Bia.Az

Klassik erməni “məntiqi”: Zəngəzur dəhlizində post olar, amma eynisi Laçında yox?!

Siyasət
 28-02-2023, 12:34     243

İrəvan üç keçid məntəqəsi qurmaq qərarına gəlib və Qriqoriyan gözünün içinə qədər yalan danışır ki, guya sənəddə koridora nəzarətin FTX-yə verilməsi bəndi yoxdur; deputat: “Prezident dedi ki, hər iki tərəfdə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır, indi İrəvan siyasi spekulyasiyaya başlayır”

“Zəngəzur yolu ilə bağlı ekstraterritorial kontekst müzakirə edilməyəcək, bu bizim qırmızı xəttimizdir”. “Yeni Müsavat”ın xəbərinə görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Qriqoryan xatırladıb ki, Ermənistan hökuməti əvvəllər həmin yolda üç keçid məntəqəsinin yeri barədə qərar qəbul edib və hesab edir ki, kommunikasiyaların oradan açılması mümkündür. “Bakıdan reaksiya gözləyirik. Amma ekstraterritorial kontekst müzakirə olunmayacaq. Bu, Ermənistan üçün qırmızı xətdir. Əliyev özü də bu yaxınlarda etiraf etdi ki, noyabrın 9-dakı bəyanata görə, Ermənistan ərazisindən keçən dəhlizlə bağlı razılaşma yoxdur. Yəni bu, onun istəyidir. Lakin onun ritorikası proseslərə təsir etməyib və etməyəcək”, - Qriqoryan iddia edib.
Onun sözlərinə görə, məsələ ilə bağlı heç bir şifahi razılaşma yoxdur. “Ermənistan kommunikasiyaların açılmasında maraqlıdır və biz mexanizmlər təklif etmişik. Nə 9 noyabr bəyanatında, nə də Rusiya prezidentinin 10 noyabr fərmanında Ermənistanın FTX-nin nəzarəti altında olan yolu (Naxçıvandan Azərbaycanın qərb hissəsinə - red.) verməyi öhdəsinə götürdüyü deyilib. Bu yola Ermənistan nəzarət edəcək və FTX isə Ermənistan tərəfindən bu öhdəliyin yerinə yetirilməsinə nəzarət edəcək”, - deyə o əlavə edib. Qriqoryan, əlbəttə, həmişəki kimi yalan danışır. Özlərinə rəva bilmədiklərini sırtıqcasına bizə rəva görürlər. 
Məsələ ondadır ki, kapitulyasiya sənədinin 9-cu bəndində Zəngəzur dəhlizinə nəzarət Rusiya FTX-sinə həvalə edilib: “Bənd 9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”. Göründüyü kimi, Ermənistanın adı çəkilmir. Üstəlik, yol maneəsiz olmalıdır. Heç bir nəzarət-buraxılış məntəqəsi qoyula bilməz. Dəhliz məntiqi də budur. Əks halda, Azərbaycan da Laçın yolunun girişində eynisini qoyacaq. Onsuz da ən uzağı, Rusiya kontingenti Qarabağdan gedəndən sonra (2025) bunu edəcəyik. Yəni bu iki dəhliz eyni rejimdə fəaliyyət göstərəcək - ya maneəsiz, ya da yoxlama rejimi ilə...
Ümumiyyətlə, Ermənistan dəhlizin açılmaması üçün ürəklənib. Son bəyanatların ruhundan da belə demək mümkündür. İran və Fransanın bu məsələdə dəstəyi də Paşinyan komandasını həvəsləndirib. Əslində Ermənistan yolun açılmasına razıdır, amam bunun dəhliz statusu daşımasına qarşı çıxır. Digər tərəfdən, Fransa və Avropa Birliyi Ermənistanı tələsməməyə sövq edir. Məqsəd Rusiyanı Cənubi Qafqazdan çıxarmaq, sonra Zəngəzur koridoruna nəzarəti FTX deyil, fransız jandarmasının həyata keçirməsidir. Lakin bu, erməni xülyasıdır və yenə də mistik vədlərə inanırlar. Çünki Rusiya Ukrayna cəbhəsində hətta darmadağın olsa belə, kiçik Ermənistana bata biləcək təzyiq gücü qalacaq.
Elman Nəsirov: Son altı ay ərzində Azərbaycanın beynəlxalq mövqeləri daha  da möhkəmlənib - AZƏRTAC
Elman Nəsirov
Deputat Elman Nəsirovun “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistan üzdə sülh müqaviləsinə hazır olduğunu bildirir, Bakının təqdim etdiyi 5 bəndlik baza prinsipini araşdırır, sonra əlavələr edir, kəsəsi, fon yaradır ki, sülh prosesində maraqlıdır. Onun fikrincə, bu, aysberqin görünən hissəsidir, Ermənistan həm də o addımları atır ki, sülh sazişinin imzalanması uzansın və ya bunun reallaşmasına mane olsun: “Cənab Prezident Münhendə qeyd etdi ki, hər iki tərəfdə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu fikrinin ardınca indi İrəvan siyasi spekulyasiya etməyə başlayır. Həm görüntü yaradır ki, Ermənistan bu ideyaya qarşı deyil, eyni zamanda Zəngəzur dəhlizi boyunca üç nəzarət məntəqəsi yaratmaq qərarı, Rusiyann bu məsələlərdə formal olması kimi mövqe bildirilməkdədir. Ermənistanın Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi məsələsini tez-tez dilə gətirməsi də elə yekun sülh müqaviləsi olmamasına, bu işin düyünə düşməsinə hesablanmış addımlardır”.
E.Nəsirov bunun səbəblərinə gəlincə, dedi ki, Ermənistanda revanşizm güclüdür: “Paşinyanın hər addımı onun xəyanəti kimi dəyərləndirilir. Cəmiyyətdə rəy yaradılıb ki, Paşinyan antimilli mövqe tutub, kapitulyantdır və Azərbaycan qarşısında götürdüyü öhdəlikləri bir-bir yerinə yetirir. Belə bir ictimai rəy yaradılıb deyə Paşinyan sağa-sola baxaraq addımlar atmaqdadır. Amma tarixin öz labüd inkişaf yolu var və Ermənistan məcburdur ki, regionda təhlükəsizlik, əməkdaşlıq mühiti yaradacaq sülh müqaviləsi imzalasın. Bunun alternativi isə müharibədir ki, nəticə etibarı ilə Ermənistanın sonu ola bilər”.скачать dle 12.1