Bia.Az

Kreml Bakı və Tehranı barışdırmaq istəyir?

Gündəm
 30-03-2023, 16:25     295

“Sergey Lavrov bu açıqlaması ilə bölgədə Rusiyanın əsas qüvvə olduğunu və sabitlik istəyən Azərbaycanın Moskvanın şərtlərilə razılaşmalı olduğunu demək istəyib. Lavrov bununla bildirmək istəyir ki, Rusiyanın şərtlərilə razılaşacağı təqdirdə, Bakının Tehranla da problemləri olmayacaq”.

Jamaz.info xəbə verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev Rusiya XİN rəhbəri Sergey Lavrovun iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşdə Tehran-Bakı gərginliyindən danışarkən dost ölkələrə mövcud problemlərin həllində kömək etməyə hazır olduğunu söyləməsinə münasibət bildirərkən deyib.Politoloqun fikrincə, Lavrovun bu açıqlaması əslində, Tehranın Azərbaycana qarşı yürütdüyü siyasəti Moskva ilə birgə kordinasiya etdiyini deməyə əsas verir:
“Azərbaycanın nə Qərb, nə də Şərq blokunda yer almayaraq müstəqil siyasət yürütməsi bir sıra dövlətləri narahat edir. Bunların başında Rusiya və İran gəlir. Azərbaycan öz xarici siyasət kursunda Rusiya və İranın birbaşa diktəsini nəzərə almır. Ona görə də bu məsələdə İranla Rusiya yaxın müttəfiq kimi çıxış edirlər.
Azərbaycana yönəlik təzyiqlərdə Bakının Laçın-Şuşa yolu ilə bağlı tutduğu mövqenin də rolu vardır. Bakı həmin yola alternativ yollara icazə verməyəcəyini bəyan edib. Bakı Laçın yolunda post qurmağa hazırlaşır. Düşünürəm ki, Azərbaycanın qətiyyətli mövqeyi qarşı tərəfdə böyük problem yaradıb. Rusiya müdafiə və xarici işlər nazirliklərinin əlilə Bakını ittiham etsə də, birbaşa olaraq ölkəmizlə bütün münasibətləri korlamaq istəmir. Ona görə də bu fonda Kreml müəyyən qədər İrandan da istifadə edir. İranın təzyiqlərinin kökündə dayanan bir amil də Azərbaycanın Qarabağla bağlı sərgilədiyi sərt mövqe ilə bağlıdır”.
Həmsöhbətimiz qeyd edir ki, İranla Azərbaycan arasında xüsusi vasitəçiliyə ehtiyac yoxdur:
“Azərbaycanın bütün addımları bəllidir. İranın belə addımları davam etdirməsi fonunda ölkələr arasındakı münasibətlərin yumşalacağından danışmağına dəyməz. Amma mümkündür ki, Bakı ilə Moskva arasında hansısa razılıq əldə olunsa, Rusiyanın təsirilə İran təzyiqləri azaltsın”.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşdə Tehran-Bakı gərginliyinin müvəqqəti xarakter daşıyacağına ümid etdiyini bildirib. Rusiya XİN başçısı Bakı-Tehran  münasibətlərindəki gərginliyin tezliklə aradan qalxacağını da söyləyib:
“Bu, Rusiya, İran və Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşlığın inkişafına yardım edəcək. Biz öz dostlarımıza  mövcud problemlərin həllində kömək etməyə hazırıq”.
скачать dle 12.1