Bia.Az

Ölkənin ən məşhur partiyası özünü buraxdı: Əlizadələrin qurduğu 34 illik ASDP-nin SON BƏYANATI

Siyasət
 4-04-2023, 17:07     238

Azərbaycanın ən məşhur və köklü partiyalarından biri olan Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) öz fəaliyyətini dayandırıb. Bu barədə məlumat partiyanın bəyanatında öz əksini tapıb.

Qeyd edək ki, ASDP 1989-cu ildə Zərdüşt və Araz Əlizadələr, o cümlədən Leyla Yunus və daha bir neçə tanınmış sima tərəfindən qurulub. Araz Əlizadənin vəfatından sonra partiyanın fəaliyyəti faktiki olaraq yox idi.

Musavat.com-a eksklüziv olaraq göndərilən bəyanatın mətnini olduğu kimi təqdim edirik:

"Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) ötən dövr ərzində əhalinin sosial rifahını, həmçinin demokratik dəyərləri daim üstün tutub və Azərbaycan Respublikasının qanunları müəyyən etdiyi çərçivələrdə öz siyasi amallar uğrunda fəaliyyət göstərib.
​1989-cu ildə yaradılmış ASDP daha sonra 1995-ci ildə rəsmi olaraq dövlət qeydiyyatından keçmişdir. Prinsipial mövqe və ölkə siyasiləri ilə əməkdaşlığa açıq olması ilə daim seçilmiş ASDP öz fəaliyyətində tərəfdarların və ölkənin milli maraqlarını müdafiə etmiş, habelə müxtəlif təşəbbüslərlə çıxış etmişdir.
Zəngin siyasi təcrübəyə malik olan ASDP müxtəlif səviyyəli seçkilərdə də fəal iştirak etmişdir. Belə ki, Partiyanın üzvləri 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərində iştirak etmişdir. Partiyanın ilk həmsədri və sədri olmuş Araz Əlizadə müxtəlif illərdə millət vəkili seçilmişdir. O, eyni zamanda 2013-cü ildə və müvafiq olaraq 2018-ci ildə keçirilmiş prezident seçkilərində də namizəd olaraq seçki proseslərinə qoşulmuşdur.
​Belə ki, sözün tam mənasında parlament partiyası hesab oluna biləcək ASDP müxtəlif illərdə ölkənin qanunvericilik bazasının təkmilləşdirilməsi prosesinə də öz töhfəsini vermişdir.
Daim açıq mövqeyi ilə seçilən ASDP İkinci Qarabağ müharibəsi zamanı Ali Baş Komandan Prezident İlham Əliyevin siyasətini dəstəkləyib və müxtəlif məsələlərə həsr olunmuş siyasi partiyalarının birgə bəyanatlarına öz dəstək imzasını da atmışdır.
​Tarixi torpaqlarımızın işğaldan azad olunması və unudulmaz Qələbə regionda yeni reallığın yaradılmasına səbəb olmuşdur. Qürurlu haldır ki, yeni reallığın müəllifi Azərbaycan xalqıdır. Yeni reallıq bütün sahələrdə aparılan islahatların daha da dərinləşməsi zərurətini müəyyən edir. Bu mənada ölkənin siyasi konfiqurasiyasının dəyişməsi də istisna deyil.
​Siyasi münasibətlərin iştirakçıları qarşısında keyfiyyət etibarı ilə yeni peşəkar tələbləri müəyyən edən “Siyasi partiyalar haqqında” qəbul olunmuş yeni Qanun siyasi partiyaların nüfuz və əhəmiyyətinin artırılmasına xidmət edir.
Qeyd olunanları, habelə Partiya öz yaradıcısı və əsas ideoloqu hesab olunan liderini itirdiyi üçün ASDP-nin buraxılmasını bəyan edirik. ASDP-nin bütün üzvləri və tərəfdaşları indidən sonra da Azərbaycan cəmiyyətinin və dövlətinin inkişafı naminə öz bilik, potensial və səriştəni əsirgəməyəcəklər".скачать dle 12.1