Bia.Az

Blinkenin “Azərbaycanı İrandan qorumaq bəyanatı” - Vaşinqtonun planı nədir...

Gündəm
 28-03-2023, 10:36     235

ABŞ ilk dəfədir ki, Bakı-Tehran gərginliyi haqda qəti mövqe qoyur, dövlət katibi nəyə işarə edir?

Həm İranda, həm Azərbaycanda qeyd olunan Novruz bayramı günlərində də Tehran rejimi özünü qonşu kimi aparmadı. Belə ki, İran Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar yenidən İran-Azərbaycan sərhədində manevrlər etdi.

“Yeni Müsavat”ın teleqram kanallarına istinadla verdiyi xəbərə görə, İran son vaxtlar hərbi texnika və raket sistemlərini, o cümlədən canlı qüvvəsini Azərbaycanın Naxçıvan bölgəsi ilə sərhədində, o cümlədən Araz çayı sahillərində cəmləşdirir. Eyni zamanda  SEPAH-ın təbliğat resursları Azərbaycanı düşmən kimi təqdim edir və təhdidlər irəli sürür. Misal üçün, İrana məxsus internet resursu Azərbaycanın adını təhrif edərək “Bakı Respublikası” yazmağa qədər irəli gedib.

Bundan başqa, İranın SEPAH təşkilatına bağlı teleqram kanalları Azərbaycanı hədələyən video da yaydılar. Belə ki, videoda Ərdoğanın səsi ilə “Arazı ayırdılar” bayatısı səslənir və ardınca “Shahed-136" dronlarının Arazın üzərindən Azərbaycana doğru uçduğu göstərilir. İranın Naxçıvanda yanacaq qıtlığı yaratması haqda da xəbərlər var. Belə ki, TIR-ların İrana keçidinə qarşı tərəfdən qəsdən maneə yaradılır. İran gömrüyünün əməkdaşları  son iki ayda hər dəfə sərhədi keçərkən sürücülərdən rüşvət tələb edərək onları incidirlər, süni narazılıq yaratmağa çalışırlar.
Tehran rejiminin Azərbaycan sərhədində gərginliyi artırmaq cəhdlərinə ABŞ dövlət katibi Entoni Blinken Senatın xarici əlaqələr komitəsindəki dinləmələrdə çıxış zamanı münasibət bildirdi. Doğrudur, Blinken dinləmələr zamanı ermənipərəst senator Bob Menendezin ABŞ administrasiyasının Azərbaycan Ordusunun beynəlxalq hərbi təlimlərdə iştirakı ilə bağlı təxribatçı sualını cavablandırarkən bu mövzuya toxunub. Amma diqqəti çəkən ermənipərəst konqresmenin deyil, Blinkenin mövqeyidir.
ABŞ dövlət katibi hesab edir ki, Azərbaycanın İranla çox uzun sərhədi var, onu qorumaq lazımdır: “Bunun üçün bir sıra əsaslı səbəblər var, xüsusilə də sülhməramlı missiyalar çərçivəsində Azərbaycan və NATO hərbi qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi olduqca vacibdir”.  Bu, əlbəttə ki, Azərbaycan və ABŞ arasında qarşılıqlı faydalı əməkdaşlığın davam etdiyini göstərir. Amma Blinkenin dedikləri daha ciddi bəyanatdır və xüsusilə “Azərbaycanın İranla çox uzun sərhədi var, onu qorumaq lazımdır” deməsi diqqəti çəkir. 
Qeyd edək ki, son vaxtlar İran sərhəddə təhdid və psixoloji təzyiq xarakterli addımlarının sayını artırıb. Bu, Vaşinqtonun da həssaslıqla izlədiyi məsələdir. Amerika Bakı-Tehran gərginliyi artandan bu məsələ barədə mövqe bildirib, amma ilk dəfədir ki, sərhədi qorumaq kimi qəti mövqe ortaya qoyulur. İndi onu da aydınlaşdırmaq lazım gəlir ki, Blinken sərhədi qorumaq dedikdə konkret nəyə işarə edir? Uzun sərhədi qorumaq üçün Azərbaycana hansı dəstəkdən söhbət gedə bilər? Vaşinqton Bakıya sərhədi qorumaq üçün hansı köməkliklər və dəstək təklif edir?
Qabil Hüseynli: “Bu faciə kortəbii baş verməyib. Bütün deyilənlər  uydurmadır” | KONKRET
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Blinkenin bu bəyanatı Konqresdəki müzakirələrdən sonra səslənən fikir idi. Onun fikrincə, ABŞ Nümayəndələr Palatasında İranın qonşuları üçün ciddi təhdid mənbəyinə çevrilməsi haqda geniş danışılıb. “Belə qənaətə gəlinib ki, İran təkcə Suriya ilə sərhəddə deyil, habelə Azərbaycanla sərhəddə də təxribatçı hərəkətlərə yol verir. Ona görə konqresdə gedən müzakirələrdə Azərbaycana hərbi yardım edilməsi müzakirə edilib. Eyni zamanda Konqresin gündəminə Azərbaycana hərbi yardım edilməsini qadağan edən ”907-ci düzəliş"in ləğvi gətirilib. Blinkenin açıqlaması bu kontekstdə olub", - deyə professor vurğuladı. Onun sözlərinə görə, ümumiyyətlə, İranın Azərbaycanla sərhəddə qırıcı təyyarələrlə manevr etməsi, Naxçıvanla sərhəddə qoşunlarını yığması ABŞ-da izlənilir: “Tehranın destruktiv qüvvə və təhlükə olduğu ilə bağlı qərara gəlinib. İranın belə "əzələ nümayiş" etdirməsinə cavab olaraq müəyyən addımların atılması qərarı var. Blinken isə bunu diplomatik dillə ifadə edir. Bayden də bildirib ki, İranın bundan sonra həmlələrinə qətiyyətli cavab veriləcək və bölgədə status-kvonu dəyişmək cəhdləri kəsərli surətdə aradan qaldırılacaq. Ağ Ev nümayəndəsi Con Kirbi isə həm Baydenin, həm Blinkenin sözlərini ümumiləşdirib dedi ki, bölgəni qarışdıran İrana lazımi cavab verilib. O, bununla Suriyadakı əməliyyatı nəzərdə tutur. Bir sözlə, Tehran Baydenin və Blinkenin sözlərindən və bölgədə SEPAH qüvvələrinə endirilən zərbələrdən öz nəticələrini çıxaracaq".
Fuad Əliyev: Onlar xalqı, dövləti fikirləşmirlər, yalnız öz ciblərini  fikirləşirlər
Fuad Əliyev 
ALDP sədri Fuad Əliyev Azərbaycanın ABŞ üçün İran siyasətində ciddi əhəmiyyət kəsb etdiyini düşünür. Partiya sədri bununla belə, heç bir halda Bakının Tehrana qarşı platsdarm olmayacağını hesab edir. F.Əliyev anti-İran koalisiyasının formalaşmaq üzrə olduğunu güman edir: “İran bizə düşmənçilik edir. Bütün parametrlər üzrə Tehran rejiminin xainliyini görmüşük. Səfirliyimizin terror edilməsindən tutmuş sərhədlərimizdə olan təlimlərə qədər. SEPAH-ın informasiya kanalları var gücü ilə səfərbər olublar. Amma o demək deyil ki, Azərbaycan öz ərazisindən İranın vurulmasına razılaşacaq. Bu, həm də bölgəyə humanitar fəlakət vəd edir. Ona görə molla rejimi hərəkətlərinə son qoymalı və ölçüb-biçməlidir ki, ABŞ-la İsrail onu məhv etməyə hazırdılar. Blinkenin çıxışını da məhz belə qiymətləndirmək olar. Yəni ABŞ Tehran-Bakı arasında ola biləcək toqquşmada Azərbaycanı müdafiə edəcək. Məncə, mesaj xarakterli bəyanatdır, amma ciddiyə almaq lazımdır”. Partiya sədri qeyd etdi ki, ABŞ bu mənada dəstəklədiyi Ermənistanın da siyasətinə baxmalıdır: “Blinken İranla sərhədlərimizi qorumağın vacibliyindən danışanda, Tehran rejimi ilə bacı-qardaş olmuş İrəvanın da addımlarına diqqət yetirməlidir. Vaşinqton Paşinyan hakimiyyətindən soruşmalıdır ki, siz kimin dostusunuz? İran Ermənistanı silahlandırır və ABŞ bu əməkdaşlığı görürsə, o zaman bölgə ilə bağlı addımlarını dəqiqləşdirməlidir”. скачать dle 12.1