Bia.Az

Mədəniyyət Nazirliyində ciddi kadr islahatları - dəyişən nə olacaq?

Siyasət
 2-03-2023, 11:15     254

Mədəniyyət Nazirliyində ciddi kadr islahatları gedir. Əvvəlcə nazirliyin 30 əməkdaşının, o cümlədən Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova və Teatr sektorunun müdiri Könül Cəfərovanın işinə xitam verilib. Daha sonra isə mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin müvafiq əmrləri əsasında qurumun aparat rəhbəri vəzifəsinə Xanlar Ağalarov, müşavir vəzifəsinə Cahangir  Səlimxanov və Əmirbəyli Oleq Arnoldoviçin gətirildiyi açıqlandı.

Qeyd edək ki, X.Ağalarov bu təyinata qədər Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbələrində müxtəlif vəzifələrdə çalışıb.
Müşavir C.Səlimxanov bu vaxtadək Bəstəkarlar İttifaqında, Azərbaycan Dövlət Konservatoriyasında, Azərbaycan Musiqi Xadimləri İttifaqında, Bakı İncəsənət Mərkəzində müxtəlif vəzifələrdə işləyib.
Digər müşavir Oleq Əmirbəyov 2010-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyət göstərir.
Onu da qeyd edək ki, nazir səlahiyyətlərini icra edən Adil Kərimli ötən gün Milli Məclisdə keçirilən görüşdə çox ilginc, müzakirələrə səbəb olan açıqlamalar verib. O, Anar Kərimovun dövründə qeyri-ixtisas sahiblərinin Mədəniyyət Nazirliyində işə götürüldüyünü etiraf edib. A.Kərimlinin sözlərinə görə, hazırda qurumun tabeliyində 41 min nəfər çalışır ki, onların da cəmi 7 faizi mədəniyyət sahəsi üzrə təhsil alıb. Belə çıxır ki, mədəniyyət sahəsində çalışanların 93 faizi qeyri-ixtisas sahibidir. Hətta nəinki təkcə qeyri-ixtisas sahibləri, heç bir ixtisas sahibi olmayan adamlar da nazirliyin müxtəlif postlarında özlərinə yer edə biliblər. Bəs hansı yolla? Bu da hər kəsə məlumdur.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, A.Kərimovun nazir işlədiyi dövrdə ən böyük qanunsuzluqlar regionlarda baş verib. A.Kərimovun “zəif damarı”nı tutan bəzi işbazlar Mədəniyyət Nazirliyinin regional strukturlarındakı yüksək vəzifələrə təyinatlar ala biliblər. Onlar arasında baytar, aqronom, mühasib, feldşer, hətta ginekoloq ixtisasına sahib olan şəxslərin də olduğu bildirilir.

Fazil Mustafa: “Müstəqillik dövrümüzdə ilk dəfədir ki, bu nazirliyə ciddi adam rəhbər təyin olunub”
Bəs vəzifəsindən azad olunanların hamısı qeyri-ixtisas sahibidirlər?
Vəzifəsindən azad edilənlər arasında teatr sektorunun müdiri Könül Cəfərova da var. Qeyd edək ki, Könül Cəfərova-Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sənətşünaslıq” fakültəsində teatrşünaslıq ixtisası üzrə bakalavr və magistr pilləsində təhsil alıb. 2010-cu ildən bu günə qədər AMEA Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsində kiçik elmi işçisi vəzifəsində çalışır, Teatr Xadimləri İttifaqının, Alternativ Teatr Araşdırmaları Mərkəzinin üzvüdür, 2012-ci ildən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin katibidir.
Könül Cəfərova  işdən azad olunmasının səbəbi ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib:
“Müqaviləm martın 1-də bitdi və müqaviləm bitəndə uzatmaq istəmədiyimi fevral ayinin əvvəlindən şöbə müdirinə bildirmişdim. Yəni müqaviləm bitdi və uzadilma barədə rəhbərliyə ərizə yazmadım”.
Xatırladaq ki, 2020-ci ilin may ayından bəri, yəni Əbülfəz Qarayevin mədəniyyət naziri vəzifəsindən azad olunmasından sonra qurum ətrafında müzakirələr, narazılıqlar, qalmaqallar səngimir. Ə.Qarayevdən sonra bu vəzifəyə keçmiş diplomat Anar Kərimov gəldi. Lakin onun vəzifədə fəaliyyəti cəmi 2 il çəkdi və ötən ilin dekabr ayının 22-də Prezidentin sərəncamı ilə  vəzifəsindən azad edildi. Onun hansı səbəbdən vəzifəsindən azad olunduğu haqda məlumat verilməsə də, fəaliyyəti dövründə ciddi qanun pozuntularına yol verildiyi ortaya çıxdı.  Külli miqdarda dövlət əmlakının mənimsənilməsi ilə bağlı nazirin sabiq birinci müavini Elnur Əliyev və qurumun bir neçə vəzifəli şəxsi DTX tərəfindən saxlanıldı. Onların vəzifə səlahiyyətlərindən sui-istifadə edərək milyonlarla manat dövlət əmlakını mənimsədiyi məlum oldu.
Bəs nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin kadr islahatları bir nəticə verə biləcəkmi? Musiqi, rəssamlıq, teatr, eləcə də tənəzzül dövrünü yaşayan milli kino sahəsində müsbətə doğru hansı yeniliklər ola bilər?
Mövzu ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa “Yeni Müsavat”a danışıb:
“Müstəqillik dövrümüzdə ilk dəfədir ki, Mədəniyyət Nazirliyinə ciddi adam təyin olunub. Elə bir adam ki, problemi bilir, bilməsə də onu araşdırmaq istəyən, öz vizyonu olan şəxs. Yəni onun bir neçə açıqlamasından  sonra bu qənaətə gəldim və ümid edirəm ki, qənaətim məni aldatmaz.
Hesab edirəm ki, problemləri həll etmək üçün təkcə kadr dəyişikliyi etmək yox, ümumiyyətlə, mədəniyyətin problemlərini anlamaq, insanları dinləmək, ayrı-ayrı sənət sahələrində olan nöqsanları görmək, bunun düzəldilməsi istiqamətində cəmiyyəti səfərbər etmək lazımdır. Yəni burada məsələlərə bütün cəmiyyətin iştirakı ilə baxılmalıdır. 
Hazırda mədəniyyət sahəsində təhsil, kitabla bağlı məsələlərdə problemlər var, kino sənətinin faciəli vəziyyətdə olmasını düşünən və burada  bir dəyişiklik etməyə çalışan zehniyyətə ehtiyac var  və sairə. Bunların hamısı böyük işlərdir və bir günə nəyinsə dəyişəcəyini gözləmək olmaz. Amma hər halda, bu istiqamətdə  artıq bütün imkanları səfərbər edib, bir şeyləri hər kəsin imkan tapdığı səviyyədə dəyişməyə  ehtiyac var. Ona görə də bütövlükdə bir konsepsiya  yenilənməsi vacibdir.
Qeyd etdiyim kimi, mədəniyyət ocaqlarının müəyyən  dərəcədə qorunması üçün cəmiyyətin  mədəniyyəti qorumağa səfərbər edilməsi vacibdir. Təsəvvür edin ki, biz tez-tez deyirik ki, dövlət mədəniyyət evini dağıtdı, kimlərsə satdı, özəlləşdirdi və sairə. Lakin 19-cu  əsrin ortalarında  Şəmkirə sürgün olunan almanların arxasında hansısa dövlət durmamışdı. Onlar  gələn kimi mədəniyyət evi tikdilər və onu qorudular. Bu gün hansı kənddə  insanlar mədəniyyət evi tikməyə, onu qorumağa zərurət gördülər? Böyük bir tələb oldu? Cəmiyyətin özünün mədəni inkişafa tələbatı olmalıdır, amma bu tələbat görünmür. Bunu məcburi şəkildə tikib verməklə olmur. İndi, məsələn, gənclər evi tikilib. Onun içərisini  doldura bilirlər? Ona görə də bütün bunlar olduqca ciddi, narahatedici məsələlərdir  və mədəniyyət sahəsində cəmiyyətin özünün bəlli bir standartlarını qaldırmağa ehtiyac var.
Şeyx Əbdül: “Bu müharibə deyil, xəyanətdir və şeytan əməlidir” – ÖZƏL |  KONKRET
Şeyx Əbdül: “Nazirə onunla görüşmək istədiyimi dedim, o isə nə məni saydı, nə də qəbul etdi... ”
Hesab edirəm ki, bu kimi məsələlərdə tamam fərqli bir yanaşma, yenilənmənin şahidi olacağıq".
Xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudov mövzu ilə bağlı qeyd edib:
“Adil Kərimlinin qeyd etdiyi həmin qeyri-peşəkar, sənətə, işə aidiyyəti  olmayan insanlar bütün nazirliklərdə, dövlət qurumlarında var. Lakin bu mədəniyyət elə bir sahədir ki, burada mütləq  sənəti, peşəni bilən adamlar işləməlidir. Notu bilməyən adam necə  musiqi sahəsində işləyə bilər? Və yaxud  teatrın aktyor, rejissorluq sənətini, dramaturgiyanı bilməyən adam teatra necə rəhbərlik edə bilər? Kinonun maddi-texniki bazasını, kino ideologiyasını bilməyən adam necə ora rəhbərlik edə biləcək?
Adil Kərimli təmizliyə başladı — 30-dan çox vəzifəli şəxs işdən çıxarıldı
Adil Kərimli
Məlum məsələdir ki, mədəniyyət naziri vəzifəsini icra edən Adil Kərimli böyük risk və cəsarət edərək bu cür ciddi kadr dəyişikliyi edir. Amma mənim üçün maraqlıdır, 41 min nəfər əməkdaşın, sadəcə, 7 faizinin yalnız mədəniyyət təhsili olduğunu deməsi hansı kriteriyalar əsasındadır? Bəs özü bu sahədə nə qədər peşəkardır ki, bu elmi, bu sahəni nə qədər bilir ki, birdən-birə bu cür dəyişikliklər edir, seçim aparır? Bu, şəxsən məni çaşdırır. Yəni çox sayda nazir, rəhbər görmüş adam kimi həmişə bu cür olayları görəndə səksəkə içərisində, narahat oluram. Çünki Polad Bülbüloğlundan üzü bəri mədəniyyət sahəsində bu cür məsələlər hər zaman olub, amma yenilikləri görməmişik.
Anar Kərimli nazir təyin olunanda ümidlərimiz çox idi və şəxsən mən ona 3 dəfə  rəsmi müraciət etdim, bildirdim ki, kino adamı kimi onunla görüşüb, bu sahədə işlər aparmaq istəyirəm. Yəni kinomuzun taleyi ilə bağlı söhbətlər aparmaq, ümumi məxrəcə  gəlmək üçün. Onda Anar Kərimli nə məni saydı, nə də qəbul etdi. Guya kinostudiyaya gəlməli idi,  gəlişinə iki gün qalmış vəzifəsindən azad edildi. Axırıncı gün zəng edib dedilər ki, görüşə çağırırıq səni, dedim ki, daha lazım deyil...
Bir sözlə, inanmıram ki, yeni  kadr dəyişikliyi Mədəniyyət Nazirliyində nəyisə dəyişə bilsin. On illərdir ki, belə görmüşük, belə də davam edəcək. Yenə də tanışlıqlar, qohumbazlıq öz işini görəcək. 2-3 ildən sonra yenə də məlum olacaq ki, it də gedib, ip də.
Yaxşı kadr əldə etmək üçün bir çox kriteriyalara əməl etmək lazımdır. Bütün böyük liderlərin dilindən eşitmişik ki, əslində hər şeyi kadr həll edir. Bizdə isə çox təəssüf ki, kadrların 80 faizi şəxsi tanışlıqlar, qohum-əqrəba münasibətləri üzərində formalaşıb".скачать dle 12.1