Bia.Az

Prezidentin aqrar siyasətinə Cəlilabadda kimlər “elektroşok” zərbəsi vurur?

Fakt
 28-04-2023, 11:11     434

Dövlətin aqrar sahənin inkişafı, idxaldan asılılığın minimuma endirilməsi, kənd yerlərində yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, ölkədə ərzaq bolluğunun yaradılması,qida təhlükəsizliyinin təmin edilməsi, keyfiyyətli məhsullar istehsal etməklə onların ixracına nail olunması kimi məsələləri prioritet sayıldığı hamıya məlumdur. Bu sahədə artıq müəyyən işlər də görülmüşdür. “Made in Azerbaijan” brendi ilə bir çox məhsullarımız ixrac edilir. Bu isə istehsalçılara əlavə stimul verir və onlar daha çox və daha keyfiyyətli məhsul yetişdirib yaxşı gəlir əldə etməyə çalışırlar. Sözsüz ki, bu uğurların özəyində Prezident İlham Əliyevin aqrar sektorun inkişafı üçün hərtərəfli və ardıcıllıqla həyata keçirdiyi tədbirlər dayanır.

Dövlətimizin başçısının aqrar sahənin inkişafına göstərdiyi yüksək diqqət və qayğı, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi ilə bağlı imzaladığı sərəncamlar, habelə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirilməsi iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Cəlilabad rayonunda da aqrar sahənin inkişafına güclü təkan vermiş, taxılçılığın, üzümçülüyün, kartofçuluğun, meyvəçiliyin və heyvandarlığın inkişafı üçün möhkəm zəmin yaranmışdır.
Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, rayonda bəzi məmurların səbatsızlığı, korruptiv əməlləri sayəsində aqrar sektor tam gücü ilə inkişaf edə bilmir.

Cəlilabadda əsas su mənbəyi Biləsuvar ərazisindən rayona daxil olan Cənubi Muğan kanalının qolu, subartezian quyuları və sututarlardır. Lakin ən çox tələbat artezian və subartezian quyularınadır. Çünki havalar quraq keçəndə suvarma suyu məsələsi daha da aktuallaşır. Hazırda rayonda kartof mövsümünə hazırlıq gedir. Əhali öz pay torpaqlarını əkib-becərir. Rayon mərkəzinə yaxın kəndlərdə yaşayan sakinlər əkinlərinin suvarma suyuna tələbatını ödəmək üçün artezian quyuları qazıblar. Mütəxəssislərin də təsdiqlədikləri kimi, hazırda yeraltı suların səviyyəsinin aşağı düşməsi prosesi getdiyindən, quyulardan suyun çəkilərək əkinlərə ötürülməsi üçün elektrik nasoslarından istifadə qaçılmazdır. Mediatv.az-ın redaksiyasına müraciət edən

Cəlilabad sakinləri şikayətlənirlər ki, “Azərişıq” ASC-nin Cəlilabad rayon Elektrik şəbəkəsinin işçiləri bu prosesə mane olurlar.

Sayğac göstəriciləri üzrə istehlak etdikləri elektrik enerjisinin pulunu vaxtında ödəyən fermerlərdən tələb edirlər ki, quyulardan əkin sahələrinə suyun vurulmasını təmin edən elektrik enerjisi üçün əlahiddə transformator quraşdırsınlar, ya da hər istifadəçi onlara 100 manat rüşvət verməlidir. Yəqin ki,aidiyyatı qurumlar şəbəkə rəhbərliyi işçilərinin əhalinin narazılığına səbəb olmuş bu özbaşınalıqlarından xəbərsizdirlər.Rayon rəhbərliyi nəyə görə problemə konstruktiv müdaxilə etmir? Bəlkə istəyir ki, Saatlıda baş vermiş “su üsyanı” Cəlilabadda da təkrarlansın? Niyə Cəlilabad Elektrik Şəbəkəsindən soruşan yoxdur ki, fermerlərin su nasosları indiyədək mövcud olan elektrik transformatorlarının neçəsini sıradan çıxarıb?

Yaxud, problem bu qədər dərindirsə, sizin tələb etdiyiniz 100 manat onu necə həll edəcək?
Mövzuya qayıdacağıq.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

Turantv.Azскачать dle 12.1