Bia.Az

Bakı ilk dəfə işarə etdi: Xankəndiyə kim gəlir?

Gündəm
 23-02-2023, 14:51     270

Şuşa yolunda aksiya 74 gündür davam edir və artıq bir müddətdir ki, bu təşəbbüsün Azərbaycana qarşı beynəlxalq təzyiqə səbəb olduğu haqda sosial şəbəkələrin Azərbaycan seqmentində bəzi bloger və müxaliflərin səsi daha gur eşidilməyə başlayıb.

Əsas ittiham istiqamətləri budur: əgər “rus layihəsi” Vardanyan və yaxud digər separatçı-terrorçular istədiyi vaxt Xankəndidən çıxıb, geri qayıdırlarsa; əgər bu aksiya Azərbaycana qarşı ayrı-ayrı dövlətlərin çağırışlarına səbəb olursa; əgər Azərbaycandan “blokada”nın götürülməsi tələb edilirsə... – onda bu aksiya ölkəmizə ancaq ziyan vurub, onun beynəlxalq imicini korlayıb və s. və i.a.
Getdikcə bu təbliğata inananların da sayı artır – artıq vaxtaşırı olaraq “daha o insanlar şaxtada niyə orda durublar” kimi ittihamlar səslənir.
Bəs, həqiqət nədir?
Şuşa yolunda “ekofəalların etirazı” kimi ümumiləşdirdiyimiz aksiyanın başlanma vaxtını xatırlayın: İran Qafanda tələsik, hələ təmiri tamamlanmamış konsulluğu açır (21 oktyabr 2022) və SEPAH-ı bu adla bölgəyə yerləşdirir; Ermənistana külli miqdarda raketlər bağışlayır – məhz bağışlayır, hədiyyə edir; Xankəndiyə iranlı mütəxəssislər gəlir; “Ermənistanın ərazi bütövlüyü qırmızı xəttimizdir”i uca səslə elan edir; “rus layihəsi” daha aktiv formada işləyir – Vardanyan Azərbaycanın təbii sərvətlərini talayıb, həmin vəsaitlə rus sülhməramlı kontingenti ələ alır, var-dövlətini artırır və Azərbaycanın yataqlarından qazandığı milyonların bir hissəsini xərcləməklə nümayişlər təşkil edir, nüfuzunu artırır, Ermənistanda kampaniya aparır, erməni gənclərə Xankəndiyə gəlmək və təbliğata qoşulmaq üçün pul paylayır – deməli, Ermənistanda da “böyüyür”...
Ad-soyadları, pasport seriyaları belə bəlli olan 27 iranlının Xankəndidə erməni qanunsuz silahlı birləşmələrinə hansı təlimi keçdiyi açıqlanmasa da, qeyri-rəsmi olaraq İranın Ermənistanla bərabər, Xankəndidəki terrorçulara da PUA-lar verdiyi haqda məlumatlar yayılır və ehtimal edilir ki, iranlı mütəxəssislər “Şahid”-“Mühacir”lərdən istifadəni öyrətmək üçün Qarabağa yerləşiblər (“Şahid”lərin heç də zəif olmadığını isə Ukrayna savaşı göstərdi).
Başqa sözlə, Azərbaycanın öz var-dövləti ilə özünə qarşı böyük bir proses gedirdi və bunu az qala hər gün media tirajlayırdı.
Şuşa yaxınlığında, Laçın-Xankəndi yolunda başlayan aksiya ilə:
- ilk olaraq Azərbaycan sərvətlərinin daşınmasının qarşısını alındı;
- Xankəndiyə Ermənistandan və İrandan silah-sursatın, PUA-ların gətirilməsi dayandırıldı;
- İranlı mütəxəssislərin təlim üçün Xankəndiyə girişi bağlandı;
- Ermənistan silahlı qüvvələrinin hərbçilərinin Azərbaycanın suveren ərazisinə istədikləri vaxt gəlib-getmək imkanları əlindən alındı;
- Ermənistanın “Qarabağda xidmət edəcək muzdlu” axtarışı “hədəfsiz” qaldı;
- Qarabağın erməni icması ilk dəfə olaraq torpağın əsl sahibinin kim olduğunu bir daha öz həyatlarında hiss etdi.
2022-ci ilin reallıqları tamamilə fərqlidir: dünyanın geosiyasi reallıqlarına Ukrayna savaşı əhəmiyyətli dərəcədə təsir edir, bölgədə qüvvələr nisbəti dəyişir və Azərbaycan “Avropa meyarlarına” uyğun elə bir taktika seçdi ki, bunu yalnız arzulamaq olardı.
Bu, Ermənistan və Ermənistana arxa olan bəzi Qərb qurumlarına “güzgülü cavab”dır: Ermənistan Azərbaycanla sərhədə “mülki” adı ilə hərbi missiya yerləşdirir – Azərbaycan da “mülki aksiya” ilə Laçın yolunu tam nəzarətə götürür;
Ermənistan İran və Fransanın dəstəyini alıb, Zəngəzur dəhlizi ilə bağlı öhdəliyindən imtina edərək, Qarabağda yeni işğal ssenarisini fərqli müstəvidə aparmaq istəyir – ona qarşı öz üsulları ilə “blok” qoyulur: fransızların, iranlıların Qarabağa sızmasının qarşısı alınır, hərbi-siyasi oyunlara “mülki” zərbə vurulur...
Bu aksiyanın Ermənistanın əlində fakta çevrilməsi və Azərbaycana qarşı təzyiqə gəlincə: guya nə vaxt Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə qalxanda təzyiqlərlə üzləşməyib ki? Yoxsa öz torpağımızın azadlığı uğrunda 44 günlük savaşda dəstək almışıq və heç bir təzyiq olmayıb?
Hər zaman regiona girmək istəyən ölkələr Azərbaycana təzyiq üçün erməniləri vasitə edib, edir və edəcək; Azərbaycan milli maraqları və ərazi bütövlüyü üçün istənilən cəhdində əks-reaksiya ilə üzləşib və üzləşəcək. Əsas olan mövcud reallıqlara uyğun addımlar atmaq və ən unikal formalar tapmaqdır.
İranın Qarabağa sürətli sızması 2022-ci ilin sentyabrında pik nöqtəsinə çatmışdı, 27 noyabrda isə biz iranlı emissarların Xankəndidə nələr etdiyini yalnız təxmin edirdik.
Azərbaycan bu barədə faktları ictimailəşdirdimi?
Əlbəttə - sentyabrdan başlayaraq, bütün faktlar ictimailəşdi, beynəlxalq qurumlara təqdim edildi, hər kəsin diqqətinə çatdırıldı.
Nəticə olmadı, heç bir reaksiya verilmədi, İrana çağırış edən də tapılmadı!
Həmin ərəfədə hər kəs gözünü Ordumuza dikmişdi: Ordumuz 12-14 sentyabrda sözünü dedi, mövqeləri də götürdü – ancaq bundan artığı mümkün deyildi, xüsusən Ukrayna müharibəsi fonunda...
Əgər Azərbaycan Ordusu bu oyunu pozmaq, Azərbaycanın ərazi bütövlüyünə qəsdin qarşısını almaq üçün hərəkətə keçsə və Laçın yoluna çıxsaydı...
Bəli, elə Ermənistan da, Fransa da, İran da məhz bunu gözləyirdi. Ordumuzun hərəkətə keçməsi ilə necə bir kampaniya başlayacağını təsəvvür etmək çətin deyil.
Təbliğat üçün hazırlıqlar aparılmışdı, Azərbaycanın gücə əl atacağı haqda Makron səviyyəsində elan da verilmişdi, bunun “Rusiyanın planı olduğu” iddiası da tirajlanmışdı. Məqsəd Azərbaycanı gücə əl atmağa məcbur edib, bunu Rusiyanın ayağına bağlayıb, Kremlə qarşı basqıları Azərbaycana da yönəltmək idi.
Məhz bu anda bütün məkrli planları darmadağın edən dinc, həm də bütün dünya üçün həssas sayılan ekoaksiya ortaya çıxdı.
Bunu isə təkcə ermənilər və onlara dəstək verənlər deyil, heç Azərbaycanda da heç kəs gözləmirdi!
Olduqca mükəmməl, unikal, düşmənin bütün planlarını qansız-qadasız qarşılayan heyrətamiz addım idi.
Azərbaycan “mülki missiya” ilə Laçın dəhlizinə nəzarəti tam əlinə aldı!
Yalnız bu addımdan sonra İran susdu: nə silah göndərə bilir, nə mütəxəssis, nə də Azərbaycana qarşı hər gün bəyanat verir!
Bu addımdan sonra Makron da aqressiv ritorikasını dayandırdı!
İndi yalnız siyasilər və mülki şəxslər aksiya ərazisindən rahatlıqla keçir.
Necə keçir və yaxud necə keçə bilir?
Bu sualın cavabını da Azərbaycan bu gün (!) açıqladı. Az öncə Beynəlxalq Qırmızı Xaç Komitəsinin 6 maşınının aksiya ərazisində keçməsi barədə xəbərdə ilk dəfə olaraq “maşınlarda erməni əsilli insanlar da vardı” cümləsindən istifadə edildi.
Yəni:
- biz bilirik o maşınlarda kimlər gedir, kimlər gəlir;
- biz o insanların gedib-gəlməsinə özümüz şərait yaradırıq.
Çünki humanitar məqsədlər, mülkilərin gediş-gəlişi üçün yol açıqdır və bunu ilk gündən elan edib Azərbaycan!
Bakı mülki missiyanın başa çatması üçün Laçın yolunda nəzarət məntəqəsinin qurulmasını tələb edir;
Bakı Zəngəzur dəhlizi ilə paralelləri Ermənistanın qarşısına qoyur.
Ya bu təkliflər qəbul ediləcək, ya da AB-nin Azərbaycanla sərhədə gələn “mülki missiyası” kimi, ekofəalların “mülki nəzarət” funksiyası da ən azı 2025-ci ilə qədər davam edəcək.
İndi Azərbaycan “qoymayın, Xankəndidə terrorçular silahlanır, ölkəmizə təhlükə var” təbliğatı aparıb, yardım istəmir – o yardımın gəlməyəcəyinə hər birimiz adımız kimi əmin idik!
İndi Azərbaycan “humanitar məqsədlər üçün yol açıqdır, gəlin, baxın” deyir!
Heç kim “mülki missiyaya” qarşı aqressiv davranış sərgiləyə bilmir; Hətta Haaqa Məhkəməsi də Ermənistanın “qeyd-şərtsiz Laçın yolu açılmalıdır” tələbini rədd etdi, Azərbaycana isə humanitar dəhlizi təmin etmək öhdəliyi qoydu.
Zatən humanitar dəhliz açıqdır – kimin gediş-gəlişinə mane oluruq ki!
Bəs, Ordumuz Laçın yoluna çıxsa, Haaqa Məhkəməsinin qərarı necə olacaqdı? Yaxud Makronun səsi necə gələcəkdi? Yaxud Azərbaycan sərhədinə 15 polis göndərən Almaniya necə davranacaqdı?
Gördünüzmü ki, Əliyev nəyi nə vaxt və necə etməyi mükəmməl bilir...скачать dle 12.1