Arxiv

Oxunub:152 / 20 fev 09:42sosial, bolge

Ağdamlı ana Mehriban Əliyevadan imdad dilədi - "Sanki əfv siyasəti kimlərinsə inhisarındadır"



Ağdamlı ana Mehriban Əliyevadan imdad dilədi - "Sanki əfv siyasəti kimlərinsə inhisarındadır"














Ağdam rayonu, Xıdırlı kəndində doğulan 65 yaşlı Behbudova Xatirə Şəkəralı qızı Azərbaycan Respublikasının 1-ci Vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlyıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə məcburi köçkün həyatı yaşayan X.Behbudova ağır xəstəlik keçirdiyini bildirir və hazırda həbsdə olan oğlunun əfv olunması üçün Mehriban xanım Əliyevadan imdad diləyir.

Müraciətdə deyilir: "Hörmətli, Mehriban xanım! Siz bir ana kimi mənim hansı hissləri keçirdiyimi gözəl anlayarsınız. Oğlum Behbudov Fuad Natiq oğlu Xətai rayon Məhkəməsinin 29.09.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Səbəbi bir neçə ağacın ev tikmək məqsədilə kəsilməsidir. Artıq dövlətə dəyən ziyan da ödənilib. Amma yenə də mən ananın gözləri yoldadır. Mən Sizdən bir ana, torpaqlarını itirmiş və indi də övlad həsrətilə yaşayan bir ana kimi oğlumun əfv olunmasına kömək etməniz üçün xahiş edirəm.

Sizin xeyirxahlığınız təkcə Azərbaycanda deyil, dünyada da dillər əzbəridir. Mən də bir əlacsız ana kimi Sizə, Sizin böyüklüyünüzə sığınıram. Mənim balamın azadlığa çıxmasına köməklik edin. Bu yaxşılığınızı heç bir zaman unutmayacağıq".

Hazırda ağır yataq xəstəsi olduğunu bildirən Xatirə Behbudova müraciətinin sonunda 16 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin onun övladının əfv ərizəsini qəbul etmədiyini də vurğulayıb: "Sanki hörmətli prezidentimizin əfv siyasəti kimlərinsə inhisarındadır. Mən bu işdə də Mehriban xanımın və prezidentimiz İlham Əliyevin böyüklüyünə və ədalətinə sığınıram".

Dia.az xatırladır ki, müraciət müəllifinin həbsdə olan övladı Faiq Behbudov ayrı-ayrı dövlət nümayənədələrinə də artıq müraciət edib. Həmin müraciətlərin sonuncusu ilə buradan tanış ola bilərsiniz: http://www.dia.az/8/169204-mehbes-heyati-yashayan-mecburi-kochkun-ramiz-mehdiyeve-ve-qachqinkom-rehberine-muraciet-etdi.html