Bia.Az

“Murov qartalı” Raquf Orucov Aprel döyüşlərində ŞƏHİD olmasaydı...

Cəmiyyət
 2-04-2023, 14:12     315

Bu gün Aprel hadisələrinin yaşandığı ağır və bir o qədər də qürurverici gündən 7 il ötür. O gecə vətənini, torpağını ailəsindən belə öndə tutan hərbçilərimiz işğal altında qalan Azərbaycan torpaqları uğrunda qəhrəmancasına şəhid oldular. Aprel şəhidlərindən biri də həyatının 26 ilini hərbi xidmətə həsr etmiş “Murov qartalı”, polkovnik-leytenant Raquf Orucovdur.
Polkovnikin həyat yoldaşı Sevinc Orucova Musavat.com-a qələbəmiz barədə danışıb.

cf9325a87d6416d0c94e6e3d8979ccb9.jpg (50 KB)
Sevinc xanım bildirib ki, polkovnik-leytenant Raquf Orucov aprelin 4-də şəhid olub:
“Vətənini sevən, ömrü-günü səngərlərdə keçən, 18 yaşında anasını şəhid verən qəhrəmanın həyatının sonu ölümün ən gözəli ilə - şəhadətlə yekunlaşmalı idi. Düşünürəm ki, Raquf Orucov Aprel döyüşlərində şəhid olmasaydı, Vətən müharibəsində şəhid olacaqdı. Aprel döyüşləri Vətən müharibəsini labüd etdi, müharibənin başlanğıcını qoydu. İlk dəfə “məğlubedilməz erməni ordusu” sindromunu qırdı. O igidlər, o qəhrəmanlar ən öndə gedənlərdir. Onlar itki vermədən gecə ikən Talış kəndinə daxil olmuşdular. Bu, onların necə peşəkar hərbçi olduqlarını bildirir. İllərlə öyrəndikləri sayəsində qələbəyə nail oldular. Onlarla bərabər qəhrəman gizirlərimiz, əsgərlərimiz şəhid oldu. Amma qələbənin başlanğıcını qoydular. Onlar bizim 26 il “edə bilmərik” dediyimiz ifadənin əksini sübut etdilər. Biz qalib xalqıq. Onlar sübut etdilər ki, bu yol olmalıdır və Azərbaycan xalqı, Azərbaycan ordusu Qarabağdan, bir qarış torpağımızdan da vaz keçməyib. Şəhadətləri ilə Azərbaycan gəncliyində, xalqında mənəvi gücə sahib oldular, iradəni yüksəltdilər. Azərbaycan xalqı dünyaya sübut etdi ki, Azərbaycan xalqı var, ürəyi Qarabağla döyünür və əvvəl-axır bu torpaqlar bizim olacaq. Bu da Vətən müharibəsinə gətirən yoldur. O yolun başlanğıcını qoyan bütün şəhidlərimizin ruhu qarşısında hamımız borcluyuq, hamımız baş əyirik. Raquf Orucov şəhidliyə layiq idi, ona görə də dünyadan elə köçdü. Allah bizə nəsib etsin ki, onun adına layiq yaşayıb, ömrümüzü onun adına layiq başa vuraq. Vətənə layiq övladlar böyüdək, onların əqidələrinə sahib çıxaq, davam etdirək, ən böyük müqəddəs yol da budur”.  скачать dle 12.1