Bia.Az

`Azərlotoreya`ya ETİRAZ: Bu, xalqın cibinə girməkdir... - AÇIQLAMA

Cəmiyyət
 4-04-2023, 13:19     224


Bu gün Bakı küçələri açıq kazinoları xatırladır. Hər küncdə topa ilə yığılmış adamlar pul qoyub, pul qazanmağa çalışır. “Azərlotereya”nın bu fırıldağının hələ onları hansı bəlaya saldığından xəbəri olmayan mərc həvəskarları cibindəki sonuncu qəpiyi də ora xərcləməyə hazırdır. “Azərlotereya” xüsusilə gəncləri narkotikdən betər olan qumar bəlasına cəlb edir, bir çoxlarının da həyatını qaraldır, gələcəyini əlindən alır. Ancaq onları Azərbaycan gəncinin gələcəyi deyil, öz qazancları maraqlandırır.


DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən AĞ Partiya başqanının müavini Əhəd Məmmədli bildirib ki, şəhərin hər yerində mərc oyunları kağızlarının, lotereyaların satılması 1990-cı illəri xatırladır:
“O vaxt ölkədə vəziyyət çətin idi, sosial vəziyyət yaxşı deyildi, müharibədən yeni çıxmış ölkə idik, o vaxt da belə oyunlar var idi. İnsanlar şəhərdə, rayon mərkəzlərində indiki kimi bir yerə yığışıb bu cür mərc oyunları oynayırdılar, zər atırdılar. Çox təəssüf edirəm ki, indi də həmin şeylər başqa formada davam edir.
Hər şey futboldan başladı demək olar. Futbol oyunları ilə bağlı mərclər gəldi, daha sonra davam elədi, inkişaf elədi. Görünür ki, bu məsələdə oliqarx-məmurların da maraqları var. Çünki ortada böyük pullar dövr edir. Uzun illər əvvəl ölkədə kazinolar ləğv edildi. Buna baxmayaraq hələ də qumar yaşayır, ancaq küçə səviyyəsində. Kazinolara kimlər gedirdi? Varlılar. Kasıb təbii ki, kazinoya gedə bilməzdi. Ancaq bu küçə qumarını daha çox oynayan kasıblardır. Hansı varlı durub lotereya oynayacaq? Bu, kasıbın cibinə girməkdir. Kasıb da işsizlikdən mərc oyunlarına son ümid yeri kimi baxır. Pullar itirir, bu da böyük faciələrə səbəb olur”.

Ə.Məmmədli bildirib ki, bu cür oyunları qadağan etmək lazımdır. Nə qədər ki, gec deyil, oliqarx məmurların əlavə qazanc yerini bağlamaq lazımdır:

“Nə vaxta qədər bu cür məşğuliyyətlərə şərait yaradan məmurlar pullar qazanacaq? Narkotik necə təhlükəli bir xəstəlikdirsə, eynən də qumar təhlükəlidir. Biz müsəlman ölkəsiyik, bu kimi oyunlar Azərbaycan dövlətinin mahiyyətinə, quruluşuna ziddir. Ümid edək ki, yaxın zamanlarda bunun qarşısı dövlət tərəfindən alınacaq”.
скачать dle 12.1