Bia.Az

Dünya gücləri İranı belə bitirir – azərbaycanlıların iştirakı ilə prosesə start verildi

Gündəm
 27-03-2023, 11:09     253

İki gün əvvəl Brüsseldə Güney Azərbaycanın diaspor təşkilatlarının iştirakı ilə mitinq baş tutdu. Əslində, bu mitinqi önəmli edən onun tarixi əhəmiyyət daşıması idi. Məsələ orasındadır ki, xüsusilə xaricdə yaşayan güneyli soydaşlarımız ilk dəfə bu səviyyədə bir araya gəldi. Düzdür, bu, oxucu üçün elə də böyük əhəmiyyət kəsb etməyə bilər. Unutmaq lazım deyil ki, Güney Azərbaycan diasporunun xaricdə fəaliyyət göstərən yüzlərlə təşkilatı var. Bu təşkilatların bir qismi molla rejiminə qarşı kəskin, bəziləri isə mötədil mövqe tutur. Onların arasında istiqlalçılar, federalistlər, cümhuriyyətçilər, hətta şahçılar və xalq mücahidləri ilə sıx əlaqədə olan simalar da var. Qısaca, diaspor mövcud olsa da, kəskin şəkildə bölünüb. Müxtəlif ideologiyaları dəstəkləyən qruplar isə öz baxışları ucbatından bir-biri ilə nəinki bir araya gələ bilmir, hətta açıq şəkildə düşmənçilik edirdilər. Brüsseldə keçirilən yürüş və onun koordinasiya mərkəzində bir-biri ilə savaşan müxtəlif təşkilatlardan nümayəndələrin olması fikir ayrılıqları yaşayan qrupların mühüm əngəlləri aşdığını deməyə əsas verir. Bu isə təkcə Güney Azərbaycan diasporu yox, eləcə də Güney Azərbaycandakı milli hərəkat üçün önəmli sıçrayış sayıla bilər.

Digər tərəfdən Brüsseldəki mitinq və bir-birinə zidd müxtəlif təşkilatların bir araya gəlməsi öz növbəsində yeni dönəmin başlanğıcı sayılmalıdır. Məsələ ondadır ki, Güney Azərbaycan təşkilatları hansı gücdə olmasından asılı olmayaraq, hər zaman İranın ümumi müxalifətinin tərkib hissəsi sayılıblar. Bir çox hallarda bu təşkilatlar İranda baş verən proseslərlə bağlı mərkəz funksiyasını yerinə yetirmək imkanına sahib olmayıblar. Məhz belə yanaşmanın olması, azərbaycanlıların qruplarının effektiv cərəyanlara çevrilməsinə, eləcə də İrandakı proseslərə özünün istədiyi yönü verməsinə imkan verməyib. Bu da öz növbəsində islam inqilabının baş tutmasından sonrakı dönəmdə farsdilli qrupları daim dominant etməklə bərabər, bu qrupların gücünün onların daxilində əriyib yox olmasına gətirib çıxarıb. Brüsseldə aksiyanın keçirilməsi Güneydən olan təşkilatların proseslərə fərqli baxış sərgilədiyini ortaya qoyur. Yəni bu qruplar artıq İranla bağlı proseslərdə farsların, daha dəqiq desək, son zamanlar həddən artıq güclənən şahçılar və ya cümhuriyyətçilərin tərkib hissəsi olmaqdan imtina edirlər və özləri yeni alternativlər formalaşdırırlar. Bu isə öz növbəsində İranda həddən artıq böyük saya sahib olan və bu kimi qruplar arasında bölünən azərbaycanlıların rejimə qarşı mübarizədə ənənəvi opozisyondan qopub, artıq yeni alternativə doğru axmağa başlayacağı ehtimallarını artırır.
Faktiki olaraq Brüsseldəki mitinqlə güneylilər İrandakı rejimə qarşı mübarizədə millətlər cəbhəsinin mövqelərini gücləndirirlər. Bu isə İranda keçən il başlayan proseslərin artıq tamam fərqli format alacağını təxmin etməyə imkan verir. Brüsseldəki mitinqlə azərbaycanlılar özlərini hadisələrin başlanğıcından bu yana ilk dəfə ayrı güc mərkəzi olduqlarını göstərdilər. Doğrudur, Brüssel mitinqi iştirakçıların sayına görə şahçıların təşkil etdiyi Münxen aksiyası ilə müqayisə olunacaq qədər böyük deyil. Lakin unutmaq olmaz ki, təkcə Münxendəki aksiya üçün maliyyə baxımından çox güclü olan şahçılar 2 milyon dollar pul xərcləyiblər. Güneylilərin diasporu isə bu mitinqi az öncə qeyd edilən məbləğdən 1000 dəfə aşağı büdcə ilə təşkil edib. Effektivliyin müqayisəsində isə güclər təxminən eynidir.

Son həmlə ilə azərbaycanlıların güc mərkəzi elan etməsi təkcə İranın ənənəvi müxalifətini yox, eləcə də İranda ətrafındakı proseslərdə maraqlı olan dövlətlərin diqqətini mütləq şəkildə çəkəcək. Artıq bunun ilkin təsirləri özünü göstərməyə başlayıb. Belə ki, bu gün Torontoda toplanan şahçılar əvvəllər İranın etniklərə ayrılması, xüsusilə azərbaycanlıların adlarının səsləndirilməsindən maksimum qaçırdılarsa, ötən günkü aksiyadan sonra artıq etniklərin masaya gətirilməsi gərəkdiyini vurğulayıblar. Hər kəs yaxşı başa düşür ki, İrandakı effektiv etirazları etniklərin, özəlliklə də azərbaycanlıların iştirakı olmadan keçirmək mümkün deyil. Üstəlik, azərbaycanlıların özlərini güc mərkəzi elan etməsi, növbəti mərhələdə digər xalqların, xüsusən kürdlərin, Əhvaz ərəblərinin və bəllucların da bənzər addımlar atması ilə nəticələnəcək. Bu isə rejimə qarşı birləşməyə çalışan müxalifətin bütün dayaqlarını sıradan çıxaracaq. Nəticədə rejimin devrilməsi prosesini müxalifət yox, məhz etniklər idarə etmiş olacaqlar. Bu işdə əsas rolu isə Güneydəki milli hərəkat üzərinə götürəcək. Digər etniklərin öz addımlarını mütləq Təbrizlə koordinasiya etmək təcrübəsini nəzərə alarsaq, o zaman prosesin tam azərbaycanlılar tərəfindən idarə olunacağını deməyə əsas verir. Bunu müxalifətdəki hər kəs çox yaxşı başa düşür və prosesdən çıxış yolu axtarırlar. Məhz azərbaycanlıların bu tərzdə birləşməsi isə sonrakı dönəmlərdə təkcə şahçıları və ya xalq mücahidlərini yox, eləcə də onları dəstəkləyən qüvvələrin də azərbaycanlılarla aktiv danışıqlara getmək, həmçinin onlarla hesablaşmaq ehtimallarını gücləndirir. Bu isə öz növbəsində proseslərin başlanğıcından bu yana türklərlə bağlı qeyri-müəyyən mövqe sərgiləyən ABŞ və digər Avropa dövlətlərinin İrana yanaşma məsələsində reformalara getməsini zəruri edəcək. Əks təqdirdə İranda ya inqilab baş tutmayacaq, ya da İran sonu görünməyən vətəndaş müharibəsinə gedəcək ki, bunun da xəbərdarlığını yenidən Tehrana qayıtmaq istəyən Reza Pəhləvi artıq verib.
Proseslərin bu tərzdə inkişafı isə İranın gələcəyinin formalaşdırılması prosesində mütləq özünü göstərəcək. Belə ki, artıq güc mərkəzinə çevrilən güneylilər sonrakı dönəmdə masada da öz şərtlərini diktə etmək imkanına sahib olacaqlar. Bu da İranda teokratik rejimdən sonrakı dönəmdə ölkənin hansı formatda idarə edilməsi məsələsində özünü göstərəcək. Nəticədə İranın Qacarlar dönəmindəki kimi federasiyaya çevrilmək, azərbaycanlıların isə öz qaydaları ilə idarə edəcəkləri federasiyaya sahib olmaq ehtimalları artır. Bu isə növbəti dönəmdə Güney Azərbaycanda müstəqil dövlət formalaşdırmaq imkanlarını da gücləndirir. Görünən odur ki, bir araya gələn azərbaycanlılar hədəflərini maksimumda tutublar və özlərinin addımlarında həm İrandakı reallıqları, həm də beynəlxalq aləmdəki reallıqları nəzərə alıb addım atırlar. Bu da indiki dönəmdə sağ qalmaq və daha da güclənmək üçün çox önəmlidir. Hər bir halda artıq İranın taleyinin azərbaycanlıların istəkləri ilə razılaşdırılması prosesi başlayır.

İlkin Həsənov
Globalinfo.azскачать dle 12.1