Bia.Az

Satınalmalardakı korrupsiya bitmir - bir-birindən fərqlənməyən iki hesabat

İqtisadiyyat
 27-04-2023, 09:11     782

Yüksək vəzifəli məmurlar əsas gəlir mənbəyini əldən vermək istəmir; Palatanın araşdırmaları göstərir ki, əksər satınalma keçirilən qurumlarda hər bir mərhələdə müxtəlif pozuntu halları mövcuddur

Hesablama Palatası növbəti dəfə Azərbaycanda büdcə vəsaitləri hesabına keçirilən tenderlərdəki qanunsuzluqlara toxunub. Palatanın 2022-ci ildəki fəaliyyətinə dair hesabatından aydın olur ki, bu sahədəki köklü problemlər olduğu kimi qalmaqdadır. Heç kimə sirr deyil ki, Azərbaycanda korrupsiya, maxinasiyalar əsasən satınalmalar, tenderlər vasitəsilə baş verir. Son illərdə həbs olunan yüksək vəzifəli məmurların dosyelərinə baxanda, büdcədən ayrılan külli miqdarda vəsaitlərin məhz satınalmalar zamanı mənimsənildiyi açıq görünür. Çox təəssüflər olsun ki, bu, danılmaz bir fakt kimi qəbul olunsa da, dövlət satınalmalarında qanunsuzluqlara, mənimsəmələrə gətirən halların aradan qaldırılması üçün real addımların atılmasını müşahidə etmirik. Bu səbəbdəndir ki, illər boyu Hesablama Palatasının satınalmalar sahəsində aşkarladığı qanunsuzluqlar təxminən eyni xarakterlidir...
Milli Məclisdə 2022-ci ildə gördükləri işlərdən danışan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət sifarişi üzrə əsas təhdidləri və dövlət satınalmalarının əsas problemlərini açıqlayıb. Bildirib ki, dövlət sifarişinin formalaşması və icrası üzrə qanunvericilikdə bəzi məsələlərin tənzimlənməməsi və konkret mexanizmlərin olmaması resurs-nəticə əlaqəsinin zəif olması ilə nəticələnir.
Palata sədri dövlət satınalmalarının əsas problemlərinə də toxunub: “Ənənəvi olaraq, dövlət satınalmalarında və ayrı-ayrı növ hüquqi şəxslər tərəfindən satınalmalarda baş verən pozuntularla bağlı məsələlər diqqət mərkəzindədir. Satınalmalar zamanı ehtimal olunan qiymətin düzgün hesablanmaması və vəsaitlərə qənaətli yanaşılmaması kimi hallar üstünlük təşkil edir. Son üç ilin təhlili göstərir ki, qanunvericiliyin tələbləri pozulmaqla müqavilələrə sonradan dəyişikliklərin edilməsi və öhdəliklərinə qarşı vicdanla davranmayan podratçılara qarşı benefisiarlar tərəfindən məsuliyyət tədbirlərinin tətbiq edilməməsi halları artıb".
Yeni Fəaliyyət Planı korrupsiyanın kökünü kəsməyə qadirdir? - 06.04.2022,  Sputnik Azərbaycan
Palatanın Hesabatından aydın olur ki, ötən il keçirilən 28 auditin 26-da dövlət satınalmaları ilə bağlı pozuntu qeydə alınıb: ""Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları, mallar (işlər və xidmətlər) üzrə satınalma müqavilələrinin nümunəvi forması, açıq tender və kotirovka sorğusu üsulları ilə aparılması üçün müəyyən edilmiş minimum məbləğlərlə bağlı bir sıra hüquqi aktların tələblərinə riayət edilməməsi halları aşkarlanmışdır. Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də dövlət satınalmalarının bütün mərhələləri (planlaşdırma, keçirilmə və müqavilələrin bağlanılması, icra) üzrə nöqsanlara yol verilmişdir. Xarakterik nöqsan və uyğunsuzluqlara malların (işlərin və xidmətlərin) satınalınması zamanı bəzi hallarda dövlət ehtiyaclarının düzgün müəyyənləşdirilməməsini, ehtimal olunan qiymətin ümumiyyətlə və ya adekvat hesablanmamasını, malların (işlərin və xidmətlərin) ayrı-ayrı müqavilələrə bölünməsini və ya satınalma proseduru keçirilmədən dövlət vəsaitinin xərclənməsini, qanunvericilikdəki məhdudiyyətlər nəzərə alınmadan satınalma müqaviləsinin dəyişdirilməsini, subpodrat müqaviləsi ilə bağlı limitlərə əməl edilməməsini, satınalmalar zamanı vəsaitə qənaət olunmamasını, avans ödənişinin yuxarı həddi ilə bağlı limitin gözlənilməməsini, müqavilələrin icrasında gecikmələrə yol verilməsinə görə icraçılara cərimənin tətbiq olunmamasını və s. aid etmək olar. Qeyd etmək lazımdır ki, satınalan təşkilat tərəfindən formalaşdırılan tender komissiyasının fəaliyyət göstərdiyi satınalma mərhələlərində də bir sıra nöqsanlara rast gəlinmişdir. Belə ki, bir çox hallarda tender komissiyası tərəfindən təsdiq olunan əsas şərtlər toplusunda alınması nəzərdə tutulan malların (işlərin və xidmətlərin) təsvirinə dair tələblər pozulmuş, iddiaçılar ixtisas uyğunluğu aparılmadan birbaşa qiymətləndirməyə buraxılmış, təkliflərə baxılması zamanı satınalma müqaviləsini yerinə yetirmək üçün hər hansı malgöndərənin (podratçının) təqdim etdiyi 0,1 mln. manat 0,8 mln. manat 1,0 mln. manat Ezamiyyə ilə bağlı normalara əməl edilməmə Avtonəqliyyat vasitələri üzrə tələblərə əməl edilməməsi (yanacaq, ehtiyat hissələri və s.) Beynəlxalq və ölkə səviyyəli tədbirlər üzrə tələblərə əməl edilməməsi, digər normativlərin pozulması 0,1 milyon manat qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha artıq aşağı olmasının müəyyən edildiyi hallarda qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar həyata keçirilməyib, tender təklifinin təminatının olub-olmaması araşdırılmayıb, qiymətləndirilmə əsas şərtlər toplusuna uyğun aparılmayıb.
Bundan əlavə, bəzi obyektlər tərəfindən dövlət satınalmaları sahəsində şəffaflığın təmin edilməsi məsələləri tam diqqətdə saxlanmayıb, bir sıra hallarda malların (işlərin və xidmətlərin) satınalınması ilə bağlı elan və nəticələri barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməyib, yekun protokol müvafiq icra hakimiyyəti orqanına təqdim olunmayıb və ya gec təqdim edilib".
Palatanın 2020-ci ildəki fəaliyyət hesabatına nəzər yetirsək, eyni problemlərin qeydə alındığını görərik. Həmin hesabatda da  Hesablama Palatası dövlət satınalmaları sahəsində rast gəlinən nöqsanlar sırasında satınalmanı həyata keçirən qurumlar tərəfindən illik və rüblük satınalma planlarının hazırlanmamasını, şəffaflıq və səmərəlilik prinsiplərinə əməl edilməməsini, dövlət satınalmalarında ehtimal olunan qiymətin düzgün hesablanmamasını və ya ümumiyyətlə hesablanmamasını, satınalmaların qurumun məhsullara, işlərə və xidmətlərə olan tələbatı nəzərə alınmadan və konkretləşdirilmədən planlaşdırılmasını, satınalmaların keçirilməsi üçün təsdiq olunmuş smeta deyil, maliyyələşmənin əsas kimi qəbul edilməsini xüsusilə vurğulayır: “Son illərdə həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbirləri əsasında formalaşan bazaya və audit təcrübəsinə əsaslanaraq dövlət satınalmaları sahəsində rast gəlinən çatışmazlıq və uyğunsuzluqları aşağıdakı mərhələlər üzrə qruplaşdırmaq olar:
- satınalmaların planlaşdırılması;
- satınalmaların keçirilməsi;
- satınalmaların rəsmiləşdirilməsi.
Satınalma prosesinin fərqli mərhələlərinə aid olan çatışmazlıqların və uyğunsuzluqların səbəblərini bilmək onların azaldılması və tam aradan qaldırılması istiqamətində təsirli addımların atılmasında vacib rol oynayır".
Palatanın araşdırmaları göstərir ki, əksər satınalma keçirilən qurumlarda hər bir mərhələdə müxtəlif pozuntu halları mövcuddur! Məsələn, satınalmaların planlaşdırılması mərhələsi ilə bağlı problem büdcə istifadəçiləri tərəfindən satınalma planının təsdiq edilməməsi, yaxud bunun formal mərhələ kimi qəbul edilməsidir: “Belə ki, bu yanaşma zamanı dövlət ehtiyacları üçün malların miqdar və həcminin tələbata uyğunluğu, hər hansı bir metodla keçirilən satınalmaların məqsədəuyğunluğu araşdırılmır. Nəticədə isə bu nöqsanlar büdcə vəsaitlərinin təyinatı üzrə istifadə olunmamasına və sonradan uzunmüddətli saxlanmaya uyğun olmayan qalıqların yaradılmasına, həmçinin satınalma metodlarının icazəli və ya icazəsiz dəyişdirilməsinə səbəb olur.
Satınalmaların keçirilməsi zamanı yol verilən uyğunsuzluqların təhlili göstərir ki, satınalma subyektləri tərəfindən nöqsanlara iki səbəbdən yol verilir :
- Büdcə vəsaitlərindən istifadə edərkən mövcud vaxt çərçivəsinə uyğunlaşmaq;
- Dövlət satınalmaları prosedurlarının həyata keçirilməsi zamanı rəqabət üsullarının istifadəsindən yayınmaq. Hesablama Palatası satınalmaların planlaşdırıması mərhələsində müşahidə edilən mövcud münasibətin yuxarıdakı iki əsas məqsəddən doğan bir nəticə olması qənaətindədir".
Palata satınalmaların keçirilməsi mərhələsində daha çox rast gəlinən pozuntuları da sadalayır. Bunlar büdcə vəsaitlərindən istifadə zamanı rəqabətli satınalma üsullarına deyil, əsasən və daha çox birmənbədən satınalma metodundan istifadə edilməsi; bir mənbədən satınalma metodundan istifadə üçün icazə alınsa da, qanunvericiliyin tələblərinə uyğun satınalma prosedurlarının aparılmaması və ehtimal olunan dəyərin hesablanılmaması; xərclər smetası və tədbirlər planının əvvəlcədən tərtib və təsdiq edildiyi halda, vaxt məhdudiyyəti adı ilə birmənbədən satınalma metodunun seçilməsi, bir mənbədən satınalmaların keçirilməsi üçün müvafiq icazə alınsa da, satınalmanın keçirilməsinin gecikdirilməsi; metodundan asılı olmayaraq satınalmaların ehtimal olunan qiymətinin artıq hesablanması; açıq tender prosedurlarının keçirilməsi zamanı “Dövlət satınalmaları haqqında” Qanunun şərtlər toplusu və ixtisas uyğunluğu ilə bağlı tələblərinin tam gözlənilməməsi; satınalmaların əsas şərtlər toplusunda iddiaçılar tərəfindən texniki imkanları və işçi qüvvəsi barədə məlumatların təqdim edilməsinin nəzərdə tutulmasına baxmayaraq, bəzi hallarda bu məlumatların müvafiq sənədlərlə (hesabatlarla) təsdiq edilməməsi və alınmamasıdır: “Bu mərhələdə yol verilən uyğunsuzluqlar nəticəsində artıq və əsassız ödənişlərin yaranmasına şərait yaranır, həmçinin eyni bir podratçı ilə çoxsaylı predmetli müqavilələr bağlanılır, satınalma subyekti tərəfindən hansı satınalma metodunun tətbiq olunmasından asılı olmayaraq satınalmanın qalibi eyni təşkilat olur və qalibin yekun qiymətindən qənaət əldə edilmir”.
Keçirilmiş satınalmaların sonuncu mərhələsi olan satınalmaların rəsmiləşdirilməsi zamanı tender komissiyalarının yekun protokollarının təsdiq edilmiş formaya uyğun olmaması, protokolların vaxtında göndərilməməsi, bağlanmış müqavilələrin şərtlər toplusuna uyğun olmaması kimi pozuntular qeydə alınır: “Auditorların qeydə aldığı əsas məqamlar göstərir ki, dövlət satınalmaları dövlət vəsaitlərinin səmərəsiz istifadəsi risklərinin mövcud olduğu sahədir. Bu səbəbdən yaranmış vəziyyətin aradan qaldırılması bir çox qurumun - cari dövlət nəzarət orqanlarının, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və satınalan qurumların rəhbər orqanlarının birgə səylərinin həyata keçirilməsini tələb edir. Hesablama Palatası son illər ərzində, bu barədə dövlət qurumlarını və geniş ictimaiyyəti məlumatlandırsa da, bununla bağlı effektiv tədbirlərin tam olaraq başa çatdırılması təmin edilməmişdir. Sadaladığımız problemlərin Azərbaycan Respublikasında satınalma sisteminin effektivliyini zəiflətdiyi qənaətindəyik və Hesablama Palatası olaraq dövlət satınalmalarında səmərəliliyin əldə edilməsinin normativ bazanın davamlı təkmilləşdirilməsindən və dövlət satınalmalarına nəzarətin gücləndirilməsindən keçdiyini diqqətə çatdırmaq istərdik”.
Göründüyü kimi, 2020-ci ildə dövlət satınalmaları sahəsində Palatanın qeydə aldığı pozuntular 2022-ci ildə də demək olar ki, dəyişməz qalıb. Halbuki bu müddət ərzində 10-dan çox yüksək vəzifəli məmur qandallanıb, onların satınalmalardakı pozuntular sayəsində yüz milyonlarla dövlət vəsaitini mənimsədiyi üzə çıxarılıb. Bu qədər faktlar olduğu halda, satınalmalar sahəsində pozuntuların aradan qaldırılmaması onu göstərir ki, yüksək vəzifəli məmurlar belə əlverişli gəlir mənbəyini əldən vermək niyyətində deyillər...//“Yeni Müsavat”//скачать dle 12.1