Bia.Az

Xoşbəxtlik hesabatında niyə 88-ci yerdəyik?

Cəmiyyət
 28-03-2023, 12:45     145

Aqil Abbas deyir ki, Azərbaycan xalqı xoşbəxtliyi hələ indi dadmağa başlayır; sosioloq fərqli fikirdədir

BMT-nin sifarişi ilə ekspertlər qrupu tərəfindən hazırlanan illik Dünya Xoşbəxtlik Hesabatı  açıqlanıb.  Dünya Xoşbəxtlik Hesabatında ilk yerlərdə Finlandiya, Danimarka, İsveçrə, İslandiya, Hollandiya, Norveç və İsveç kimi ölkələr qərarlaşıb.  Rusiya yenilənmiş reytinqdə 80-ci yerdən 70-ə yüksəlib. Keçmiş SSRİ respublikaları arasında Litva 20-ci, Estoniya 31-ci, Latviya 41-ci, Qazaxıstan 44-cü, Özbəkistan 54-cü, Qırğızıstan 62-ci, Tacikistan 80-ci, Gürcüstan 90-cı, Ukrayna 92-ci yerdədir. Azərbaycan isə adıçəkilən siyahıda 88-ci yerdə qərarlaşıb. Ermənistan siyahıda 79-cu yerdə qərarlaşıb.  Türkiyə 102-ci, İran 116-cı yerdədir.
Bundan əlavə, reytinq sırasında ABŞ 15-ci, Almaniya 16-cı, Böyük Britaniya isə 19-cu yerdə qərarlaşıb. Fransa 21-ci yerə enərək ilk iyirmilikdən kənarda qalıb. Əfqanıstan və Livan müvafiq olaraq 137 və 136-cı yerləri tutaraq reytinqdə sonuncu olublar.
Bu hesabatın hazırlanması üçün tədqiqatçılar 149 ölkədəki vəziyyəti 6 kateqoriya üzrə araşdırıblar:
adambaşına düşən ümumi daxili məhsul;
sosial dəstək;
sağlam ömür uzunluğu;
seçim azadlığı;
əhalinin səxavətliliyi;
ölkədəki korrupsiya səviyyəsi.
Maraqlıdır, Azərbaycanda xoşbəxtlik səviyyəsi nə üçün aşağıdır? Psixoloji və tibbi amillərin, xüsusən də insanların öz həyatlarını başqaları ilə müqayisə etmələrinin necə, burada rolu varmı?
Azərbaycanda qadınların vəziyyəti: beynəlxalq hesabata Bakıdan reaksiyalar
Lalə Mehralı 
Sosioloq Lalə Mehralı “Yeni Müsavat” a bildirdi ki, iqtisadi vəziyyətin, gəlirin xoşbəxtliklə əlaqəsi olmadığı barədə iddiaların heç bir əsası yoxdur. O qeyd etdi ki, maddi gəlirin aşağı olması həyat səviyyəsini də aşağı salır: “Pandemiyadan sonra insanların sosial və psixoloji vəziyyəti dəfələrlə aşağı düşüb. Bu da xoşbəxtlik səviyyəsinə öz təsirini göstərir. Gəliri, sağlamlığı, psixoloji cəhətdən gərgin olan insan xoşbəxt ola bilməz. Vəziyyət göründüyündən də pisdir. Bununla bağlı hər hansı statistika aparılmadı. Sadəcə, müşahidə etməklə insanların sosial vəziyyətinin nə qədər ağır olduğunu görmək olar. İctimai nəqliyyatda, küçədə və s. məkanda nadir hallarda gülümsəyən, ətrafa pozitiv enerji verən insan görmək olur. Sosial məsələlərin məngənəsində boğulan insan xoşbəxt ola bilməz”.
Millət vəkili Aqil Abbas hesab edir ki, Azərbaycanın Dünya Xoşbəxtlik Hesabatında 88-ci yerdə qərarlaşmasının əsas səbəbi Qarabağ problemi ilə əlaqədardır. Millət vəkili hesab edir ki, əsas amil torpaqlarımızın işğal altında olması, 1 milyona yaxın vətəndaşın evini itirməsi, 20 mindən çox şəhid verməyimizdir: “Azərbaycan xalqı xoşbəxtliyi hələ indi dadmağa başlayır. Yurdumuza gedə bilirik. İşğaldan öncə təkcə Ağdam 250 min ton üzüm, 100 min ton pambıq, 100 min tondan artıq taxıl verirdi. Bunu nəzərə almaqla, ÜDM-in Norveç, yaxud başqa ölkə ilə müqayisə edilməsi düzgün deyil. İşğal faktına baxmayaraq, 30 ildə kifayət qədər inkişaf etmişik. Azərbaycan torpaqları işğaldan azad edildikdən inkişaf sürətli olacaq.  Müharibə həyatımızı məhv elədi, ölkəmizə ciddi maddi ziyan vurdu”.
A.Abbas təsdiq edir ki, sosial, iqtisadi və s. amillər əhalinin sağlamlığına birbaşa təsir edir. Millət vəkili qeyd etdi ki, psixoloji sarsıntı keçirmiş insanların sağlam olması, sağlam övlad dünyaya gətirməsi çox çətindir: “Sağlam insan dərddən, kədərdən sarsılır. Söhbət təkcə Qarabağdan didərgin düşmüş insanlardan getmir. Müharibənin dəhşətlərini ölkənin bütün bölgələrində yaşayan insanlar hiss edib. Qarabağ uğrunda Qarabağda doğulmayanlar da şəhid oldu. Bu qədər dərd, kədərin içində olmaq, digər tərəfdən, dünyada baş verən hadisələr... Bütün bunları nəzərə alaraq, necə xoşbəxt olmaq olar?”
İqtisadçı Natiq Cəfərli qeyd edib ki, indikatorlara baxdıqda Azərbaycan uyğun yerdədir. Onun sözlərinə görə, bu indikatorların bir çoxu üzrə Azərbaycanda problemlər var: “Sosial problemlər, səhiyyə, seçim azadlığı ilə bağlı ölkədə ciddi problemlər var. Bundan başqa, əhalinin qazancının 52-53 faizinin ərzaq məhsullarına xərclənməsi də ciddi problemdir. Azərbaycanda köklü yanaşmalara, islahatlara ehtiyac var. İnsanların maddi vəziyyəti onların həyat keyfiyyətinin artmasına səbəb olur. Həyat keyfiyyətinin artması isə ömrün uzanmasına təsir edir. Bununla yanaşı, ölkədə təqaüd məbləği də aşağıdır”.скачать dle 12.1