Bia.Az

Yeni qanunun QURBANLARI – Son 2 ayda fəaliyyətini dayandıran 18 PARTİYA – SİYAHI

Siyasət
 28-04-2023, 11:45     316

2023-cü ilin yanvarın 11-də “Siyasi partiyalar haqqında” qanunun qəbulundan sonra ölkəmizdə fəaliyyət göstərən bir sıra partiyaların özünü buraxması prosesinə start verilib. Son iki ay ərzində isə partiyaların fəaliyyətini dayandırması artıq ənənəyə çevrilib. Demək olar ki, bir neçə gündən bir, mütəmadi olaraq hansısa partiya özünü buraxması ilə bağlı bəyanat yayır.

Bunun nəticəsidir ki, artıq özünü buraxan partiyaların sayı 17-ə çatıb. Görünən qədərilə, qeydiyyat tələblərinin ağırlaşdırılması, xüsusilə də 5 min üzv sayı tələbi partiyaları fəaliyyətini dayandırmağa sövq edir.

Bizim.Media son iki ayda fəaliyyətini dayandırdığını elan edən partiyaları araşdırıb:


ANAP
İlk olaraq özünü buraxan partiya Abutalıb Səmədovun rəhbəri olduğu Azərbaycan Naminə Alyans Partiyası oldu. Bu partiya mart ayının 2-də öz fəaliyyətinə xitam verdiyini elan edib. ANAP 17 noyabr 1994-cü ildə təsis edilmişdi.
Təkamül Partiyası 
Azərbaycan Təkamül Partiyası martın 9-da buraxıldığını elan edib. Sədri Teyyub Qəni oğlu idi. Partiya 1995-ci ildə yaradılıb.
Azərbaycan Birlik Partiyası
Azərbaycan Birlik Partiyası da martın 9-da siyasi səhnədən getdiyini bəyan edib. 1992-ci ildə qeydiyyata alınan partiyanın sədri Xudu Xudiyev idi.
Milli Vəhdət Partiyası
Milli Vəhdət Partiyası martın 13-də fəaliyyətinə son qoydu. Sədri Yunus Oğuz idi. Partiya 2002-ci ildə qeydiyyatdan keçmişdi.
Azad Respublikaçılar Partiyası
Ondan bir gün sonra, martın 14-də isə Azərbaycan Azad Respublikaçılar Partiyası da bağlandığını elan edib. Sədri Kamil Seyidov idi.
Azərbaycan Respublikaçılar Partiyası
Aprelin 9-da Sübut Əsədovun rəhbəri olduğu Azərbaycan Respublikaçılar Partiyası da fəaliyyətinə son verdi. Bu partiya 1999-cu ildə təsis edilib.
Sosial Rifah Partiyası 
Azərbaycan Sosial Rifah Partiyası martın 23-də siyasi fəaliyyətini dayandırdığını bəyan edib. Partiya 1995-ci ildə qeydiyyata alınıb. İlk sədri Xanhüseyn Kazımlı olub. Onun istefasından sonra isə qızı Əsli Kazımlı sədr olub.
Liberal Demokrat Partiyası 
Aprelin 1-də Azərbaycan Liberal Demokrat Partiyası da siyasi səhnədən getdiyini elan edib. 1999-ci ildə yaranan partiyanın sədri Fuad Əliyev idi.
Sosial Demokrat Partiyası
Aprelin 4-də Azərbaycan Sosial Demokrat Partiyası da siyasi fəaliyyətinə son qoyduğunu bəyan edir. 1990-cı ildə təsis edilmiş ASDP-nin sədri Araz Əlizadənin vəfatından sonra rəhbərsiz qalmışdı.
Vahid Kommunist Partiyası
Aprel 4-də Azərbaycan Vahid Kommunist Partiyası da siyasi fəaliyyətinə son verib. 1995-ci ildə qeydiyyata alınıb. 2019-cu ildə Musa Tukanovun vəfatından sonra partiya sədrsiz qalmışdı.
Müstəqil Azərbaycan Partiyası
Müstəqil Azərbaycan Partiyası aprel ayının 6-da fəaliyyətinə xitam verir.
Yeni Yol Partiyası
Aprelin 8-də Yeni Yol Partiyası da siyasi səhnədən getdiyini bildirir. Sədri Ramil Hüseynov olan bu partiya 2022-ci ilin avqustunda qeydiyyata alınmışdı.
Milli Demokrat Partiyası
Aprelin 12-də Azərbaycan Milli Demokrat Partiyası da bağlanır. Sədri Tufan Kərim idi. Partiya Boşqurd Partiyası adı ilə 1992-ci ildə yaradılıb. 1995-ci ildən isə AMDP kimi fəaliyyət göstərirdi. Mərhum daxili işlər naziri İsgəndər Həmidov partiyanın sabiq sədri olub.
Aydınlar Partiyası
Aprelin 14-də Qulanhüseyn Əlibəylinin rəhbəri olduğu Aydınlar Partiyası fəaliyyətinə son verdi. 2008-ci ildə təsis edilmişdi.
Müstəqil Xalq Partiyası
Aprelin 18-də Müstəqil Xalq Partiyası da öz fəaliyyətinə xitam verdi. Sədri Əflan İbrahimov partiya 2020-ci ildə qeydiyyatdan keçmişdi.
Qorqud Partiyası
Qorqud Partiyasının sədri Firudin Kərimov da mətbuata açıqlamasında yaxın günlərdə partiyanın buraxılacağını bəyan edib.
Vahid Azərbaycan Milli Birlik Partiyası
Aprelin 27-də isə Vahid Azərbaycan Milli Birlik Partiyası özünü buraxması barədə bəyanat yayıb. 1993-cü ildə dövlət qeydiyyatına alınan partiyaya istiqlalçı deputat Hacıbaba Əzimov rəhbərlik edirdi.
скачать dle 12.1