Bia.Az

Əvəz Zeynallı ilə prokuror arasında qalmaqal oldu - məhkəmə yarımçıq dayandırıldı

Cəmiyyət
 11-04-2023, 00:47     283

Aprelin 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Əvəz Zeynallı ilə dövlət ittihamını müdafiə edən prokuror Eldar Həmzə arasında mübahisə olub.

Musavat.com xəbər verir ki, “Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı və onunla birlikdə mühakimə olunan “Səda TV" “youtube” kanalının rəhbəri Elnur Şükürovun məhkəməsində yaşanan qalmaqal səbəbindən məhkəmə prosesi yarımçıq dayandırılıb.
Məhkəmə iclasında öncə Əvəz Zeynallının vəkili Rəşad Əliyev onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Müdafiəçi bildirib ki, Əvəz Zeynallı görmə qabiliyyətini itirmə təhlükəsilə üz-üzədir. O, həbsindən 20 gün əvvəl Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında müayinədən keçib, həkim təcili gözündən katarakt əməliyyatı olunması haqda rəy verib. Bu barədə sənəd məhkəməyə təqdim olunub.
Digər vəkil Fəxrəddin Mehdiyev bildirib ki, “Xural TV” rəhbəri həm də şəkərli diabet və təzyiq xəstəliyindən əziyyət çəkir. Bu xəstəliklərin təsirilə onun gözləri tam tutula bilər.
Hakimlər Əvəz Zeynallının ağır cinayətlərdə ittiham olunmasını, həbs qətimkan tədbiri üçün əsasların aradan qalxmamasını əsas gətirib, onu ev dustaqlığına buraxmaqdan imtina edib. Hakim Əli Məmmədov bildirib ki, Əvəz Zeynallı həbsdən buraxılsa, şahidlərə təsir göstərə bilər və s. Səhhətindəki problemlərə gəlincə, hakim Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicənin mümkünlüyünü vurğulayıb.
Daha sonra prokuror ittiham aktını elan edib. Bu zaman Əvəz Zeynallı ittihamla razı olmadığını deyərək, orada yazılanlara etirazını bildirib. O, xüsusən ittihamda yer alan “qabaqcadan əlbir olan bir qrup şəxs”, “Əvəz Zeynalovun verdiyi tapşırıq əsasında”, “rüşvət alaraq” və buna kimi ifadələrə kəskin şəkildə etiraz edib.
“Yalançıya Allah lənət eləsin. Mən bu yalanlara, şər-böhtana qulaq asmaq istəmirəm. Ona görə də məni məhkəmə zalından çıxarıb aparın. İttiham aktı elan olunandan sonra yenə gələrəm. Mən danışacam, bir-bir deyəcəm ki, bunların arxasında kimlər dayanır. Orada “rüşvət alma”, “mütəşəkkil dəstə” yazmısız. Mütəşəkkil dəstə də Baş Prokurorluqdakılardır, rüşvət alanlar da oradakılardır. Özünüz də yaxşı bilirsiz...”, - Əvəz Zeynallı belə deyib.
Prokuror ittiham aktının elanını davam etdirərkən bir neçə dəfə də onların arasında gərginlik yaşanıb. Sonradan dövlət ittihamçısı özü də Əvəz Zeynallının məhkəmə zalından çıxarılmasını istəyib. Lakin hakim yenə də onu zaldan çıxarmaqdan imtina edib. Hakim bildirib ki, ittiham elan olunarkən təqsirləndirilən şəxs onu dinləməli, nədə ittiham olunduğunu bilməlidir.
Bundan sonra ittihamın elanı davam edib. Lakin Əvəz Zeynallının “o pulu alanın da nəsil-nəcabətinə lənət, yoxsa bu yalanı yazanın və oxuyanın da...” replikası vəziyyəti yenidən gərginləşdirib. Prokuror buna etiraz edib və hakim də məhkəməni qeyri-müəyyən vaxta qədər təxirə salıb.
Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1 (bir qrup şəxs tərəfindən dələduzluq), 311.3.2, 311.3.3, 311.3.4 (külli miqdarda, hədə-qorxu ilə, təkrar rüşvət alma), 32.4, 312.2 (rüşvət verməyə təhrik) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələrilə ittiham irəli sürülüb. Elnur Şükürova isə yalnız Cinayət Məcəlləsinin 178.2.1, 32.4, 312.2 və 312-1.1 maddələrilə ittiham verilib.
Əvəz Zeynallı sentyabrın 10-da rüşvət ittihamıyla həbs edilib. Bu ittiham “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. “Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.
Cinayət işində başqa bir epizod isə “Azəryolservis” ASC rəhbərliyindən pul alınması iddiasıyla bağlıdır. Lakin Əvəz Zeynallı bu ittihamları rədd edir, özünü təqsirli bilmir. O, istintaqda ifadə verməkdən imtina edib. Elnur Şükürov da özünü təqsirli bilmir. O, məhkəmənin hazırlıq iclasında bildirib ki, Əvəz Zeynallının əleyhinə ifadə vermədiyinə görə həbs olunub.скачать dle 12.1