Bia.Az

“Ruhlar şəhəri” artıq tarixdə qaldı - Şanlı ordumuzun Ağdam zəfəri...

Cəmiyyət
 13-03-2023, 13:28     291

""Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentrə çevrilib. Bu mənada "Ağdam" — günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.  Ağdamın rayon kimi yaranma tarixi 1930-cu ilə aiddir. Hər bir sahədə Vətənimizin qabaqcıl guşəsi olan Ağdamın böyük bir hissəsi 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etmişdilər. İşğal edilmiş rayonların arasında əhalisinin sayına görə Ağdam ən böyük rayon idi. Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. İşğaldan əvvəl Ağdamda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. Rayonun bizim nəzarətimizdə olan ərazilərində son illər ərzində böyük quruculuq, abadlıq işləri aparılmışdır. Cənab Prezidentin göstərişilə Ağdam rayonunun mərkəzinə çevirilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış, infrastruktur layihələri icra olunmuş, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. 2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna” qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər ermənini qanunsuz olaraq məskunlaşdırmışdır. 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Hiroşiması” adlandırıb, 2010-cu ildə “Əl-Cəzirə” isə Ağdamı “ruhlar şəhəri” siyahısına salmışdır."

Bu sözləri BİA.az-a Tayqa Ticarət şirkətinin rəhbəri Hacı Xəqani dedi. O, bildirdi ki, hələ sovet dövründə Agdamın tayı-bərabəri yox idi:

- Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. 

Həm mədəni, həm iqtisadi, həm də coğrafi baxımdan əlverisli olan bu torpaq həmişə düşmənlərin diqqətini cəlb edib. Onların silahlı hücumu nəticəsində yüz minlərlə insan öz yurd-yuvasından didərgin düşmüşdür. Yüzlərlə əliyalın, silahsız vətəndaşlarımız - günahsız körpələr, qadınlar, qocalar düşmən tərəfindən məhv edilmiş, soyqırıma məruz qalmışlar.
İşgal altında olan ərazilərdə bütün sərvətlərimiz istismar olunub, talanıb. Düşmən hər şeyi özününküləşdirərək  iyrənc əməllərindən geri qalmamışdır. Burada olan mədəniyyət ocaqları, muzeylər, tarixi abidələr də məhv edilmiş, dağıdılmış və qədim tarixə malik olan qiymətli  əşyalar  ölkəmizdən çıxarılmışdır. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır. Ağdamda olan evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparmışlar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilmiş, Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub. Bu vəhşilik, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır.

Hələ 2014-cü il 6 avqust tarixində Prezident İlham Əliyev Ağdamda başa çatmış quruculuq və abadlıq  işlərindən sonra  ağdamlılara müraciət edərək bildirmişdir ki: “... əlbəttə, hər bir məcburi köçkün bir arzu ilə yaşayır ki, öz doğma kəndlərinə, şəhərlərinə qayıtsın. Əminəm ki, o gün gələcək və o günü yaxınlaşdırmaq üçün biz əlimizdən gələni edirik. Biz Qarabağı, o cümlədən Ağdamı geri alacağıq. Bizim ərazi bütövlüyümüz bərpa olunacaq”. Hər kəsin arzuladığı həmin günü ordumuz öz rəşadəti hesabına reallaşdırdı. Ağdam rayonunun işğaldan azad olunması 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Bu bəyanata əsasən 2020-ci il 20 noyabr tarixində Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi işğaldan azad edildi. Bu, Azərbaycanın  böyük qələbəsidir. Azərbaycan heç bir  hərbi əməliyyat keçirmədən, qan tökmədən Ağdam rayonunu işğaldan azad etdi. Əgər on minlərlə minanın “əkildiyi” Ağdam müharibə yolu ilə işğaldan azad edilsəydi, hərbçilərimiz minalara düşərək həlak olacaqdı, hərbi texnikalarımız sıradan çıxacaqdı, itkilərimiz qat-qat çox olacaqdı. Dövlətimizin apardığı uğurlu siyasət  nəticəsində ermənilər məğlub edilərək işğal etdikləri ərazilərimizdən çıxarıldılar. Bu uzaqgörən siyasətin nəticəsi olaraq Ağdam işğaldan azad edildi. Ağdam rayonunun işgaldan azad olunduğu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu münasibətlə ağdamlıları təbrik edən  Prezident İlham Əliyev dedi : - “Əziz ağdamlılar, Sizi təbrik edirəm! Ağdam geri qayıtdı! Siz artıq məcburi köçkün deyilsiniz! Gözümüz aydın olsun!”

Президент Ильхам Алиев и первая леди Мехрибан Алиева побывали в  освобожденном от оккупации городе Агдам ОБНОВЛЕНО -2 ВИДЕО - АЗЕРТАДЖ -  Азербайджанское государственное информационное агентство
2020-ci il 23  noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində oldular. Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. Prezident Ağdam məscidinin qarşısında çıxışı zamanı bildirdi ki: “Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı. Biz Ağdamı onsuz da alacaqdıq. Amma itkilər olacaqdı, özü də böyük sayda. Ona görə Şuşanı və noyabrın 9-da 70-dən çox kəndimizi azad edəndən sonra düşmənin beli qırıldı, təslim oldu, ağ bayraq qaldırdı, mənim şərtlərimə əməl etdi və öz məğlubiyyətini etiraf etdi”.

Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Ağdam bu gün özünün yeni dövrünə qədəm qoyub. Şanlı ordumuzun düşmən üzərində qazandığı tarixi zəfər nəticəsində azadlığına qovuşmuş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da həyat yenidən başlayır. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamın ağ günləri yenidən başlayır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixində Ağdamda Bərdə-Ağdam avtomobil yolunun, ilk yaşayış binasının, Sənaye Parkının, 1 saylı məktəbin yeni binasının təməlini qoyması, park-meşədə ağac əkməsi şəhərə yeni nəfəs gətirdi. Ağdam rayonu ticarət mərkəzinin də inkişaf etdirilməsi və formalaşdırılması üçün böyük unikal imkanlara malikdir. Rayon ərazisi tikinti materiallarının istehsalına görə də irəlidə idi. Şahbulaq yüksəkliyində daş karxanasının bərpası bu sahədə bir canlanma olacaq. Düşmən tərəfindən dağıdılmış ərazilərimizin bərpa olunmasında da bu daş karxanası böyük rol oynayacaq. Rayon ərazisi həmçinin bitkiçilik və heyvandarlıq üzrə fermer təsərrüfatlarının yaradılması, sənayenin formalaşdırılması, müalicəvi və idman turizminin inkişafı istiqamətində geniş imkanlara malikdir. Ağdam yeyinti məhsullarının istehsalına, kənd təsərrüfatına malik rayondur. Burada tərəvəz, dənli bitkilər, şəkər çuğunduru istehsalı əsas yer tuturdu. Bundan başqa, pambıqçılıq, üzümçülük  də inkişaf etmişdir.

Президент Ильхам Алиев принял участие в церемонии закладки фундамента  Агдамского промышленного парка ОБНОВЛЕНО ВИДЕО - АЗЕРТАДЖ - Азербайджанское  государственное информационное агентство
Şəhərin müasir standartlara uyğun inkişaf planı artıq işlənib hazırlanıb. Plana əsasən Ağdamda həm fərdi evlər, həm də yüksəkmərtəbəli yaşayış binaları inşa olunacaq. Artıq Prezident İlham Əliyevin iştirakı ilə ilk inşa olunacaq yaşayış binasının təməli qoyulub. ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “URAL mühendislik” şirkətləri binanın layihələndirilməsinə cəlb olunub. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək. Mənzillər 1, 2, 3, 4 və 5 otaqlı olacaq. Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq. İşğal muzeyində 30 illik işğal dövründə Azərbaycan xalqının ağrılı-acılı günləri, Ağdamın yerlə-yeksan edilməsi, Zəfər muzeyində isə qəhrəman oğullarımızın igidlik nümunələri gələcək nəsillərə çatdırılacaq.

Qarabağın digər bölgələri kimi Ağdam da dirçəlir, canlanır. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır. Rayon ərazisi həm mədəni, həm də iqtisadi sahədə yenə öz sözünü deyəcək və xalqımıza yeni töhfələr verəcəkdir. Təkbaşına öz ərazi bütövlüyünü təmin etməyi bacaran Azərbaycanın qalib ordusu bu gün Qarabağda dayanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqı qürur hissi ilə müzəffər xalq kimi yaşayacaq: “Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.


BİA.AZ
скачать dle 12.1