Bia.Az

Azərbaycan sərhədində kəşfiyyat fəaliyyəti - Aİ missiyası haqda sensasion iddia

Siyasət
 5-04-2023, 10:47     272

“Caliber”: “Markus Ritterin polis məmuru vəzifəsi ilə kamufulyaj edilmiş kəşfiyyatçı fəaliyyətinə nəzər yetirmək kifayət edir”

Bugünlərdə Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının rəhbəri Markus Ritter səlahiyyətlərini aşacaq bir açıqlama ilə çıxış edib və onun bu fikirləri birmənalı qarşılanmayıb. M.Ritter iddia edib ki, Azərbaycan yazda Ermənistana hücum etməsə, bu, Aİ-nin monitorinq missiyasının uğur qazanması anlamına gələcək: “Bir çox erməni əmindir ki, yazda Azərbaycan hücuma başlayacaq. Əgər bu baş verməsə, o zaman bizim missiyamız uğurlu olacaq”.
Azərbaycan Xarici İşlər Nazirliyi dərhal buna münasibət bildirərək Aİ təmsilçisinin belə məsuliyyətsiz açıqlama ilə çıxış etməsini qınayıb: “Aİ Missiyası rəhbərinin Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirməsini, Aİ Missiyasının əsas vəzifəsinin "Ermənistanı Azərbaycandan qorumaq" kimi təqdim etməsini qətiyyətlə qınayırıq". Aprelin 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Dirk Şubellə görüşdə deyib ki, Aİ missiyasının mövcudluğu dövründə Ermənistanın təxribatları intensivləşib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da M.Rittenin bu yanaşmasını sərt tənqid edib: “Missiyanın rəhbəri Markus Ritterin bəyanatları Aİ-nin regiondakı niyyət və hərəkətlərinin dağıdıcılığını təsdiqləyir. Heç vaxt nizamlanmaya vasitəçilik etməyən, heç vaxt əlavə dəyər gətirməyən, praktiki nəticə əldə etməyənləri eşitmək çox da vacib deyil. Üstəlik, Brüsseldə onlar Ermənistanla Azərbaycan arasında etimadın yaradılmasında və mövqelərin yaxınlaşmasında maraqlı deyillər”.
“Caliber” isə növbəti süjetində Ermənistanda olan missiyasının fəaliyyətinə dair yeni məqamlara toxunulub. “Caliber”in etibarlı mənbələrdən əldə etdiyi məlumata əsasən, sözügedən missiya mülki yox, hərbi-kəşfiyyat xarakterli fəaliyyətlə məşğuldur. “Təkcə Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritterin polis məmuru vəzifəsi ilə kamufulyaj edilmiş kəşfiyyatçı fəaliyyətinə nəzər yetirmək kifayət edir. Onun 2005-ci ildə Kosovoda, 2007-2008-ci illərdə Gürcüstanda, 2012-2013-cü illərdə Cənubi Sudanda və 2017-2019-cu illərdə Avropa İttifaqı Konsulluğun rəhbəri kimi Bağdaddakı fəaliyyətinə diqqət yetirmək kifayət edir”, - deyə, qeyd olunur.
Ermənistanın XİN başçısı Ararat Mirzoyan Rumıniyaya səfəri zamanı deyib ki, Avropa İttifaqı missiyasının yerləşdirilməsi regionda sülhün təşviqi üçün dəyərli vasitədir. Rusiyanın da Aİ missiyasına qıcıqlı reaksiyası böyük ehtimalla həm də bu kəşfiyyat fəaliyyəti ilə bağlıdır.
Asif Nərimanlı yazır...
Asif Nərimanlı 
Siyasi analitik Asif Nərimanlı ermənilərin əsas məqsədlərinə toxundu: “Avropa İttifaqı missiyasının realda mülki olmadığı bəllidir. Çünki missiyasının Ermənistana yerləşdirilməsinin hədəfi var. Bu, Rusiyanı Ermənistanda sıxışdırmaq və Qərbin Cənubi Qafqazda hərbi müstəvidə təmsilçiliyini yaratmaqdır. Bu baxımdan, Avropa İttifaqının missiyasında təmsil olunanların kəşfiyyatçı ola biləcəyi istisna edilməməlidir. Burada bizim üçün riskli olan bu kəşfiyyat missiyasının hansı ssenarini tətbiq edə biləcəyidir. Məqsəd Rusiyanın Ermənistanın təhlükəsizliyində oynadığı rolu azaltmaq, bunun yerini Qərbin tutması imkanlarını artırmaqdırsa, o zaman Azərbaycanla sərhəddə hərbi eskalasiyaya ehtiyac var. Belə bir eskalasiya Ermənistana "Azərbaycanı təcavüzkar" kimi göstərmək üçün lazımdırsa, İrəvanla Avropa İttifaqının missiyasının ortaq mövqeyi Rusiyanın “Ermənistanı müdafiə etmədiyini” əsaslandırmaqdır. Eskalasiya baş verərsə, Ermənistan yenidən KTMT-nin öz öhdəliklərini yerinə yetirmədiyini bildirəcək və Aİ missiyasının, yəni Qərbin onların təhlükəsizliyində Rusiyadan daha çox rol oynadığı fikrini irəli sürəcək. Bundan istifadə edərək, KTMT-dən çıxmaq məsələsini yenidən aktuallaşdıra, yaxud ən azı Qərb ölkələrinin hərbi müstəvidə təmsilçiliyini gündəmə gətirə bilərlər. Belə ssenarinin tətbiq edilə biləcəyi ehtimalı böyükdür. Bu baxımdan, Ritter “Bir çox erməni əmindir ki, yazda Azərbaycan hücuma başlayacaq. Əgər bu baş verməsə, o zaman bizim missiyamız uğurlu olacaq” sözlərini başqa cür də oxuya bilərik: Ermənistan sərhəddə təxribatlarla hərbi eskalasiya yaradır, daha sonra Avropa İttifaqının “Azərbaycanın hücum edəcəyi gözləntiləri öncədən var idi” fikrini dövriyyəyə buraxa bilər".
Yeganə Hacıyeva: "Qarşıdakı 3 il ərzində nəzarətimizdə olmayan..." » Azia.az
Yeganə Hacıyeva
Politoloq Yeganə Hacıyeva Aİ-nin əsl iç üzünü nümayiş etdirdiyini bildirdi. Onun sözlərinə görə, Avropa İttifaqının missiyasının real məqsədləri ilə bağlı çoxlu şübhələr ilk gündən yaranmışdı: “Elə ilk gündən Ermənistan tərəfi Azərbaycana iftira atmaqla kifayətlənməyib, indi də Avropa İttifaqının adından saxta bəyanat yaymağa başlayıb. Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritterin açıqlamasından öncə eyni məzmunda iftira dolu bəyanatı Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan keçən il noyabrın 17-də bəyan etmişdi. Xatırladım ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan özünün "Twitter" mikrobloqunda bəyan edib ki, Avropa İttifaqı monitorinq missiyası Azərbaycanın guya “Ermənistanın suveren ərazisinə gündəlik hücumlarını” sənədləşdirib.
İttifaqın ortada heç bir bəyanatı olmadığı halda, bu qurumun adından danışan Marukyan Azərbaycanı Ermənistana “təcavüzdə” ittiham etməkdən çəkinməyib, guya Azərbaycanın Ermənistana qarşı “terror planlayacağı haqda iftira atıb. Marukyan bu bəyanatı tamamilə yalan üzərində qurub, Ermənistanın davranışlarını bizimki kimi qələmə verib. İndi də Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritterin eyni bəyanatla, Ermənistan tərəfinin yalan və böhtan dolu iddiaları əsasında guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirməsi, birliyin missiyasının əsas vəzifəsini "Ermənistanı Azərbaycandan qorumaq" kimi təqdim etməsi onu göstərir ki, təlimatları Ermənistan XİN-dən alır. Missiyanın mandatı iki ölkə arasında etimadın möhkəmləndirilməsini dəstəkləmək və dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə iki ölkənin dövlət komissiyasına Avropa İttifaqının daha əsaslı dəstəyini təmin etmək olsa da, Ermənistan və Azərbaycan arasında sərhədə yaxın rayonlarda vəziyyətin monitorinqi adı ilə imitasiya ilə məşğuldur. İndi təcavüzkarı müdafiə etmək vəzifəsini üzərinə götürən bu qurumun missiyası real məqsədlərinı aşkar edir və bu, ittifaqla Azərbaycan arasında güvən mühitini zədələyir. Deyəsən, bu missiyanın payına da Minsk Qrupu kimi nəticəsiz və ermənipərəst mövqedə olmaq kimi taleyi yaşamaq  düşüb"./Musavat.com/скачать dle 12.1