Arxiv

Oxunub:871 / 20 apr 09:18siyaset

“Ağ Göl” Milli Parkı haqda qara piar kompaniyası: Yalanlar hər kəsi güldürür



“Ağ Göl” Milli Parkı haqda qara piar kompaniyası: Yalanlar hər kəsi güldürür
















Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.
Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən “Ağ Göl” Milli Parkı və onun rəhbəri Loğman Mehdiyev üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur.Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən cuhuriyyət.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Ağ Göl Milli Parkı və onun rəhbəri Loğman Mehdiyev haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.
Mətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin amanlıq balansı yaratmalıdır. Vay o, günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. İndiki halda da “Ağ Göl” milli parkı və bu qurumun rəhbəri Loğman Mehdiyev haqqında yazılarda bəzi mətbu orqanlar artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifrazedən zob funksiyasını yerinə yetirən kimi görsənir. Bələ hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır. Zatən, bəzi media orqanlarında qələmə alınan cızma-qaraların qərəz məhsulu olması, hansı xırda maraqlara xidmət etməsi hər kəsə gün kimi aydındır. Necə ki, son yazılardan sonra gerçək durum media mənsublarının özü tərəfindən müşahidə olunaraq qələmə alındı. Yayılan məlumatların doğruluğunu yoxlamaq məqsədilə fevralın 7-də jurnalistlərin iştirakı ilə Ağgöl Milli Parkına baxış keçirilib. Milli Parkın ərazisində təşkil edilmiş mühafizə işləri, fauna və floranın qorunması üçün görülən tədbirlər dərc olunan xəbərlərin əsassız olduğunu sübut edir.
Ağ Göl milli parkının rəhbəri Loğman Mehdiyev mediada yer alan qərəzli yazılarla bağlı da fikrini bildirib: “Mətbuatda milli parkın ərazisində qanunsuzluqlar haqqında xəbərlər dərc olunur. Böhtan xarakterli yazılar xüsusi maraq güdür. Əllərində milli parkdakı qanunsuzluqlar haqqında məlumatlar olduğunu deyən şəxslər xəbərlərin dərc olunmaması üçün müəyyən tələblər irəli sürürlər. Həmin şəxslərə qarşı mübarizə aparırıq. Ağgöl Milli Parkı Qarabağ bölgəsinin yeganə milli parkıdır. Hər birimizin borcu milli parkın təbiətini qorumaq və onun mühafizəsini yüksək səviyyədə təşkil etməkdir. Həmsərhəd ərazilərdə yaşayan əhalini bizə kömək etməyə dəvət edirəm. Media nümayəndələrinə isə qərəzli yazılardan əl çəkməyi tövsiyə edirəm”. Loğman Mehdiyevin sözlərinə görə, Ağgöl Milli Parkında mühafizə sisteminin zəif olması və brakonyerlik haqqında xəbərlər yayan saytlar barəsində hüquqi müstəvidə araşdırma aparılacaq: “Artıq belə yalan xəbərlər yayan “afn.az” saytı ilə bağlı prokurorluq araşdırma aparır.” Mətbuatda yalan məlumatlar dərc edərək yayan media nümayəndələrinin adına “qara ləkə” olan həmin şəxslərin öz sıralarımızdan təcrid olunması üçün çalışmalıyıq. Çünki əsası olmayan xəbərlər və şayiələrlə ictimaiyyətin fikrini yanlış istiqamətə yönləndirən şəxslərin sayəsində əhali təbiətin mühafizəsi sahəsində görülən işlərdən və onların uğurlu nəticələrindən xəbərsiz qalır. Jurnalistlər Milli Parkda qurulan infrastruktur və həyata keçirilən tədbirlər nəticəsində Ağgöl Milli Parkının ərazisində məskunlaşan heyvan və quşların təhlükəsiz yaşamının təmin edilməsinə tam əmin oldular.
Milli parkın rəhbəri Loğman Mehdiyev AzNews.az-a bildirdi ki, tarixən bu ərazilərdə ceyranlar yaşayıb və antropogen təsirlərdən kökü kəsilib. XX əsrin ortalarından etibarən ümumiyyətlə bu ərazilərdə ceyran qeydə alınmayıb. Lakin 2010-cu ildən başlayaraq müxtəlif dövrlərdə Ağ göl milli parkı ərazisinə 24 baş ceyran buraxılıb. Təşkil olunan münbit şərait və ciddi mühafizə tədbirləri onların sayının 54 başa çatmasına səbəb olub. Maraqlı məqamlardan biri də odur ki, bu yaxınlarda Mərdəkan sakini Təvəkkül Hüseynov ona məxsus şəxsi həyətyanı sahəsində saxladığı 8 baş ceyranı könüllü olaraq Nazirliyə təhvil verib, həmin 8 baş ceyran parka gətirilib və ceyranların sayı 62 başa kimi yüksəlib.
Loğman Mehdiyev Parkdakı canlıların mühafizə olunması ilə bağlı əvvəllər müəyyən problemlər yarandığını da bildirdi: “Erməni işğalçılarının torpaqlarımızı ələ keçirməsi nəticəsində Laçın rayonundan olan məcburi köçkünlər Ağ göl milli parkı ilə həmsərhəd ərazidə məskunlaşmışdılar. Onların əsas məşğuliyyət sahəsinin heyvandarlıq olması buranın mühafizə olunmasında müəyyən çətinliklər törədirdi. Lakin sonradan əhalinin maarifləndirilməsi prosesinin həyata keçirilməsi nəticəsində artıq həmin sakinlər də bu işdə yaxından iştirak edirlər. Milli parkın mühafizəsini əsasnaməyə uyğun olaraq təyin olunan mühafizəçilər həyata keçirir. Parkın sərhədboyu müxtəlif ərazilərində növbəylə 24 saat fəaliyyət göstərən beş post yerləşir. Lazım gəldikdə mühafizəyə bütün əməkdaşlar cəlb olunur”.
Loğman Mehdiyev milli parkda son ildə müəyyən olunan qanun pozuntuları haqqında da bəzi məqamlara toxundu: “2016-cı ildə milli parkda 16500 manat civarında cərimə tətbiq olunan 16 qanun pozuntusu aşkar olunub. Bundan əlavə əsasən İraq və Suriyadan olan 9 xarici vətəndaşın ova təşəbbüs göstərməsi mühafizə işçiləri tərəfindən vaxtında müəyyən edilib. Onların hər birinə 2000 manat olmaqla ümumilikdə 18000 manat cərimə tətbiq olunub”.
Sonda bildirək ki, Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisində yerləşən Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi, köçəri və yerli quşların, o cümlədən digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Dərinliyi 0,5-2,5 metr arasında dəyişir. Göl əsasən qamışlıqlarla əhatə olunub. Ağ gölün suyunun səviyyəsi yay mövsümündə azalaraq, ən aşağı həddə çatır. Ağ göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeridir. Gölün qorunmasında ilk addım 1964-cü ildə 9173 hektar sahədə Ağgöl Dövlət Təbiət Yasaqlığı yaradılarkən atılıb. 1978-ci ilin martın 2-də gölün 4400 hektara bərabər olan su ərazisinə ciddi qorunma statusu verilib və Ağgöl Dövlət Təbiət Qoruğu yaradılıb. 2003-cü ilin iyulun 5-də Azərbaycan Respublikası Prezidentinin 1298 nömrəli Sərəncamı ilə Ağgöl Dövlət Təbiət Qoruğunun sahəsi 17 924 hektara qədər artırılıb və ərazi Milli Park elan edilib. Milli Parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik çöl və yarımsəhra landşaftlarından ibarətdir. Ağgöl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin monitorinqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir.
Ağgöl Milli Parkı üçün yarımsəhra, şorlaşmış torpaq və göl şəraitinə uyğunlaşmış bitki örtüyü səciyyəvidir. Ərazidə bitki növlərindən əsasən duzlaq çoğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan, qırtıc və s. yayılıb. Burada suda-quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, kiçik Asiya qurbağası və göl qurbağasına rast gəlinir. Ərazidə sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, koramal, zolaqlı kərtənkələ, adi su ilanı, qızıl təlxə, xaltalı eyrenis, gürzə və s. növlər yayılıb.