Bia.Az

Xəstəxanalarda insanlar niyə sürünür? – Acınacaqlı vəziyyət

Cəmiyyət
 21-04-2023, 11:39     270

Hansı xəstəxanaya gedirsən, orda basırıqdır, insanlar günlərlə növbədə gözləyir. Xəstəlikdən əziyyət çəkən vətəndaşın xəstəxana qapılarında bu şəkildə gözləməsi stress yaradır. Onsuz da bu insanlar canları ilə əlləşir, bir yandan da uzun növbələr onları haldan salır. Xəstəxanalar gah TƏBİB-ə verilir, gah alınıb Səhiyyə Nazirliyinə qaytarılır. Bəs bunu necə qaydaya salmaq olar? Necə etmək mümkündür ki, xəstə vətəndaş xəstəxanalarda əlavə xəstəlik tapmasın? 

Məsələ ilə bağlı Globalinfo.az-a danışan millət vəkili Fazil Mustafa deyib ki, doğrudan da ölkədə xəstələrin sayı durmadan artır.

O bildirib ki, xəstəliyin artmasının başlıca səbəbi qida məhsullarıdır:
“Xəstəliyin artma səbəblərindən biri də onun zamanında aşkara çıxarılmamasından qaynaqlanır. Burada tibbi nəzarətin arzu olunan səviyyədə olmamasının da təsiri var. Xəstəxanaların bu qədər xəstə qəbul etməyə yetərincə imkanı yoxdur. İcbari Tibbi Sığorta müəyyən vətəndaşların tələblərini qarşılasa da, ümumi şəkildə bütün sahələr üzrə əhatə etmək imkanını ortaya qoymaqda hələ ki çətinlik çəkir”.

F.Mustafa deyib ki, bu sahədə islahatların aparılması yaxın gələcəkdə nələrinsə dəyişməsinə ümid yaradır:
“Həqiqətən də sistemdə qarışıqlıq olduğu üçün dəqiqləşdirmə aparmağa ehtiyac var. Hansı quruma konkret olaraq nələr daxildir, araşdırılmalıdır. Qısa müddətdə bir qurumdan digər quruma nəyisə alıb vermək böyük problemlər yaradır. Bu, həm infrastruktur, həm də texniki iş baxımı və kadrların müəyyən dərəcədə mobil işə cəlb olunması baxımından narazılıqlara səbəb olur. Amma açığı prosesin gələcəyi ilə bağlı ümidverici düşüncə yoxdur. Ona görə də, Səhiyyə və Tibbi Sığorta sistemində vətəndaşları, xüsusilə də mütəxəssisləri müəyyən dərəcədə aydın informasiya əldə etməyə şərait yaradan bir mexanizm qurulmalıdır.
Problemlər çoxdur, amma bu əsas vermir ki, xəstələrin müalicə olunmasında hansısa bir keyfiyyətsiz tendensiya daha da irəliləsin. Buna görə də konkret xəstəliyə düçar olmuş insanların bilavasitə tibb müəssisələrində lazımı, keyfiyyətli müalicə və müayinə alması təmin olunmalıdır. Vətəndaşın günahı deyil ki, qurumlar arasında hansısa bir ziddiyyət və ya səlahiyyət bölgüsündə problemlər var. Bunlar kompleks şəkildə həll olunası məsələlərdir və islahat adı ilə kiminsə müalicəsinin gecikdirilməsi yolverilməzdir”.

Millət vəkili Aqil Abbas bildirib ki, klinikada yaranan problem TƏBİB və ya Səhiyyə Nazirliyinin problemi deyil:
“Bunun kökündə dayanan odur ki, rayonlarımızda yaxşı həkim yoxdur. Yaxşı həkim olsa, rayondan paytaxta xəstə göndərilməz və klinikalarda bu qədər növbə yaranmaz. Kürdəmirdə, Ağcabədidə, digər rayonlarımızda böyük Diaqnostika Mərkəzi tikilib. Niyə bu insanlar gedib orada müayinə və ya müalicə olmurlar, Bakıya üz tuturlar?! Deməli, oradaki həkimlərə inanmırlar.
Dövlət milyardlarla pul verib bütün rayonlarda klinikalar tikib. O zaman niyə insanlar Bakıya gəlməlidir?! Rayonlara təcrübəli və savadlı həkimlər göndərmək lazımdır. Çünki rayon xəstəxanaları boş qalıb. Xəstə növbələrinin aradan qaldırılması üçün dediyim kimi, rayon yerlərinə savadlı kadrlar getməlidir. Böyük nazirlikləri birləşdirirlər, amma bir Səhiyyə Nazirliyini üç yerə bölüblər. Təsəvvür edin, insanların sağlamlığı ilə məşğul olan bir təşkilat üç yerə bölünüb”.скачать dle 12.1