Bia.Az

İcra başçılarının gül balaları vəzifə və biznes, daha nələr?

Cəmiyyət
 20-02-2023, 13:44     195

Əksər icra başçılarının övladları ya biznesmen fəaliyyəti ilə məşğul olur, ya da müxtəlif dövlət qurumlarında yüksək vəzifələrdə çalışırlar. 

BİA.az xəbər verir ki, Qaynarinfo mövzunun aktuallığını nəzərə alaraq, paytaxt rayonlarının icra başçılarının övladları ilə bağlı araşdırma aparıb.


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun 2 övladı var. Qızı Banuçiçək Əzizova Səbail rayonunda yerləşən 157 nömrəli uşaq bağçasının müdiridir. Oğlu Şamil Əzizov bu yaxınlarda Heydər Əliyev Mərkəzinin direktorunun köməkçisi vəzifəsinə təyin edilib. Bakı merinin kürəkəni Anar Tağıyev isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısıdır.

Şamil Əzizov
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun iki övladı var. Oğlu İlham Əsgərlinin bizneslə məşğul olduğu deyilir. Onun adı bir sıra qalmaqallarda da hallanıb.
Binəqədinin icra başçısı Elxan Allahverdiyevin övladının bank sektorunda çalışdığı deyilir. Onun qardaşı Rövşən Allahverdiyev “Kapital Bank”ın İdarə Heyətinin sədridir.

“ASKORP” MMC
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun iki övladı var. Oğlu, 1994-cü il təvəllüdlü Elvin Mikayılov bizneslə məşğuldur. Onun adına bir sıra şirkətlər mövcuddur. Əsas şirkəti isə “ASKORP” Məhdud Məsuliyyətli Cəmiyətidir. MMC kərpic, daş, çınqıl istehsalı ilə məşğuldur. Elvin Mikayılovun “Gilan Holding”in də bir çox işlərinə rəhbərlik etdiyi deyilir.

Elvin Mikayılov
2013-cü ildən Pirallahı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutan Vasif İmanov da böyük biznes obyektlərinə sahibdir. Onun 3 övladı var. İki övladı dövlət qurumlarında çalışır, bir övladı isə biznesmendir. 2021-ci ildə Vasif İmanovun Ədliyyə Nazirliyində çalışan oğlu Turan Həsənzadə içkili vəziyyətdə qəza törətməsi ilə gündəmə gəlib. İcra başçısının oğlu “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun qızı ilə evlidir.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev biznes sahəsindən icra başçısı vəzifəsinə gələn şəxs olaraq tanınır. İcra başçısı böyük biznes obyektlərinə sahibdir. 2003-2012-ci illər ərzində özünün təsis etdiyi “Euro Style” LTD şirkətinin rəhbəri olub. Bu vəzifəsindən sonra icra başçısı postuna gəlib. Hazırda Adil Vəliyevin biznesini oğlu Ənvər Ənvərli (Ənvər Vəliyev) idarə edir. O, “Efendiler Group”un sahibi kimi tanınır.

Ənvər Ənvərli
“Efendiler Group” 1997-ci ildən fəaliyyət göstərən şirkətlər qrupudur. Qrupa avtomobil, tikinti və restoran sahələrində çalışan tanınmış şirkətlər daxildir. Avtomobil sahəsində qrup “Porsche”, “Audi”, “Geely” və “Chery” kimi avtoistehsalçıların distribütor şirkətləri və “Euro Style” texniki servis mərkəzi, tikinti sektorunda Bakıxanov Rezidens Komplekslər Qrupu, restoran sektorunda isə “Cafe Cayenne” ilə təmsil olunur.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevin, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevin, Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun hər birinin iki övladı var. Onlar digər həmkarlarından yaşlarına görə gənc və vəzifələrinə görə yeni sayılırlar.скачать dle 12.1