Bia.Az

Rusiyanın baş diplomatı qoltuğunda nə gətirir-şərhçilərin proqnozları:"Lavrova Bakıda deyiləcək ki...”

Siyasət
 27-02-2023, 12:59     244

Bu gün, fevralın 27-sində Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana iki günlük (27-28 fevral) səfərə gəlir.

Musavat.com-un məlumatına görə, səfərlə bağlı danışan Rusiya XİN-in rəsmisi Mariya Zaxarova bildirmişdi ki, ziyarət iki ölkə arasında 2022-ci il fevralın 22-də yüksək səviyyədə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümü münasibətilə həyata keçirilir.
Onun sözlərinə görə, Bakıda aparılacaq dialoq əsnasında ikitərəfli münasibətlərin bütöv bir kompleksi, aktual regional və beynəlxalq məsələlər müzakirə olunacaq, 2020-ci il noyabrın 9-da, 2021-ci il yanvarın 11-i və noyabrın 26-da, habelə 2022-ci il oktyabrın 31-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsi vəziyyətinə xüsusi diqqət yetiriləcək. O, həmçinin vurğulayıb ki, bu sənədlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının çox mühüm elementləridir və Cənubi Qafqazın sülh, sabitlik və tərəqqi zonasına çevrilməsinə kömək etməlidir.

Səfərin ikinci günündə Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının birinci ildönümünə həsr olunmuş plenar iclasında çıxış edəcək. Səfərlə bağlı danışan Azərbaycan XİN başçısı Ceyhun Bayramov Xocalı soyqırımının ildönümü günü qısaca bunu bildirib: “Müəyyən məsələlər var ki, onları vaxtaşırı müzakirə etmək lazımdır. Bu görüş yaxşı fürsət olacaq. Görüşlər zamanı həm ikitərəfli münasibətlər, həm də regional məsələlər müzakirə mövzusu olacaq”.

Azərbaycan Prezidenti tərəfindən qəbul ediləcək Rusiya baş diplomatının Bakı səfəri həm də kollektiv Qərbin, özəlliklə onun aparıcı dövləti ABŞ-ın Azərbaycan-Ermənistan danışıqlarında diplomatik aktivlik göstərdiyi dönəmə təsadüf edir. Belə ki, cəmi bir həftə öncə - fevralın 18-də Münhendə dövlət katibi E.Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri – İlham Əliyev və Nikol Paşinyan bir araya gəliblər – hər hansı ortaq sənəd qəbul olunmasa da... Bundan az sonra isə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, tezliklə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında görüş gözlənilir.

Qeyd edib ki, son bir neçə ay ərzində Azərbaycan və Ermənistan danışıqlarda mühüm irəliləyiş əldə edib: “Bu, tərəflərin işə qarışmasının nəticəsidir. İkitərəfli əməkdaşlığın, ABŞ ilə üçtərəfli əməkdaşlığın, eləcə də Aİ-nin diplomatiyasında apardığı işin nəticəsidir və tərəflərin yaxın günlərdə Brüsseldə təşkil etdiyi danışıqlarda görüşəcəyinə ümid etdiyimiz prosesdir”.

 Bəllidir ki, Rusiya Qərbin bu cür patronajlığına çox qısqanc yanaşır və bunu hətta özünün regiondan sıxışdırmaq cəhdi kimi qiymətləndirir. Hərçənd Kreml indiyədək tərəflərə, xüsusən də Bakıya ağlabatan, obyektiv sülh sənədi variantı təklif etməyib. Daha doğrusu edib, onu da rəsmi Bakı rədd edib, çünki Rusiya sülh müqaviləsinə “Dağlıq Qarabağın statusu sonraya saxlanılır” təxribatçı bəndini salmağa çalışıb. Bəs bu dəfə hansı təklif(lər) olacaq? Lavrov qovluğunda nə gətirir Bakıya? Belə fikir var ki, Rusiya Qərbdən fərqli olaraq, ümumiyyətlə, Azərbaycan-Ermənistan barışığında maraqlı deyil. Onu da yada salaq ki, Lavrovdan az öncə Rusiya XİN-in Azərbaycan və Ermənistan arasında danışıqlar üzrə xüsusi nümayəndəsi İqor Xovayev bu ay həm Bakıya, həm də İrəvanda olub.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, plitoloq Elxan Şahinoğlu Musavat.com-a bildirdi ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri iki ölkə arasında “müttəfiqlik sazişinin” imzalanmasının bir illiyi ilə bağlıdır: “Həmin saziş fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentlər arasında imzalanmışdı. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariyz Zaxarova bir neçə gün əvvəl keçirdiyi brifinqdə həmin sazişi tarixi sənəd kimi qiymətləndirmişdi. Mariya Zaxarovanın sözlərinə görə, bu sənəddə ölkələr arasındakı münasibətlərin yeni keyfiyyəti qeyd olunub. Rusiya Azərbaycanın müttəfiqi və strateji tərəfdaşı deyil. Çünki Rusiya erməni separatizminə dəstək verir. Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə imzaladığı sazişin 43 bənddən ibarətdir. Vladimir Putin sazişi imzalanmadan əvvəl İlham Əliyevlə dedi ki, onun Rusiya imperiyasının bərpa etmək istəyi yoxdur və o bu xəbərləri təkzib etdi. Putin bunları İlham Əliyevlə ona görə dedi ki, Rusiyanın Azərbaycanla imzaladığı sənəd imperiyanın bərpası demək deyildi. Putin bildirdi ki, Rusiyanın Azərbaycanla imzaladığı “müttəfiqlik haqqında bəyannamə” iki ölkə arasında münasibətlərdə yeni mərhələ olacaq”.

E.Şahinoğlu qeyd etdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazandı, Ermənistanın işğalına son qoydu: “Azərbaycan və Türkiyə 2021-ci ildə “Şuşa Bəyannaməsi”ni imzaladılar. Bu, İlham Əliyevin də dediyi kimi, iki ölkə arasındakı strateji müttəfiqliyin rəsmiləşdirilməsi idi. Türkiyənin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda mövcudluğunu böyük dövlətlər, o cümlədən Rusiya qəbul etdi. Buna baxmayaraq, Kreml “Şuşa bəyannaməsindən” narahat idi və Bakının Moskva ilə oxşar bəyanat imzalamasını istəyirdi. Rəsmi Bakının Türkiyədən sonra Rusiya ilə “müttəfiqlik bəyanatının” imzalamaqla Qarabağda yerdə qalan problemlərin həllini sürətləndirmək istəyirdi”.

Analitik xatırlatdı ki, Kreml, o cümlədən Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov baş nazir Nikol Paşinyanın siyasətindən narazıdırlar: “Onu cəzalandırmağın yollarını axtarırlar. Bu, bizim manevr imkanlarımızı artırır. Fikrimcə, Lavrova Bakıda deyiləcək ki, Laçın yolunun qurtaracağında Azərbaycanın sərhəd və gömrük xidmətinin yaradılması zəruridir. Lavrova iki ildən sonra Rusiya hərbi kontingentinin Qarabağ tərk edilməsiylə bağlı mövqe də çatdırılacaq. Əgər Kreml Azərbaycanla tərəfdaşlıq münasibətlərini davam etdirməkdə israrlıdırsa rəsmi Bakının istəklərinə əngəl olmamalıdır”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov isə Musavat.com-a bildirdi ki, Rusiya prosesdə öncül rol almaq istəyir: “Məsələ odur ki, ABŞ və Avropa İttifaqının məsələdə aktivliyi rəsmi Moskvanı əsla qane etmir. Ona görə də Rusiya regionda müxtəlif manevrlər edərək vasitəçilik üçün mövcudluğunu saxlayır”.

 T.İsmayılov hesab edir ki, Lavrov Bakıya iki məqsədlə gəlir: “Birinci, rəsmi Moskvanın son dövrlər məsələdə sönük görünməsini pərdələmək; ikinci, Rusiya mərkəzli növbəti görüşün keçirilməsini dəqiqləşdirmək. Xovayevin də son dövrlər fəallaşması bu reallıqla əlaqədardır. Rusiya özəlliklə Ukrayna savaşından sonra dominant olmağa çalışdığı bölgələrdən sıxışdırılır. Ermənistan vasitəsiylə Rusiyaya qarşı oyun qurulduğunun fərqindədir”.

STM əməkdaşının sözlərinə görə, Lavrovun hazırkı səfərinin bizim üçün vacib əhəmiyyəti var. Amma düşünmür ki, bu səfər Ermənistanla sülhün imzalanmasına, yaxud Laçın yolunda post qurmağımıza səbəb ola bilər: “Düşünmürəm ki, səfərdə Ermənistanla saziş məsələsi reallaşsın. Çünki bu, indiki məqamda Rusiyanın geopolitik çıxarlarına cavab vermir. Amma Azərbaycanın Laçında post quraşdırmaq tələbi Qərbdən dəstəklənsə də, Rusiyadan rəğbət görmür məncə. İstənilən halda bu səfərdə mədənlərdə qanunsuz istismarın dayandırılmasının nəticələrini görə biləcəyik”.
Şərhçilərimiz kifayət qədər maraqlı detallara toxunublar. Rusiyanın baş diplomatının səfərinə isə çox az vaxt qaldı. Təbii ki, iki günlük səfərin proqramı və müzakirə mövzuları tam şəkildə ictimaiyyətə açıq olmayacaq.

Lakin əminik ki, dövlətimizin maraqları görüşlərdə öndə olacaq. Xüsusən S.Lavrovun bir müddət əvvəl Ermənistanın vaxtilə Azərbaycan ərazilərini işğal etməsi faktını ilk dəfə dilə gətirməsi və bununla erməni revanşistləri dəli olmaq həddinə gətirməsi yeni situasiyadan xəbər verir. Gözləyək...скачать dle 12.1