Bia.Az

ABŞ Bakı və İrəvan üçün sülh variantı hazırlayır? - Rusiya “ofsayt”a salınsa...

Gündəm
 29-03-2023, 11:00     299

Politoloq: “Yaxın vaxtlarda Ermənistanla Azərbaycan sərhədlərində və Qarabağ istiqamətində  təxribatların həyata keçirilməsi gözləniləndir”

“Azərbaycan və Ermənistan tezliklə sülh sazişi üzrə razılıq əldə edə bilər”. Xəbər verildiyi kimi, bunu az öncə ABŞ dövlət katibi Entoni Blinken Konqres Senatının xarici əlaqələr komitəsindəki dinləmələrdə çıxışı zamanı bildirib. Amerikanın xarici siyasət idarəsinin rəhbəri Vaşinqtonun Bakı ilə İrəvan arasında normallaşmaya kömək etmək cəhdlərini şərh edərkən bildirib: “Düşünürəm ki, bir fürsət var, onu böyütmək istəmirəm, amma sülh sazişinin hazırlanmasını həqiqətən başa çatdırmaq imkanı mövcuddur. Mən bu ilin əvvəlində təhlükəsizlik konfransı üçün Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdüm. Bu yaxınlarda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda idilər. Mən onların qayıtmasını gözləyirəm. Biz müqavilənin mətni üzərində işlədik”.

Bu açıqlamalardan belə çıxmırmı ki, ABŞ sülh müqaviləsi hazırlayır?

Qeyd edək ki, martın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub. XİN-in məlumatına görə, telefon danışığı zamanı tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələləri, bölgədə cari vəziyyəti, eləcə də Azərbaycan-Ermənistan arasında sülh prosesini müzakirə ediblər.  Donfrid Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının regional sülh və inkişaf üçün vacibliyini vurğulayıb. Son vaxtlar bölgədə gərginləşən vəziyyətdən narahatlıq ifadə edilərək bütün anlaşılmazlıqların danışıqlar yolu ilə həllinə çağırış edilib. ABŞ tərəfinin prosesə dəstək verməyə hazır olduğu bildirilib.

Eyni motiv ABŞ Prezidenti Co Baydenin azərbaycanlı həmkarı İlham Əliyevə Novruz təbrikində yer alıb. 
   
Yada salaq ki, Moskvanın da öz “sülh variantı” var - harada ki, status məsələsinin gələcək nəsillərə, daha dəqiqi, Azərbaycana təzyiq vasitəsi kim saxlanması nəzərdə tutulur. Bunu martın 21-də Moskvada Rusiya XİN  rəhbəri Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra verdiyi açıqlama bir daha sübut edir. Lavrov hətta Qarabağı Donbasla müqayisə edərək dolayısı ilə ölkəmizi hədələdi.
Daha bir sual da budur ki, Rusiya özünün birbaşa iştirakı olmadan, Bakı və İrəvanın sülh müqaviləsi imzalamasına imkan verərmi? ABŞ Rusiyanı "ofsayt"da qoya biləcəkmi?
Əlavə edək ki, bir neçə gün öncə Ermənistan Ararat Mirzoyan tezliklə Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri səviyyəsində üçtərəfli görüşün keçirilə biləcəyini anons edib. Mirzoyan həmçinin deyib ki, “Azərbaycanla sülh müqaviləsi Qərb və ya Rusiya variantı ilə bağlı deyil və Ermənistan və Azərbaycan vasitəçisiz danışıqlar aparır.
Anar Əliyev: “Rusiya həm region xalqlarına və dövlətlərə, həm də beynəlxalq  ictimaiyyətə göstərdi ki...” Pravda.az
 Anar Əliyev
Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, 10 noyabr üçtərəfli bəyanatı imzalandıqdan ötən təxminən 2 il yarım müddət ərzində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, Cənubi Qafqazda davamlı sülhün əldə olunması istiqamətində müxtəlif platformalar çərçivəsində ciddi addımlar atılıb, müəyyən irəliləyişlər əldə olunub: "Xüsusilə Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüssel formatı çərçivəsində Ermənistanla Azərbaycan arasında bir çox istiqamətlərdə əməkdaşlığı nəzərdə tutan razılaşmalarla bağlı irəliyə doğru addımların atılmasını müşahidə etdik. Amma çox təəssüf ki, məhz Ermənistanın destruktiv davranışlarının nəticəsi olaraq həmin razılaşmaların reallaşdırılması mümkün olmadı. Ötən ilin sonlarından başlayaraq Avropa İttifaqı xüsusilə də ABŞ Cənubi Qafqazda proseslərin tənzimlənməsində aktivliyini daha da artırmaqdadır. Bu, Amerikanın Rusiyaya qarşı apardığı qlobal mübarizənin elementlərindən biri kimi qiymətləndirilir. Amerika və onun müttəfiqləri Rusiyanın dünyanın bir çox bölgələrindəki təsir imkanlarını əlindən almaqla onun güc iddialarını zəiflətmək və bununla da əsas rəqiblərindən birini sıradan çıxarmağa çalışırlar. Bu mənada hesab edirəm ki, ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində işlərin aparılması ilə bağlı fikrilərin səslənməsi həm də ABŞ-ın Cənubi Qafqaz maraqları və Rusiyanın bu bölgədən sıxışdırılıb çıxarılması məqsədi daşıyır. Amma Amerikanın təşəbbüsü ilə bu istiqamətdə addımların atılmasının real nəticələr doğurub-doğurmayacağı bir sıra amillərdən ciddi şəkildə asılıdır. Birincisi, təbii ki, Rusiya Amerikanın bu aktivliyinin və Ermənistanla Azərbaycan arasında Vaşinqtonun patronajlığı ilə razılaşma imzalanmasının bölgədəki maraqlarına hansı zərbələr vuracağını çox gözəl dərk edir və mümkün qədər bu danışıqları, razılaşmaları gözdən salmağa, sabotaj etməyə çalışacaq. Bu işdə əsas əlaltısı kimi isə yenə də Ermənistan rol ala bilər”.

Politoloq qeyd etdi ki, sülh müqaviləsinin imzalanmasına mane ola biləcək digər qüvvə İrandır. Cənub qonşumuz İran Ermənistandakı hakimiyyətə təsir imkanlarından istifadə etməklə Amerikanın vasitəçiliyi ilə sülh sazişinin imzalanmasının qarşısını almağa çalışır və çalışacaq: “Ermənistan hakimiyyətinin İranın bu istəyinə dəstək verəcəyi gözləniləndir. Çünki indiki şərtlər daxilində kimliyindən asılı olmayaraq beynəlxalq vasitəçinin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması Ermənistanda o qədər də məqbul qəbul edilmir. Hesab olunur ki, Türkiyədəki prezident seçkilərinin və Rusiya-Ukrayna müharibəsinin nəticələrini gözləməklə daha uyğun şərtlərlə Azərbaycanla danışıqlar aparmaq, sülh müqaviləsini imzalamaq şəraiti formalaşa bilər.
Ona görə də indiki halda mən ABŞ dövlət katibinin Senatdakı həmin çıxışını Amerikanın istəkləri, amma çox təəssüf ki, reallaşması ciddi suallar doğuran istəkləri kimi qiymətləndirirəm. Hesab edirəm ki, bu danışıqlar bölgəmizə davamlı sülhün gəlməsində nə qədər mühüm rol oynasa da təəssüf ki, qaranlıq dairələrin alətinə çevrilən Ermənistan hakimiyyəti, həm də revanşist qüvvələr indiki şərtlər daxilində sülh sazişinin imzalanmasını öz maraqları və əlaltısı olduğu dairələrin maraqlarına uyğun hesab etmirlər. Ona görə də Blinkenin “ciddi nəticələr əldə etmişik, sülh müqaviləsi üzərində iş aparırıq” fikrini reallaşması o qədər inandırıcı görünməyən fikirlər və maneələrlə üzləşəcək proses kimi qiymətləndirilə bilər".

A.Əliyev sonda vurğuladı ki, yaxın aylarda Azərbaycanla Ermənistan arasında belə bir müqavilənin imzalanması inandırıcı və real deyil. Bunun üçün real şərtlər formalaşmayıb: “Cənubi Qafqazda məhz Amerikanın nəzarəti altında razılaşmanın əldə olunmasına Rusiya bütün mümkün variantlarla mane ola bilər. Ona görə də yaxın vaxtlarda Ermənistanla Azərbaycan sərhədlərində və Qarabağ istiqamətində  ermənilərin əli ilə təxribatların həyata keçirilməsi gözləniləndir. Bu təxribatları törətməklə Ermənistanla Azərbaycan arasında etimad mühitinin sıfırlanması və bununla da danışıqlar prosesinin dalana dirənməsinə çalışılacaq”.   скачать dle 12.1