Bia.Az

Rusiya BMT TŞ sədrliyinə keçdi, ermənilər Qarabağ şantajına başladı

Siyasət
 5-04-2023, 11:00     254

Ermənistan anti-Rusiya siyasətinə haqq qazandırmaq üçün belə müzakirələrin keçirilməsi bəhanəsini ortaya atıb

Bakıya gəlməkdən imtina edən Xankəndi separatçıları yenidən beynəlxalq ictimaiyyəti çaşdırmaq təşəbbüslərinə, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmağa başlayıblar. Separatçı rejimə bağlı “xin” növbəti bəyanat yayaraq bu dəfə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciət edib.
“Azərbaycanın Artsax xalqına qarşı apardığı etnik təmizləmə və soyqırım siyasətinin qarşısını almaq üçün təcili və təsirli addımlar atmağa çağırırıq”, - bəyanatda deyilir.
2022-ci ilin sentyabr hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BMT TŞ-nin gündəliyinə “Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu” adlı məsələ daxil edilmişdi. Məlumdur ki, bunda Fransanın xüsusi rolu olmuşdu. Çünki sözügedən müraciət əsasında məsələ TŞ-nin gündəliyinə Fransanın dəstəyi olmadan daxil edilə bilməzdi. Fransa-Ermənistan cütlüyü hələ 2022-ci ilin sentyabrında baş vermiş hadisələrlə bağlı BMT TŞ-də sənəd qəbul etmək istəyirdi. O zaman bu mümkün olmamışdı. Laçın yolunda ekofəalların aksiyası başlayandan sonra Fransa və Ermənistan bu məsələ ilə bağlı BMT TŞ-nin iclasını çağırmağa nail oldu. Həmin müzakirələrindən dərhal sonra Fransa BMT TŞ-nin daimi üzvü və hazırda TŞ-nin sədri kimi (daimi və qeyri-daimi üzvlərin hərəsi bir ay sədr olur) Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlamışdı. Azərbaycanın beynəlxalq səviyyədə apardığı möhtəşəm diplomatik fəaliyyət Paris-İrəvan tandeminin cəhdlərini darmadağın etdi. Bu proses sözün əsl mənasında Fransa üçün böyük rüsvayçılıqla nəticələndi.
Qeyd edək ki, Rusiya 2023-cü ilin aprel ayı boyu BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Görünür, ermənilər indi Rusiyanı bu yolla şantaj etmək niyyətindədirlər. Yada salaq ki, Fransanın hazırladığı məlum sənədə Rusiya “yox” demişdi. İndi Ermənistan bu yolla anti-Rusiya siyasətinə haqq qazandırmaq üçün növbəti dəfə belə bir müzakirələrin keçirilməsinə nail olmaq istəyir.
Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"
Azər Badamov
Deputat Azər Badamov ermənilərin heç nəyə nail olmayacaqlarına əmindir: “Ermənilər təəssüf ki, reallığı necə varsa, elə qəbul etmək istəmirlər. Əvvəl Ermənistan Fransanın dəstəyi ilə BMT TŞ-yə müraciət edir. Nəticədə heç bir uğura nail ola bilmirlər və Fransa Azərbaycana qarşı hazırlanmış məsələni biabırcasına gündəlikdən çıxarmalı olur. İndi də 2023-cü ilin aprelindən Rusiyanın BMT TŞ-yə sədrlik edəcəyini nəzərə alaraq separatçılar yenidən  "Azərbaycanın Artsax xalqına qarşı apardığı etnik təmizləmə və soyqırım siyasətinin qarşısını almaq üçün təcili və təsirli addımlar atmağa çağırırıq"  bəyanatını hazırlayıb göndəriblər. Hesab edirlər ki, yalvarmaqla və ya şantajla BMT TŞ-də məsələləri qəbul etdirə biləcəklər. Amma anlamırlar ki, separatçıların məskunlaşdığı Qarabağ iqtisadi rayonu BMT tərəfindən tanınmış Azərbaycanın suveren ərazisidir. Ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı BMT-nin nizamnaməsində yazılıb. Ona görə də ermənilərin xəyal etdiyi məsələləri heç kim dəstəkləməyəcək və Azərbaycan öz ərazisinin bütövlüyünü qorumağa qadirdir. Amma BMT TŞ-nin qərarlarının vacibliyini Ermənistan niyə indi dərk edib, çox maraqlıdır. Çünki Azərbaycanın torpaqlarını işğal etdiyi dövrdə Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılması və işğala son qoyulması ilə bağlı BMT TŞ-nin qəbul etdiyi  4 qətnaməni 28 il dəyərsiz kağız parçası hesab etmişdi. İndi Azərbaycan BMT-nin görməli işi öz gücü ilə icra etdiyi zaman Azərbaycana qarşı sənədlərin qəbul etdirilməsinə çalışılması çox gülməli çıxır. Onda belə çıxır ki, ermənilərə lazım olanda beynəlxalq təşkilatlar sənədlər qəbul etməli və işləməlidir. Belə yanaşma ən azından axmaqlıqdır. Ermənistan 90-cı illərdə qəbul etdiyi qətnamələri icra etməli idi. Azərbaycanın öz ərazisində qanunu hakimiyyətini bərpa etməsi nə vaxtdan etnik təmizləmə və soyqırım kimi qiymətləndirilməlidir? Yaxşı olardı ki, Ermənistan və Qarabağdakı ermənilər xam xəyallardan çəkinərək reallığı qəbul edib Azərbaycanla birgə yaşamağa öyrəşsinlər. Bunun alternativi yoxdur və  heç vaxt da olmayacaq".
Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, Ermənistanın məqsədi məsələnin müxtəlif müstəvilərdə müzakirəyə çıxarılmasına, bununla da vaxtın uzadılmasına nail olmaqdır: “Onlar bunun üçün istənilən vasitədən istifadə edirlər. BMT Təhlükəsizlik Şurasına kimin sədrlik edəcəyinin mənası yoxdur. Azərbaycan Təhlükəsizlik Şurasında kifayət qədər tərəfdara malikdir və istənilən qərəzli bəyanat cəhdlərini neytrallaşdırmaq gücündədir. Paşinyanın anti-Rusiya hərəkətlərinə bu yolla bəraət qazandırmaq cəhdi də mənasızdır. Təbii ki, ermənilərın Qərblə Rusiya arasında manevrlərini davam etdirməyə, hər iki tərəfin imkanlarından yararlanmağa çalışdıqlarını görürük. Nə qədər çalışsalar da, onların Rusiyanın təsir imkanlarından çıxmaq cəhdləri hələ ki əhəmiyyətsiz görünür. Azərbaycan bu cür təşəbbüslərdən kənarda qalmağı bacarmalıdır”.
Şuşanın hüzurunda... - Kənan Novruzov yazır
Kənan Novruzov
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzovun fikrincə, Rusiyanın BMT TŞ-nin sədri seçilməsi tamamilə absurddur: “Bir ildən çoxdur ki, Ukraynada vandallıq törədən, Qərbin təhlükəsizliyinə təhdid yaradan bir dövlət necə BMT TŞ-nin sədri seçilə bilər? Əlbəttə, bu, həm də BMT-nin bir qurum kimi "dişsizliyini" göstərir. Rusiyanın bu quruma növbəti dəfə sədrliyi Cənubi Qafqaz regionuna da bu və ya digər formada təsir edə bilər. Ermənistan bu məqamdan istifadə etməyə çalışa bilər. Amma daha çox Rusiya özü sədrliyindən sui-istifadə edəcək. Moskva heç vaxt Cənubi Qafqazda sülhün təmin olunmasında, Ermənistan-Azərbaycan münasibətlərinin tamamilə normallaşmasında maraqlı olmayıb. Kreml, sadəcə, regionda təsir gücünü artırmağa çalışır. Rusiya səmimi olsa idi, indiyədək çoxdan məsələni həll edərdi. BMT TŞ-yə növbəti dəfə sədrlik Rusiyanın Cənubi Qafqaz məsələsində “əl-qol açmağına” səbəb ola bilər. Rəsmi Moskva vəziyyəti elə təqdim etməyə çalışacaq ki, guya səlahiyyətləri daha çoxdur. Amma əslində bu səlahiyyətlərdən istifadə olunmayacaq. Rusiyanın BMT TŞ-yə sədrliyi özünü Cənubi Qafqazda sabitliyin təmin olunmasında yox, Qərblə rəqabətdə göstərəcək. Ermənistanın Rusiyanı şantaj etməsi məsələsinə gəldikdə isə tərəflər arasında gərginlik getdikcə artır. Üstəgəl, Moskva Bakı ilə münasibətləri pisləşdirməkdə maraqlı deyil. Bu mənada Rusiyanın Ermənistanın xeyrinə addım atacağı inandırıcı görünmür"./“Yeni Müsavat”/скачать dle 12.1