Bia.Az

Bakı Tehrandakı səfirliyi bu vaxt açacaq – Ekspert

Gündəm
 27-04-2023, 09:35     354

Azərbaycan və İran arasında gərginləşən münasibətlər sabitləşməyə doğru getsə də, Bakı Tehrandakı səfirliyini yenidən açmağa tələsmir. Sözsüz, səfirlik yenidən fəaliyyət göstərəcək, lakin bu, tez zamanda olmayacaq.

Bu sözləri Axar.az-a güneyli siyasi şərhçi və araşdırmaçı jurnalist Əlirza Ərdəbili Azərbaycanın İrandakı səfirliyinin yaxın zamanlarda açılma ehtimalını şərh edərkən deyib.

O bildirib ki, İran ədalətsiz iddialarından tam əl çəkəndən sonra Azərbaycan səfirliyin işini bərpa edəcək:

“Azərbaycanın əlində imkanları çoxdur. İran isə pis vəziyyətdədir. İndiki durumda Azərbaycan Tehranın Bakıya qarşı mövqeyinin nə qədər yanlış olduğunu sübut edir. Odur ki, səfirliyin açılması məsələsi hələ açıq qalır”.

Onun sözlərinə görə, Azərbaycan 30 ilə yaxın vaxdır ki, İranın təhdidləri və əks-təbliğatı qarşısında susurdu:

“İndi Bakı buna lüzum görmür. Hətta İranın təhdidləri artdıqca İsraillə əlaqələrini nümayişkaranə şəkildə gücləndirir. İsrail də Azərbaycanı ciddi şəkildə dəstəklədiyini, onunla tərəfdaş olduğunu nümayiş etdirir. Azərbaycan böyük ustalıqla oynayır. Tehran isə bu vəziyyətdə çarəsiz qalıb. Bakının nəzərində İranın Ermənistan qədər dəyəri qalmayıb”.

Siyasi şərhçi qeyd edib ki, siyasi gedişləri ilə güclü dövlətə çevrilən Azərbaycan oyun qaydalarına düzgün riayət etdiyi üçün İrana meydan oxuya bilir:

“Zəngəzur və Qarabağda söz sahibi Azərbaycandır. Azərbaycan oyunu düz oynayır və 30 il bundan öncəki Azərbaycan deyil. Oyunun qaydaları nəyi diktə edirsə, buna uyğun addımlar atır. Başladığı işin öhdəsindən əla gəlir. Bunu dünya ekspertləri də deyir. Odur ki, İranın iddiaları Azərbaycanı çəkindirməyəcək və onu doğru yolundan döndərməyəcək”.скачать dle 12.1