Arxiv

Oxunub:55 / 31 mar 09:49gundem, bolge

Elmar Vəliyev özünü şəhərin sahibi hesab edir... - İTTİHAM



Elmar Vəliyev özünü şəhərin sahibi hesab edir... - İTTİHAM
















Elmar Vəliyevin gəncəliləri təhqir etməsi qanlı qarşıdurmaya səbəb ola bilər

Bir müdət əvvəl icra başçısı Elmar Vəliyevin Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının binasında keçirdiyi toplantı geniş müzakirələrə səbəb olub.

Gəncənin icra başçısı həmin toplantıda - şəhər ictimaiyyətinin gözləri önündə bəzi məmurları təhqir edib, bəzilərini toplantından kobud formada qovub.

Toplantıda iştirak edən YAP-çılardan birinin Reyting.az-a verdiyi məlumata görə, Elmar Vəliyev həmin iclasda əndazəni aşıb. Başçının davranışları o qədər sərt və qeyri-əxlaqi olub ki, iclasdakı qadınlar və ağsaqqllar utandıqlarından, bəziləri isə qəzəbə gəlməkdən ehtiyat edərək, başlarını qaldırmağa cürət etməyiblər.

Məlumatda bildirilir ki, Elmar Vəliyev həmin iclasda əvvəl müavinini, eyni zamanda, şəhər təsərrüfatı şöbəsinin müdiri Mikayıl Zeynalovu ayağa qaldıraraq danlayıb, sonra da zaldan çıxmasını tələb edib.

YAP üzvünün sözlərini görə, bundan sonra qaz pulu ilə bağlı bir nəfər şəhər sakini icra başçısına müraciət edərək, qoyulan limitdən şikayətlənib: “Elmar Vəliyev bu dəfə müvafiq idarənin rəisini ayağa qaldırıb, ona olmazın sözlərini dedi. Rəisə imkan vermədi ki, limiti icra başçısına izah eləsin. Elmar Vəliyev qışqıraraq dedi: “Sən bunu niyə limitə salıbsan?” Rəis deyəndə ki, cənab başçı, mən yox, ölkə başçısı İlham Əliyevin fərmanı ilə limit yaranıb, Elmar Vəliyev yenidən qəzəbləndi: “Səni limitə elə salaram ki, özün də bilməzsən”.

Məlumata görə, icra başçısı bundan sonra Gəncə şəhər prokurorundan qaz idarəsi rəisinin həbs edilməsini tələb edib. Lakin prokuror özünə cəsarət taparaq “belə əsassız hərəkət edə bilmərəm”,- deyib.

İcra başçısı daha sonra Gəncə Şəhər Polis İdarəsinin rəisi Faiq Şabanova deyib ki, bunu içəri salın, ağılı başına gəlsin:

“Bu zaman Vəliyevə zəng gəldi, kiminləsə əsəbi danışıb qutaran kimi Faiq Şabanova dedi ki, Gədəbəy, Daşkəsən rayonlarından olanları niyə Gəncəyə qeydiyyata salırsınız? Qoy, dağlarda qoyunlarını otarsınlar. Nə var şəhərdə? Axışırlar şəhərə, sonra da məndən torpaq istəyirlər. Yəni iclas belə xoşagəlməz atmosferdə keçdi”.

E. Vəliyevin həmin iclasda digər məmurları da aşağılayan ifadələr işlətdiyi bildirilir.

Mənbəmiz deyib ki, hansısa səbəbdən icra başçısının əndazəni aşan davranışlarına “dur” deyən yoxdur: “Axı, bu adamın elədikləri dövlətə də, iqtidara da, xalqa da zərər gətirir, eyni zamanda, digər məmurlar üçün də “örnəyə” çevrilir”.

İcra başçısının belə hərəkətləri bundan əvvəlki iclarda da olub: “Mətbuata yalnız martın 14-dəki iclasdan bəzi faktlar verilib. Lakin gəncəli məmurlar artıq Elmar Vəliyevin belə söyüşlərlə zəngin toplantılarına öyrəşiblər. O, demək olar ki, hər iclasda kimisə söyür. Ən çox sevdiyi xəbərdarlıq isə “Bu şəhərin yiyəsi mənəm. Gəncədə elə kişi varmı ki, mənim dediyimin əksinə gedə? Kişi varsa, əlimi qoyuram bura, gəlsin əlini əlimin üstünə qoysun”,- sözləridir.

Əlbəttə, təhlükəlisi odur ki, bir gün hansısa təhqir edilənin əsəbi buna dözməyib, söyüşlə cavab verəcək və ya əl-qol atacaq. Bax, o zaman ölkədə əsl sensasiyalı xəbər yayılacaq. Ona görə də düşünürəm ki, hökumət, hətta onu himayə edən şəxs dərhal Elmar Vəliyevi tənbeh etməlidir”.