Bia.Az

Generalları siyasətçiyə dönən ölkə - İranın “su bulandırması”, bəhanələri və əsas niyyəti

Siyasət
 2-04-2023, 14:25     338

Son aylarda İranla Azərbaycan arasında yaranmış gərginliyin, çəkişmənin, “söz atışması”nın, umu-küsü və giley-güzarın alt qatına varanda, qarşılıqlı iddia və ittihamların incəliklərini xırdalayanda aydın olur ki, ortada “qatı düşmənçilik” üçün elə bir əsas yoxdur.

İran dövlətinin ruhani, hərbi, siyasi dairələrinin çıxışları məşhur təmsildə (lətifəsi İrandan və bizdən uzaq) canavarın keçiyə qarşı irəli sürdüyü “suyu niyə bulandırdın” ittihamı, bəhanəsi kimidir. Bilindiyi kimi, bu ittihamın cavabı beləydi: “Bulandırdımsa da, sən məndən yuxarıdasan, bulanıq su isə aşağı axıb gedir”.
Ən pisi isə odur ki, İranda artıq təhdid kampaniyasına hərbçilər, komandan generallar qoşulub.
Generallar siyasi bəyanatlar, şərhlər verir, “lazım gələrsə tədbir görəcəklər”ini deyirlər. Sanki qərar qəbul edən instansiyada təmsil olunurlar.
iranit.JPG (73 KB)
Hansı normal ölkədə belə bir şey var və ya ola bilər? Adi sıravisindən tutmuş ta marşalına qədər bütün hərbçilər əmr quludurlar və siyasi bəyanatlar verə vilməzlər. Onlar mülki hakimiyyətin əsgərləridir və prezidentin, parlamentin qərarlarını, göstərişlərini yerinə yetirməlidirlər. Hər halda xunta və diktatura rejimi ilə idarə olunmayan ölkələrdə belədir. İranda isə artıq hər general bir siyasətçiyə, partiya sədrinə, parlament üzvünə dönüb, ard-arda siyasi bəyanatlar verirlər.
Bu günlərdə öz dövlətinin “Zəngəzur dəhlisi siyasəti” barədə tənqidi fikirlərini açıqlayan keçmiş diplomat Əfşar Süleymani Azərbaycan-Ermənistan münaqişəsində tərəf tutan, İrəvanın yanında yer alan həmvətənlərinin arqumentlərini darmadağın etmişdi.
efsar.jpg (74 KB)
Vaxtilə ölkəmizdə İranı təmsil etmiş, səfir olmuş Süleymaninin məqaləsindən belə anlaşılırdı ki, İranda Ermənistana qahmar çıxanlar kontingenti ilə yanaşı, Qarabağ münaqişəsində Azərbaycanı haqlı sayanlar da var. Ancaq dövlətin yeritdiyi konyuktur siyasətin nəticəsində təşəbbüs hələlik ermənipərəstlərdədir, Azərbaycanla dostluq-qardaşlıq, yaxın qonşuluq münasibətlərinin möhkəmlənməsini istəyən siyasilər, diplomatlar və hərbçilər indilikdə müdafiə və gözləmə mövqeyindədirlər.
Keçmiş diplomat Ermənistan tərəfdarlarıın əsas arqumentlərindən biri olan “Zəngəzur dəhlizi” məsələsinə toxunmuş və yazmışdı ki, İranla Ermənistan arasında sərhəd bölgəsi olan Zəngəzur (Sünik) vilayəti Azərbaycanın nəzarətinə keçərsə, İranın Rusiya, Qafqaz və Avropa ilə əlaqəsinin kəsilməsi iddiası havayı söhbətdir. Çünki İranın Rusiya, Qafqaz və Avropa ilə əlaqəsi hazırda Ermənistan vasitəsilə həyata keçirilmir, yüklər Avropaya Türkiyə ərazisindən keçməklə çatdırılır, Rusiyaya və Qara dənizə isə Azərbaycandan və Gürcüstandan daşınır.
xerit.jpg (193 KB)
İranlı ermənipərəstlərin daha bir iddiası NATO-nun İran sərhədlərinə yaxınlaşması ilə bağlıdır. Həqiqət isə budur ki, hazırda Ermənistan Qərblə, NATO ilə daha sıx əlaqələrə malikdir və artıq Avropa dövlətlərinin hərbi funksiya daşıyan nümayəndələri Sünikə qədər gəliblər. Ondan başqa, NATO 60 ildən çoxdur ki, Türkiyədə mövcuddur və İranla qonşudur.
Eyni arqumentlə İsrailin İran sərhədinə yaxınlaşması ilə bağlı iddiaya cavab vermək olar. Son illərdə münasibətləri soyuqlaşmış olsa da, İsrailin regionda ən yaxın müttəfiqi və hərbi partnyoru 50 ildən çox müddətdə məhz Türkiyə olub və o zaman rəsmi Tehran heç vaxt Ankaraya “İsraillə münasibətlərə son qoy” tələbi irəli sürməyib.
Hələ bir baxaq görək, İranın İsrailə qarşı bu qədər qatı düşmənçiliyinin ciddi səbəbləri varmı? Bu səbəblər o zaman ola bilərdi ki, İsrail İranın ərazisinin bir hissəsini işğal və ilhaq etsin, geri qaytarmaq istəməsin. Belə şey yoxdur. Bu iki dövlət sərhədə malik deyil. İranın İsrailə qarşı irəli sürdüyü əsas tələb yəhudi dövlətinin Fələstin muxtariyyatının statusuna, Fələstin ərəblərinə olan münasibəti bağlıdır. Artıq digər ərəb dövlətləri İsraillə qarşılıqlı anlaşma içinə girdiyi, sülh sazişləri bağladığı bir vaxtda İranın bu davanı sürdürməsi “Roma papasından artıq katolik olmaq” məsələsinə oxşayır.
Həm də İran belə “din-məzhəb qardaşlığı” qeyrəti çəkən idisə, müsəlman-şiə yurdu olan Qarabağın 30 il erməni işğalında qalmasına dözməməliydi. (Bu barədə çox yazılıb, yenidən təkrar etməyək).
Bir sözlə, iranlı generalların siyasi iddialarının əksinə olaraq, Azərbaycanın yeritdiyi regional siyasət İranın dövlət mənafelərinin, milli maraqlarının ziddinə deyil. Azərbaycanın əsas dərdi öz ərazi bütövlüyünü bərpa etmək, Qafqazda təhlükəsizliyə dayanan mövcudluğa nail olmaqdır.
casus.jpg (415 KB)
Azərbaycan öz qonşularının daxilində geniş casus şəbəkəsi yaratmaq və onların fəaliyyəti üçün milyonlar tökmək niyyətindən uzaqdır, eyni zamanda istəmir ki, hansısa qonşu dövlət onun daxilində “təxribatçı alaylar” saxlasın, onları bir gün hərəkətə gətirməklə dövləti şantaj etsin, özü üçün itaətkar və oyuncaq bir rejim bərqərar etməyə çalışsın.
Bu baxımdan İranın dərdi heç də nə Ermənistanın “maraqları”dır, nə Türkiyə və Azərbaycanın “Zəngəzur dəhlizi” ilə birləşəcəyidir. İran əsas dərdi Azərbaycanı qapazaltı ölkəyə çevirməkdir. Ancaq bu, alınmır, əlaltıları ifşa olunub həbs edilir deyə, hiddətlənən hərbi-siyasi dairələr aqressiya nümayiş etdirir.
99988yük.jpg (99 KB)
Zatən, Türkiyə ilə Azərbaycan artıq qeyri-rəsmi olaraq bir-birinə çulğaşıblar, az qala konfederativ dövlət münasibətləri qurublar, Naxçıvanda birbaşa, hava yoluyla, Gürcüstandan keçməklə isə quru yolla hərtərəfli əlaqəyə malikdirlər. Zəngəzur dəhlizi olsa da, olmasa da, bu əlaqələr daha da möhkəmlənəcək. Azərbaycanın halal haqqı olan həmin dəhliz isə kəsə olduğu üçün region dövlətlərinin hamısının işinə yarayar.
Regionda sülh bərqərar olandan sonra onsuz da bütün yollar açılacaq, sərhədlərdən keçişlər sadələşəcək, Zəngəzur yolu da ümumişlək magistrala çevriləcək. Ona görə də mənasız müqavimətin heç bir əhəmiyyəti yoxdur.
Xalid KAZIMLIскачать dle 12.1