Bia.Az

“Ağa”sının üzünə ağ olan İrəvanın “ağartı siyasəti”, İrandan alınan PUA-lar və Ağ Evin sükutu

Siyasət
 5-04-2023, 15:25     302

Rusiya “başından böyük” hərəkətlər edərək “ağa”sının üzünə ağ olan Ermənistana göz ağartmaqla kifayətlənmədi, üstəlik, özünün forpostu olan bu çörəyi dizi üstə olanları ağartı məhsulları ilə vurdu. Bu, sözün hər iki mənasında süd-qatıq bankasını Ermənistanın sifətinə çıxrpmaq deməkdir.

Məsələnin məğzini xatırladaq: “Rosselxoznadzor” Ermənistanın baytarlıq xidmətinə aprelin 5-dən etibarən Rusiyaya süd məhsullarının tədarükünün dayandırılması “xahişi” ilə müraciət etmişdi. Həmin xəbərdarlıqda qeyd olunmuşdu ki, erməni istehsalçıları “Rosselxoznadzor”un məhdudiyyətlər tətbiq etdiyi İran xammalından istifadə edirlər. Yəni ermənilər Rusiya ilə anlaşmaya xilaf çıxaraq, İranla əməkdaşlığa üstünlük verməyə başlayıblar ki, bu da Moskvanı qəzəbləndirib.
Budur, erməni mediası Qida Təhlükəsizliyi Müfəttişliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anuş Arutyunyana istinadən yazır ki, süd məhsullarının Rusiyaya ixracının bərpası üçün Rusiya tərəfi ilə danışıqlar davam edir. Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan Ermənistanda istehsal olunan süd məhsullarında İran xammalının olduğunu təsdiqləyib. Sitat: “Bəzən süd xama idxal edən şirkətlərə güzəştlər edirik. Avrasiya reyestrində olan İran təşkilatları var və onların süd kreminin idxalına icazə var, həmçinin Rusiya Federasiyasına ixrac edilən məhsulda istifadə olunur”.
 Süd sanksiyasına məruz qalan Ermənistan təkcə bu qərarı ilə sübut edir ki, onunçün nə dəyər var, nə imzaladığı sənəd, nə verdiyi söz. Əks təqdirdə müttəfiqinə, varlığına görə minnətdar olmalı olan dövlətin üzünə “ağ”(artı) olmazdı. Təsəvvür edin, İran qatığına möhtac qalanlar öz vətəndaşlarına gün ağlamaq əvəzinə, İrandan silah-sursat almağa qərarlıdırlıdırlar.
Erməni mətbuatı İran mənbələrinə istinadən yazır ki, Tehran Ermənistan ordusuna silahla dəstək verməyə hazırdır. “İran Azərbaycanla münasibətlərdəki böhran kontekstində Ermənistana hərbi-texniki yardım göstərməyə hazırdır, iranlı Vardan Voskanyan Telegram-da yazıb. Bu qənaətində o, Tehranın atmağa hazır olduğu addımları göstərən qrafik təsviri yayan İranın elektron resurslarına istinad edir”-xəbərdə deyilir. İranın Azərbaycana düşmənçilik münasibəti bəllidir. Elə Ermənistanın da, bu mənada təəccüblənmirik. Amma Ermənistanda doğrudanmı ağıllı birisi yoxdur ki, desin, qonşu ölkələrin süd-qatıq sanksiyasına belə, məruz qalmaqdayıq, haylar fəlakətli gündədir, nəhayət, adam kimi yaşamağa qərar verək?! İran silahı ilə hansı ölkə “ağ” günə çıxıb ki, “ağartı” sanksiyasına məruz qalmış Ermənistan da nəsə əldə etsin? Annamaqliğın, hikkənin həddi-hüdudu bilinmir.
Voskanyanın fikirlərini həvəslə tirajlayırlar ki, Tehran Ermənistanla birgə təlimlər keçirməyi, Bakıya diplomatik kanallarla xəbərdarlıq etməyi, Ermənistanla hərbi müqavilə imzalamağı, PUA və raketlərdən istifadə etməklə məhdud hərbi əməliyyatları reallaşdırmağı, Ermənistan ordusunu silahla dəstəkləməyi, hərbi müşavirlər göndərməyi planlaşdırır.
İran Xarici İşlər Nazirliyinin Azərbaycandan “İsraillə anti-İran əməkdaşlığı” (?!-red.) ilə bağlı izahat tələb etməsi erməniləri sevindirib. Düşünürlər ki, fürsətdir, İranın imkanlarından istifadə edək. Amma başa düşmürlər ki, bir çox hallarda onlara müsibəti İran yaşadıb, öz məqsədləri naminə sadəcə ermənilərdən istifadə edib. Emənistanın sabiq Baş naziri Hrant Baqratyan deyib ki, Qarabağda torpaq quruyan kimi müharibə başlayacaq. “Bu müharibə zamanı biz köməyə getməliyik”, - deyə eks Baş nazir sərsəmləyib. Ölkənin ağıllısı bu gündədirsə, mənzərə aydındır...
Laçın yolunda dinc aksiya başlamazdan əvvəl İranın üst-üstə 30-a yaxın terrorçusu Qarabağa gəlmişdi, pasportları ilə ifşa olundular. Bundan sonra Azərbaycan ictimai rəyində bir əminlik yarandı ki, yola nəzarət etmnəyimiz vacibdir. Nəticə ortada, Əsgərimiz addım-addım zirvələri fəth edir, məxfi yollar nəzarət altına alınır, artıq nəinki iranlı, heç irəvanlı da keçə bilmir Qarabağa. İndi əgər İran silahı ilə “xoşbəxt” olacaqlarını düşünürlərsə, can onların, cəhənnəm Tanrının!
 İranın İsfahanına gecəyarısı qəfildən ABŞ və ya İsrailin nöqtəli zərbələr endirdiyi xəbərləri yayılıb, Tehran öz canının hayındadır, bilmir harasını qorusun, amma erməni can hayında olandan “piy umur”. Düzdür, İran da Ermənistandan əl götürmür, bundan əvvəl İrəvana 600-dən çox raket göndərdiyi barədə xəbərlər yayılmışdı. Amma İranın məqsədi bəllidir, Ermənistanın əldən çıxmasını istəmir, düşünür ki, bu ölkə əldən getsə, Qərb bütün varlığı ilə buraya daşınacaq və bu gün Azərbaycanın dinc məqsədlər üçün istifadə etməsinə imkan vermədiyi Zəngəzur dəhlizi boyunca İranın amerikalı, avropalı düşmənləri düzüləcək. O da istisna deyil ki, vaxtilə 1 milyardlıq silahı havayı aldığı Rusiyanın üzünə qayıdan Ermənistan günün birində Fransa qatığını da İran xamasından üstün sayacaq və onda molla rejimini ağlamaq tutacaq. İran hələ də dost-düşmənini ayıra bilmir...
 Ermənistan da məlum, İran da...Yaxşı, Ukraynanın İran PUA-ları ilə atəşə tutulmasına kəskin reaksiya verən Amerika, Avropa niyə Ermənistanın İran silahları ilə təchiz olunmasına susur? Bəlkə bu fakta görə də Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul etsin, Fransa Senatı yığışıb üstümüzə xoruzlansın, paytaxtlardan Bakıya zəng-zəng dalınca gəlsin?..Normalda necə olmalı idi? Ermənistanla İran arasında hərbi əməkdaşlıq hazırlığı barədə məlumat yayılan kimi İranın düşmənləri hərəkətə keçməli idi axı. Hanı, görmürük. Səbəb? Ya ABŞ və Avropanın İranla düşmənçiliyi-filanı yoxdur, ya da...Hə, bəlkə istəyirlər İrəvan-Tehran əməkdaşlığına görə Azərbaycan İrana qarşı müharibəyə başlasın, onlar da baxıb, zövq alsınlar?..
Laçın yolundakı ekofəalların dinc aksiyasından narahat olub da, yuxusunu qaçıran Ağ evdəkilər susur, Ermənistanın sanksiyaya məruz qoyulan İrandan ağartı məhsulları almasını nəzərdə tutmuruq, PUA alış-verişinə...
 
Elşad PAŞASOYскачать dle 12.1