Bia.Az

REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFI NİYƏ LƏNGİYİR? – “Diqqəti bölgələrdə dayanıqlı iş yerlərinin açılmasına yönəltməliyik”

İqtisadiyyat
 19-02-2023, 16:17     534

Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmək üçün regionlararası tarazlığın qorunub-saxlanması olduqca vacibdir. Çünki regionların sosial-iqtisadi göstəriciləri, həm də onların ölkə iqtisadiyyatının inkişafındakı payını göstərir.

Regionların sosial-iqtisadi inkişafı dedikdə regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə etmək, kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin rifah səviyyəsini yaxşılaşdırmaq kimi komponentlər nəzərdə tutulur.
Son illər bu sahədə bir sıra dövlət proqramları həyata keçirilsə də, sovet dönəmində qalan ənənələr, müstəqillikdən sonrakı mərhələdə iqtisadiyyatda yaranan böhran, müasir dövrdə isə bölgələrdəki idarəetmə orqanlarının fəaliyyətsizliyi nəticəsində bu tarazlıq pozulub. Hazırda ölkə iqtisadiyyatındakı qütbləşmə hələ də davam edir. Bu gün ölkə sosial-iqtisadi inkişaf səviyyəsinə görə, bir-birindən tamamilə fərqlənən iki qütbə bölünüb.
Bir qütbdə coğrafi baxımdan ölkə ərazisinin 5 faizini təşkil edən, lakin ölkənin iqtisadi potensialının ən azı 70-75 faizinə sahib olan Bakı və Abşeron yarımadası, digər qütbdə isə ölkə coğrafiyasının 95 faizini əhatə edən, amma ölkə iqtisadiyyatında cəmi 25-30 faiz payı olan əyalətlər dayanır.
Bəs iqtisadiyyatın bu cür inkişafının səbəbi nədir və bu, gəlcəkdə hansı problemlərin yaranmasına səbəb ola bilər?

Bu mövzuyla bağlı iqtisadçı ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, sənaye potensialının əsas hissəsinin Bakı şəhərində və Abşeron yarımadasında cəmləşməsinin səbəbi neft-qaz ehtiyatlarıyla bağlıdır:“Bildiyiniz kimi, XIX əsrdən etibarən Bakı şəhərində neft çıxarılır. Neft sənayesinin bu bölgədə qurulması, təbii olaraq yan sahələrin də sənayeləşməsinə səbəb oldu. Yəni, burada məqsədyönlü bir amil yoxdur. Ölkənin ixracatının əsas hissəsi buradan gedir və təbii olaraq iş yerləri və universitetlər də bu bölgədə açılır”.
“Əsas problem ondan ibatətdir ki, bölgələrdə iş yerlərinin olmaması gənclərin Bakıya və xarici ölkələrə getməsinə səbəb olur. Bu isə öz növbəsində həmin ərazilərdə məskunlaşmaya və miqrasiya məsələlərinə mənfi təsir göstərir. Həmçinin bölgələrdəki əhalinin orta yaş göstəricisi də yüksəlir və nəticədə demoqrafik problemlər ortaya çıxır. Hazırda Bakı və Abşeron yarımadasının çox sürətlə inkişaf etdiyini demək də yalnışdır. Çünki paytaxtda insanların orta aylıq əməkhaqları İnkişaf Etmiş Ölkələrlə müqayisədə çox aşağıdır. Hazırda işsizlik problemi Bakıda və Abşeron yarımadasında da var”,-deyə ekspert bildirib.
X. Kərimli qeyd edir ki, regionların inkişaf proqramıyla bağlı müəyyən tədbirlər həyata keçirilsə də, hələlik ciddi bir irəliləyiş yoxdur: “Bu məsələyə bir növ sovet düşüncəsi ilə yanaşıblar. Məsələn, regionları inkişaf etdirmək üçün parklar, muzeylər, diaqnostika mərkəzləri, olimpiya mərkəzləri tikilir. Amma nəticə etibarilə onlar ixrac yönümlü müəssisə olmadığına görə, daima dövlətdən dotasiya gözləyən bir obyektə çevirilirlər. Yəni, muzey açılır hökumət dövlət büdcəsindən ora pul xərcləməlidir ki, bu obyekti saxlamaq mümkün olsun. Bir sözlə, məsələni həlli etmək istəyiriksə, əsas diqqətimizi bölgələrdə dayanıqlı iş yerlərinin açılmasına yönəltməliyik”.
“Süni şəkildə hansısa sənaye müəssisələrinin Bakıdan kənarda yerləşdirilməsi ilə regional inkişafa nail ola bilmərik. Bu, doğru yol deyil. Proses təbii şəkildə olmalıdır. Hər halda hökumətin əlində təsir rıçaqları var. Düşünürəm ki, problemin həlli üçün rəqabət mühitini yaxşılaşdırmaq və bütün insanların kapitala çıxışını təmin etmək üçün müəyyən tədbirlər həyata keçirmək laızmdır”- deyə, ekspert qeyd edib.

Elvin
“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda hazırlanmışdır.скачать dle 12.1