Bia.Az

Fənnin adı, yoxsa, məktəbin məzmunu – nə dəyişməli?! – AKTUAL

Cəmiyyət
 28-04-2023, 10:46     244

Özəl məktəblərdə şagirdlərimiz problemlərin həlli istiqamətində kifayət qədər yaradıcı düşünə bilir. Ola bilər ki, Azərbaycanda fənlərin adı son 70-80 ildə dəyişmir. Bu, tək bizdə yox, bir çox ölkələrdə də belədir”. Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumunda çıxışında deyib.
Nazirin sözlərinə görə, məktəbin məzmunu mütləq dəyişməlidir: “Çünki həmin fənlər məktəb proqramına salınanda nə dayanıqlı inkişaf, nə davamlı inkişaf prioritetləri, nə də iqlim dəyişiklikləri sözləri hələ məktəbə məlum deyildi. Bu mənada həmin anlayışları Azərbaycan məktəbinə gətirdiklərini görə həmkarlarıma təşəkkür edirəm”.
“Məktəbdə hazırlanan şagird sabah onu həyatda gözləyən təhdid və reallıqlara hazır böyüməlidir. Yəni biz şagirdi hansısa nəzəri və ya konseptual məsələlərlə hazırlaya bilərik, lakin biz onu da başa düşməliyik ki, strukturu düzgün qurulmuş beyin həmişə içi düzgün doldurulmuş beyindən daha yaxşıdır. Bu mənada bu və digər məsələlərə yanaşmanı şagirdlərə təbliğ etmək önəmlidir”, – deyə E.Əmrullayev əlavə edib.
O bildirib ki, təhsilin əsas məqsədi təhsilini bitirən birinin bəlli il və vaxt keçdikdən sonra öyrəndiklərini xatırlamasıdır: “Çünki əzbər öyrədilən biliklər adətən yaddan çıxır. Amma yanaşma və məsələyə münasibəti hər zaman onunla birlikdə qalır”.
Qeyd edək ki, nazirin bu fikirləri heç də hamı tərəfindən birmənalı qaşılanmayıb və sosial şəbəkələrdə geniş müzakirə predmetinə çevrilib. Bir çox istifadəçilər fənlərin adının dəyişdirilməsinin təhsildəki problemlərdən çıxış yolu olmadığını deyərək, öz iradlarını bildiriblər. Hətta, “Özümüzdən yeni fənlər kəşf etməyək” kimi çiddi iradlar da səsləndirilib.
Bəs, görəsən, fənlərin adının dəyişdirilməsinə ehtiyac varmı? Bu addım təhsildə nəyi dəyişəcək?
Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov bizimlə söhbətində qeyd edib ki, nazir sözügedən açıqlamasında böyük ehtimalla kurikulumların inteqrativ xarakterini nəzərə alaraq, inteqrativ fənlərin yaradılacağını nəzərdə tutub:
“Belə olacağı təqdirdə heç şübhəsiz ki, fənnin adı da dəyişikliyə məruz qalır. Bir vaxtlar, hələ sovet dönəmində elmi kommunizm, fəlsəfə və iqtisad kursları əsasında şagirdləri vətənə məhəbbət, zalımlara və istismarçı siniflərə nifrət, proletar beynəlçiləlçiliyi, xalqlar dostluğu ruhunda tərbiyələndirmək məqsədilə orta ümumtəhsil məktəblərinin yuxarı sinifləri üçün “İctimaiyyat” fənni yaratmışdıq. “SSRI tarixinə dair epizodik hekayələr”i milliləşdirərək “Ata yurdu” fənninə, “İbtidai hərbi hazırlıq” kursunu “Çağırışaqədərki hazırlıq” fənninə çevirdik.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu ildə qəbul etdiyi “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” ilə müqayisədə 2010-cu ildə təsdiq etdiyi “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədinə əsasən fənlərin sayını azaltdıq. Belə ki, “İnsan və cəmiyyət”, “Azərbaycan Respublikasının Konstitusiyası”, “İqtisadiyyatın əsasları”, “Təbiətşünaslıq” “Həyat bilgisi”nə, “Rəsmxət”, “Əmək hazırlığı” “Texnologiya”ya, “Astronomiya” “Fizika”ya inteqrasiya olunmaqla fənlərin sayı 26-dan 18-ə endirdik”.
Ekspert vurğulayıb ki, son zamanlar da mətbuatda orta məktəb dərsliklərinin Sinqapur modelinə uyğunlaşdırılacağı ilə bağlı xəbərlərin şahidi oluruq: “V sinif “Təbiət” fənni üzrə dərslik konsepsiyası və bu konsepsiya əsasında yeni dərslik komplekti hazırlanacağı barədə açıqlamalar verilir, fizika, kimya, biologiya və coğrafiya fənlərinin tədrisi üçün baza xarakteri daşımasının əhəmiyyəti, təbiət elmləri arasındakı inteqrativliyin təmin edilməsi və digər yeniliklər təqdir edilir. İnteqrativ adlandırılan birləşdirilmiş fənlərə dair dərsliklərin tədrisin forma və üsulu, qiymətləndirmə ilə birbaşa əlaqəli olduğu əsaslandırılır.
Razılaşaq ki, ən böyük hakim zamandır. Real olanı isə odur ki, nə yenilik edəcəyimizdən asılı olmayaraq “fizika” fizikadır, “kimya” kimyadır, “biologiya” biologiyadır, “çöğrafiya” da coğrafiya. Hələ ki, Arximed qüvvəsi mayeyə batırılmış cismin sıxışdırdığı mayenin çəkisinə bərabərdir, hələ ki, suyun kimyəvi tərkibi iki hidrogendən və hər biri ilə birləşmiş bir oksigen atomundan ibarətdir, hələ ki, Ontogenez – orqanizmlərin mayalanma anından bioloji ölümünə qədər olan həyatıdır və hələ ki 5 qitə və 6 materik yerini dəyişməyib, bu dəyişikliklərin də nə dərəcədə uğurlu olacağı zamana bağlı olan məsələdir. Hesab edirəm ki, daha vacib olanı nazirin toxunduğu digər məsələdir. Təhsilin əsas məqsədi təhsilini bitirən birinin bəlli il və vaxt keçdikdən sonra öyrəndiklərini xatırlamasıdır. Çünki əzbər öyrədilən biliklər adətən yaddan çıxır. Amma yanaşma və məsələyə münasibəti hər zaman onunla birlikdə qalır”.
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda orta təhsil səviyyəsində 20 fənn tədris olunur:
“Amma onların əksəriyyəti müasir standartlara cavab vermir. Onların dəyişməsinə və yeni fənlərə ehtiyac var. Orta məktəblərdə ixtisaslaşma imkanları və peşəkar sahələrə hazırlıq məqsədilə yeni dərslərin təqdim edilməsi vacibdir. Bu fənlər müasir dünyanın tələblərinə cavab verərək, tələb olunan peşəkarlıqların ətraflı hazırlığını təmin etməlidir. Müasir ixtisas sahələrindən biri olan İT (informasiya texnologiyaları) sahəsindəki peşəkar ixtisaslar tələb olunur. Bu sahədə təhsil alan şagirdlər proqramlaşdırma, verilənlər bazası idarəetməsi, şəbəkə təhlükəsizliyi və s. sahələrdə peşəkarlıq əldə edə bilərlər. Həmçinin sahibkarlıq və mənzərə idarəçiliyi kimi ixtisas sahələrindən olan “İş idarəetməsi və marketinq” dərsi orta məktəblərdə təqdim edilə bilər. Bu dərslər tələbələrə iqtisadiyyat və biznes sahələrində, marketinq strategiyalarında və mənəvi dəyərlər sisteminin nəzərdə tutulması kimi mövzuların mənimsənməsi imkanı verir. Həmçinin elmi-texniki inkişafın bir digər sahəsi olan “Bioinformatika” və “Nanolokasiya” kimi peşəkar sahələrdə orta məktəblərdə dərsliklərin təqdim edilməsi ehtimalı var”.
Ekspertin sözlərinə görə, bu fənlər orta məktəb tələbələrinə peşəkar sahələrdə işləyərkən, onlara universitetdə təhsili davam etdirmək üçün güclü bir fon yaradacaq və peşəkar müvafiq ixtisasları daha əvvəlcədən təqdim edəcəkdir: “Orta məktəblərdə əlavə fənlər olaraq aşağıdakıları göstərmək olar: Sağlamlıq və fiziki tərbiyə. Bu fənn sağlamlığın və fitnesin önəmini vurğulayır və tələbələrin sağlamlıq üzərində daha çox fikirləşməsini təmin edir. Sosial mədəniyyət: Bu fənn sosial münasibətlər və mədəniyyət haqqında biliklər vermək üçün nəzərdə tutulub. Tələbələr bu fənn vasitəsilə ölkəmizin mədəni və sosial tarixi haqqında daha çox məlumat əldə edə bilərlər. Karyera təlimi: Bu fənn tələbələrin peşəkar həyatları üçün hazırlamağa xidmət edir. Tələbələr müxtəlif karyera sahələrində məlumat əldə edərək peşəkar həyatlarına yönələ bilərlər. İnformatika: Bu fənn artıq bir çox orta məktəblərdə də oxunur, lakin daha da inkişaf etdirilərək, tələbələrə proqramlaşdırma və digər informasiya texnologiyaları haqqında ətraflı məlumat verilə bilər. Ənənəvi incəsənət: Bu fənn ölkəmizin milli incəsənət nümunələrindən, musiqi, ədəbiyyat, rəssamlıq və s. kimi sahələrdən ətraflı məlumat vermək üçün nəzərdə tutulub. Sahibkarlıq: Bu fənn şagirdlərə iş sahibi olmaq və ya müxtəlif sahələrdə girişimçilik bacarıqlarını artırmaq üçün təlim vermək üçün hazırlanıb. Bu fənn vasitəsilə tələbələr öz işləri barədə məlumat əldə edə bilərlər”. //hafta.az//скачать dle 12.1