Bia.Az

Kişinyovda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO

Siyasət
 3-04-2023, 00:45     316

Aprelin 2-də Kişinyovdakı “KEDEM” Yəhudi Mədəniyyət Mərkəzində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi və Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər, milli icmaların rəhbərləri, Azərbaycan diasporunun üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov dəyirmi masa iştirakçılarına 1918-ci ilin martında baş vermiş soyqırım aktı nəticəsində 20 min dinc azərbaycanlının təkcə etnik mənsubiyyətinə görə erməni millətçiləri tərəfindən qətlə yetirilməsi, azərbaycanlılara məxsus evlərin, abidələrin, məscid və qəbirstanlıqların dağıdılması və yandırılması barədə məlumat verib. Diplomat həmçinin Qərbi Azərbaycanda yaşayan, erməni-bolşevik dəstələri tərəfindən soyqırıma məruz qalan azərbaycanlılara da toxunub. O qeyd edib ki, 1948-52, 1987-91-ci illərdə aparılan etnik təmizləmə nəticəsində azərbaycanlılar hazırkı Ermənistan ərazisindən tamamilə qovulmuş və bu gün orada bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Həmçinin, səfir Qərbi Azərbaycan İcmasının haqlı olaraq beynəlxalq ictimaiyyətdən bu ərazilərdən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə öz yurdlarına qayıtmasının təmin edilməsi və bunun üçün şəraitin yaradılmasını, habelə dağıdılmış Azərbaycan mədəni irsinin bərpasını tələb etdiyini bildirib. O qeyd edib ki, oxşar faciələr dünyanın heç bir yerində təkrarlanması üçün müasir cəmiyyət keçmişin faciələrindən dərs çıxarmalıdır.
Moldova parlamentinin deputatı, parlamentlərarası dostluq qrupunun Moldova tərəfindən rəhbəri Vitali Jakot çıxışında Moldovada yaşayan müxtəlif xalqlar arasında hökm sürən tolerantlıq və mədəniyyətlərarası həmrəylikdən danışıb. O bunu millətlərarası toqquşmaların və irqlərarası nifrətin qarşısını almaq üçün vacib şərt adlandırıb. Vitali Jakot bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edərkən çox ağır təəssürat yaradan çoxsaylı dağıntı və xarabalıqların şahidi olub. O, regionda bütün xalqların rifahı naminə davamlı sülhün və firavanlığın bərqərar olması üçün məsələlərin tezliklə həllini arzulayıb.
Moldova Azərbaycanlıları Konqresinin rəhbəri Elçin Bayramov 1918-ci ildə dinc azərbaycanlılara qarşı soyqırımının yenidən erməni silahlı dəstələri tərəfindən 1992-ci ildə Xocalıda xüsusi qəddarlıqla törədildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, diasporun vəzifələrindən biri bu faciəli hadisələrə ədalətli hüquqi qiymətin verilməsi üçün onlar barədə geniş məlumatın dünya ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Moldova Azərbaycanlıları Konqresinin nümayəndəsi Maarif Rəhimov çıxışında dəyirmi masa iştirakçılarına erməni faşisti Qaregin Njdenin cinayətlərindən danışıb, faşizmi tərənnüm etməyin təhlükəsini və yolverilməzliyini qeyd edib. O, həmçinin bildirib ki, 1918-ci il və 1992-ci il Xocalı soyqırımı kimi hadisələr sivil dünyada baş verməməlidir.
Tədbirdə həmçinin Azərbaycan diasporunun nümayəndələri və üzvləri Yasin Seyid, Anna Pinzaru, Hocayev Bayram və digərləri çıxış ediblər.
Eyni zamanda, “KEDEM” Yəhudi Mədəniyyət Mərkəzində 31 mart 1918-ci il soyqırımına həsr olunmuş sərgi təşkil olunub.






скачать dle 12.1