Bia.Az

İran və Rusiyanın Bakıdakı səfirlərinin məxfi görüşü - Şok detallar

Gündəm
 4-03-2023, 12:48     250

Eyni gündə ABŞ-ın səfir əvəzi isə İranla sərhəddə olub; nə baş verir? - Analitiklərdən ilginc şərh

Martın 2-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikovla görüşüb. “Yeni Müsavat” bildirir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında bildirilib. Diplomatların Cənubi Qafqaz regionunda baş verən son hadisələri, “3+3" təşəbbüsünü, eləcə də iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığı, eyni zamanda, Şimal - Cənub dəhlizini müzakirə etdikləri deyilir.
Niyə məhz indi? - bu sual düşündürücüdür. Bəlkə onlara öz ölkələrindən konkret təlimatlar gəlib? O zaman nədən Ermənistandakı Rusiya və İran səfirləri yox, məhz Azərbaycandakı səfirlər görüşüblər? Maraqlıdır ki, eyni gündə - martın 2-də ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Gevara da Azərbaycan-İran sərhədində olub. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında yazılıb. “Gevara Azərbaycanın cənub sərhədi boyunca narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün ABŞ tərəfindən verilmiş avadanlıqların istifadə olunmasını müşahidə etmək üçün Dövlət Gömrük Komitəsinin Astara şəhərindəki idarəsini ziyarət edib”, - məlumatda deyilir. Diplomatların bu gedişləri arasında hər hansı bağlılıq varmı, yoxsa sırf təsadüfdür?
Elxan Şahinoğlu: “Hələlik bu sanksiyalarABŞ üçün kifayət edəcək”
Politoloq Elxan Şahinoğlunun bildirdiyinə görə, İranın Azərbaycandakı səfiri Bakıda bir çox tədbirə dəvət olunmur, rəsmi görüşləri də yox dərəcəsindədir: “Prezidentin köməkçisi Hikmət Hacıyev ara-sıra səfirlə görüşüb fikir mübadiləsi aparırdı. Ancaq Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan sonra bu görüşlərə də ara verilib. İki ölkə arasında gərginliyə görə İran ilk dəfə bu il Bakıda inqilabın 44-ci ildönümünü keçirə bilmədi. Keçirsəydi belə, rəsmi və vətəndaş cəmiyyəti səviyyəsində iştirak olmayacaqdı. Ukrayna müharibəsinə görə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da Bakıda bir çox ölkənin müstəqillik günü tədbirlərinə dəvət olunmur. Bu vəziyyətdə qalan iki səfir öz aralarında görüşməyə qərar veriblər.
Yayılan məlumatda Seyid Abbas Musəvinin Mixail Boçarnikovla Cənubi Qafqaz regionunda baş verən son hadisələri, “3+3" təşəbbüsünü, eləcə də iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığı, eyni zamanda, Şimal-Cənub dəhlizini müzakirə ediblər. Bu aysberqin görünən tərəfidir. Hər iki səfir paytaxtlarından təlimat alıblar ki, ”Sizin görüşünüz çalışdığınız ölkəyə və Qərbə mesaj olacaq ki, Rusiya və İranın iştirakı olmadan bölgənin problemlərini həll etmək mümkün deyil"".
E.Şahinoğlu hesab edir ki, bölgədə problemlərin varlığı və həllinin uzanması elə Rusiya və İranın siyasəti ilə bağlıdır: “ Rusiya erməni separatizmini idarə edir, İran isə Ermənistana Zəngəzur dəhlizini bağlı saxlamağı məsləhət görür. Rusiya və İran nə qədər müqavimət göstərsələr də, Türkiyənın, Avropa İttifaqının və ABŞ-ın Cənubi Qafqazda artan fəallıqlarına mane ola bilmirlər. ABŞ-ın Azərbaycanda müvəqqəti işlər vəkili Qevara İranla sərhədi - Gömrük Komitəsinin Astara şəhərindəki idarəsini ziyarət etməklə Tehrana bir başqa mesajı göndərib”.
Qərbin ikiüzlülüyü Suriya məsələsində bir daha üzə çıxdı - politoloq şərhi  - 11.10.2019, Sputnik Azərbaycan
Siyasi təhlilçi Ramiyə Məmmədova iki səfirin görüşünü müttəfiqlərin bir araya gəlməsi kimi dəyərləndirir: “İndi onlarla heç kim danışmır. Biri səfirliyimizə terror təşkil etmiş dövlətin səfiridir, üstəlik, ölkəsi işğalçı qüvvələri dronlarla təmin edir, digəri də qəsbkar müharibəyə görə izolyasiya edilmiş ölkənin səfiridir. Dünya Rusiya və İranı bir tərəziyə qoyur. Hər iki ölkə sanksiyalar altındadır. Ona görə səfirlər görüşməklə ismarış vermək istəyiblər ki, regionda maraqları üst-üstə düşür. İş orasıdır ki, bu ölkələrlə heç kəs dialoq aparmır. Ona görə bir-biri ilə danışmaqdan çarələri qalmayıb”.
Ekspertin sözlərinə görə, eyni gündə ABŞ səfirini əvəz edən diplomatın İranla sərhədə getməsi təsadüf deyil: “Rəsmi informasiya medalın bir üzüdür, digər üzü isə İranla bağlı planın işə düşdüyü mesajını verməkdir. İranın düyməsi basılıb, Vaşinqton və Tel-Əviv Tehran rejiminin de-montajı üçün koalisiya formalaşdırır. Anti-İran koalisiyası mollakratiyanı bitirmək niyyətindədir, eləcə də uranın zənginləşdirilməsi ilə bağlı Tehranın addımları stoplanmalıdır. Bu prosesdə də Rusiya İranın yanında olacaq. Artıq bölgədə qütblərin toqquşması qaçılmazdır”.
R.Məmmədova onu da istisna etmir ki, səfirlər Zəngəzur dəhlizini müzakirə ediblər: “Bu məsələdə tərəflərin baxışları üst-üstə düşmür. Çünki Rusiyaya bu koridorun açılması hava-su kimi lazımdır, sanksiyalar onu boğur, amma Tehrana sərf etmir, özünü prosesdən kənarda qalmış kimi görür. İran Ermənistana dəstək verir ki, dəhlizi açma, Rusiya isə İrəvana təzyiq edir ki, aç. Yəni bu mövzu ilə bağlı fikir mübadiləsi mümkündür”.скачать dle 12.1