmin 120 terrorçu Azərbaycanın əlinə keçərsə, bu onlar üçün ciddi başağrısı olmaqla yanaşı, həm də əlavə problemlərə yol açacaq. Söhbət təkcə, Azərbaycan və İran arasındakı gərginliyin daha şiddətli şəkil almasından getmir. Həm də İranın bölgə ilə bağlı bir çox planlarının iflasa uğraması reallaşacaq, həm də beynəlxalq qalmaqala səbəb olacaq.
Görünən və bilinən, həm də odur ki, İran Tohid və Orxanı təkcə, münasibətləri düzəltmək üçün deyil, həm də 120 SEPAH terrorçusunu Qarabağdan çıxarmaq üçün həbs edib və onları qurban verməyə hazırlaşır.
Bir daha qeyd edirəm ki, İran bu prosesdə bir çox öhdəliklər üzərinə götürməyə razı olacaq, lakin Tohidlə Orxanı ekstradasiya etməyəcək.
Bir sözlə, indi bazarlıq vaxtıdır. Azərbaycan və İran nəyi alacaq, nəyi verəcəklər, bunu masa arxasında həll edəcəklər.скачать dle 12.1