Bia.Az

Məşhur hamamın sahibi vətəndaşı həbs etdirəcəyi ilə hədələyir

Cəmiyyət
 10-03-2023, 14:28     162

“İddia edirlər ki, guya arxası ilə maşını sürüb qəsdən onun maşınına vurmuşam. Halbuki, mənim həmin zaman başqa yolla getmək imkanım da olmayıb. Üstəlik, maşına ekspert fantastik qiymət qoyub. Maşının arxa hissəsi əzilib. Maksimum 30 min manat ziyan dəyib, ekspertə 220 min manat ziyan yazdırıblar. Mənə də açıq şəkildə deyir ki, yeni avtomobil almasan, səni həbsə göndərəcəyəm”.

Musavat.com-a müraciət edən Kürdəmir rayon sakini Araz Ağalarov belə deyir. O, Bakıda törətdiyi qəzadan sonra üzləşdiyi qanunsuzluqlardan narazıdır və ölkə rəhbərliyinə müraciət edib:

“Bir daha ölkə rəhbərliyinə, hörmətli daxili işlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, ombudsman Səbinə Əliyevaya müraciət etmişəm. Bildirmək istəyirəm ki, tərəfimdən yol-nəqliyyat hadisəsi törədilib. İdarə etdiyim avtomobilin əyləcində olan nasazlığa görə Dilsuz Heydər oğlu Məmmədovun avtomobilinə çırpılıb. Hadisədən əvvəl avtomobilin əyləc sistemində problemin olması “Mersedes” servisdə yoxlama zamanı üzə çıxıb. Sadəcə qarşı tərəf varlı-imkanlı biridir. Onun “Günəş” hamamı, “Labirint” klub-restoranı var və ora varlı, vəzifəli şəxslər gəlir. Dilsuz Məmmədov da əlaqələrindən istifadə edib məni həbs etdirmək üçün hərəkətə keçib. Kasıb maşını qəzada əziləndə Cinayət Məcəlləsinin 263-cü - Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozma - maddəsi ilə, varlı maşını əziləndə isə 186-cı əmlakı qəsdən məhv etmə - maddəsi ilə cinayət işi başlayırlar? Mənə qarşı ayrıseçkilik edilir. Mən ehtiyatsızlıqdan qarşı tərəfə zərər vurmuşam. Baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə Nizami rayon Polis İdarəsində izahatım alınıb. Mən hadisəni qəsdən törətməmişəm. Hər şey ani ehtiyatsızlıq nəticəsində baş verib. Bildirməliyəm ki, mən həmin maşının Dilsuz Məmmədova aid olduğunu çox sonra öyrənmişəm. Belə ki, dostumla birgə evdən pul götürmək məqsədilə getdiyimiz zaman anidən dostum mənə xəbərdarlıq etdi, bu an mən əyləci sıxsam da, əyləc sistemi işləmədi və avtomobilim Dilsuz Məmmədovun avtomobilinə çırpıldı. Nəzərinizə çatdırıram ki, baş vermiş hadisə nəticəsində mən özüm də ağır xəsarət almışam. Bu da açıq-aşkar göstərir ki, hadisə ehtiyatsızlıqdan baş verib”.

Şikayətçi deyir ki, qarşı tərəf qəzanın qəsdən törədilməsini iddia edir: “Baş vermiş yol-nəqliyyat hadisəsi üzrə araşdırmanın aparılması müxtəlif sifarişlər əsasında Bakı Baş Polis İdarəsində aparıldı. Öncə Nizami Rayon Polis İdarəsində obyektiv araşdırma aparılmadı və ədalətli qərarın qəbul edilməsi istiqamətində müxtəlif istintaq hərəkətləri yerinə yetirilmədi. İşə Nizamidə baxılarkən rayon prokurorluğu hər hansı qanunsuz hərəkətə razılıq vermədi. İşi Bakı Baş Polis İdarəsi apardı”.

Şikayətçi qeyd edir ki, Dilsuz Məmmədov onunla dəfələrlə əlaqə saxlayaraq həbs etdirəcəyini, cəzalandıracağını bildirib:
“Hazırkı işin Bakı Baş Polis İdarəsi tərəfindən araşdırılması birbaşa olaraq qanunla qorunan hüquqlarımın kobud şəkildə pozulması ilə nəticələnəcək. Bu isə barəmdə qanunsuz və ədalətsiz qərarın qəbul edilməsinə şərait yaradacaq. Bildirirəm ki, Dilsuz Məmmədov həm istintaq orqanı, həm də ekspertiza ilə qeyri-qanuni əlaqəyə girərək qanunsuz ekspert rəyi alıb. Belə ki, özünə əsassız şəkildə ağır bədən xəsarəti, mənə isə yüngül bədən xəsarəti aldırıb. Bu yolla barəmdə cinayət işi başlanılmasına nail olmaq istəyir. Təkrar qeyd edirəm ki, hadisə nəticəsində ağır bədən xəsarətini mən almışam, qarşı tərəf isə yüngül xəsarət alıb. Məhz bu cür qanunsuz şəkildə barəmdə əsassız olaraq cinayət işi başladıb məni təqsirləndirilən şəxs qismində cəlb etməyə çalışırlar. Bu qəbildən olan işlərdə ekspert rəyi çox mühüm əhəmiyyətə malikdir. Ekspert rəyinin qanunsuz olmağı işin obyektiv, tam, hərtərəfli araşdırmasına maneçilik törətməklə yanaşı, gələcəkdə məhkəmə müstəvisində də qanunsuz hökmün çıxarılmasına birbaşa vüsət yaradacaq”.

Şikayətçi deyir ki, qarşı tərəfin avtomobilinə dəymiş zərər avtomobilin real dəyərindən artıq göstərilib: “Həmin artıq məbləği mənə ödətdirmək niyyətindədirlər. Avtomobil tam şəkildə yararsız vəziyyətə düşməyib, avtomobilə qismən zərər dəyib. Qarşı tərəfin avtomobili yeni deyil, uzun müddətdir istismarda olan avtomobildir. Sizdən xahiş edirəm ki, işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi üçün işi ciddi nəzarətə götürməklə ədalətli qərar qəbul edilməsini təmin edəsiniz”.скачать dle 12.1